“İslam həmrəyliyi – zamanın çağırışı”dır

522

Mingəçevir Gənclər Evində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Yevlax bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Mingəçevir şəhər Gənclər və İdman İdarəsinin “İslam həmrəyliyi – zamanın çağırışı” mövzusunda tədbir keçirilib. Tədbirdə DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşı Əlisa Fərəcov, Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Sahib Əliyev, Dövlət Təhlükəsizliyi Xidmətinin Mingəçevir şəhər şöbəsinin əməkdaşları – Camal İsayev və Vasif Hüseynov, Mingəçevir şəhər Gənclər və İdman İdarəsinin rəisi Kamal Nəcəfli, Mingəçevir şəhərində yerləşən məscidlərin axund və imamları, dini icma üzvləri, eləcə də Gənclər Evinin kollektivi iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Mingəçevir şəhər Gənclər və İdman İdarəsinin rəisi Kamal Nəcəfli vurğulayıb ki, bu gün dünyada islamofobiyanın baş alıb getdiyi bir dövrdə Azərbaycan dövlətinin müdrikliklə 2017-ci ili Azərbaycanda “İslam Həmrəyliyi İli” elan etməsi hər kəsə verilən bir mesaj rolunu oynayır.

Tədbirdə “İslam həmrəyliyi: müasir çağırışlar və dini maarifləndirmə” mövzusunda çıxış edən DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşı Əlisa Fərəcov Azərbaycanda İslam dininin humanist və insani dəyərlərlə zəngin olan din olduğunu diqqətə çatdıraraq dinimizin olduğu kimi gənclər arasında təbliğ olunmasının zəruriliyindən bəhs edib. Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Sahib Əliyev “İslam həmrəyliyi insanları barışa səsləyir”,  Mingəçevir şəhər “Heydər” məscidinin imam naibi Müşfiq Nəcəfov “İslam həmrəyliyi din və məzhəb ayrı-seçkiliyinə qarşı” mövzularında çıxışlar ediblər. Çıxışlar ətrafında müzakirələr zamanı “Heydər” məscidinin axund müavini Bəhruz Əhmədov və “Cümə” məscidinin imamı Vüsal Abdullayev fəaliyyət göstərdikləri məscidlərdə məzhəblərarası tolerantlığın mövcud olduğunu bildirərək bu cür maarifləndirmə tədbirlərinin keçirilməsini gənclərin tərbiyəsində mühüm rol oynadığını qeyd ediblər.

Esmira Hidayətova