“İşlədiyi sahə ixtisası ilə üst-üstə düşərsə…”

0
544

İnsan həyatının ən gözəl, yaddaqalan, qayğısız illəri tələbəlik illəridir. Tələbə adını qazanmaq üçün çalışan bəzi gənclər bu adı qazandıqdan sonra maddi çətinliklərlə üzləşirlər. Bu kimi hallar əsasən təhsil almaq üçün rayonlardan Bakıya gələn gənclərdə müşahidə olunur. Kirayə pulunu ödəmək, gündəlik qida tələbatını qarşılamaq məqsədilə bu gün həm oxuyub, həm işləyən tələbələrin sayı az deyil. Təbii ki, hər bir tələbə istəyər ki, universiteti bitirib istədiyi sahədə işləsin. Ancaq tələbə vaxtı işləmək – səhər dərsə, axşam işə getmək o qədər də asan iş deyil. Bəs, görəsən, bunun tələbənin iş həyatına formalaşmasına nə kimi təsirləri var? Müsbət, yoxsa mənfi? Bütün bu suallarımızı Qafqaz Universitetinin İş dünyası ilə əlaqələr üzrə prorektoru, dosent Təyyar Mustafayev cavablandırdı.

“Tələbələrin iş həyatına tez bir

zamanda uyğunlaşması üçün

onları məzun olmazdan əvvəl iş

dünyası ilə tanış etmək lazımdır”

“Tələbə əgər dərslərində müvəffəqiyyət qazanarsa, işlədiyi sahə onun ixtisası ilə üst-üstə düşərsə, işləyə bilər. Bu, onun gələcəkdəki iş həyatına da müsbət təsir edir”,-deyə qeyd edən T. Mustafayev bildirdi ki, biz Qafqaz Universiteti olaraq tələbələrin III və IV kursda təcrübə keçmələrinə, hər hansı bir iş sahəsinə yönəlməsinə çox müsbət yanaşırıq: “Bunun üçün əlimizdən gələni edirik. Qafqaz Universitetində iş dünyası üzrə prorektorluğun tərkibində Karyera Planlama Mərkəzi var. Tələbənin təhsil aldığı ixtisas üzrə iş həyatındakı mühiti, oradakı iş şərtlərini, işçilər arasındakı münasibəti, işin aurasını, çətinlikləri, müsbət və mənfi cəhətlərini bilməsi onun gələcək iş həyatında uğurlu olmasına kömək edə bilər. Bütün bunlar haqqında məlumatı olmayan tələbə isə məzun olub iş həyatına atıldığı zaman birdən-birə başqa, yad bir mühitə düşdüyünü hiss edər, işini mənimsəyə bilməz. Bu da onu xəyal qırıqlığına uğradar. Tələbələrin iş həyatına tez bir zamanda uyğunlaşması üçün onları məzun olmazdan əvvəl iş dünyası ilə tanış etmək lazımdır. Bunun üçün biz universitet olaraq, tələbələr üçün şirkət gəzintiləri təşkil edirik. Tələbələr orada iş mühitini öyrənir, oradakı proseduru, texnologiyanı, istehsalatı və digər amilləri əyani olaraq görürlər. Bununla da onlar iş dünyası haqqında məlumat əldə etmiş olurlar”.

“Bu halda tələbələrin iş həyatına

atılmaları doğru deyil”

“İş həyatı tələbənin təhsilinə mane olurmu?” sualına cavab verən Təyyar Mustafayev əlavə etdi ki, əgər tələbənin işlədiyi iş onun təhsili, ixtisası ilə üst-üstə düşürsə, onda onun dərslərində problem olmaz: “Çünki artıq təhsildə kreditli sistemə keçmişik. Tələbə bir semestrdə 5 və ya 6 dərs götürürsə, günün yarısı boşdursa, həmin vaxtı iş həyatında dəyərləndirə bilər. Qabiliyyətli, dərslərində müvəffəqiyyətli tələbənin iş həyatında olması nəinki onu dərslərindən ayırır, hətta onu daha da həvəsləndirir, stimul verir. Tələbə gələcəkdə olacağı müəssisəni, işləyəcəyi sahəni əvvəlcədən görər, ixtisaslaşmaq istədiyi sahəni daha yaxşı tanıyar. Məsələn, Biznesin təşkili və idarə edilməsi bölməsində oxuyan bir tələbə marketinq sahəsində işləyirsə və ixtisasını marketinq olaraq seçirsə, bu zaman onun iş həyatına atılması vacibdir. Tələbə ən azından III və IV kursda tədrisinə mane olmayacaq saatlarda işləyərsə, nəzəri bilikləri ilə praktikanı qarşılaşdırar, praktikada qarşılaşdığı problemləri yerində görərək həmin istiqamətdə özünü iş həyatına uyğunlaşdıra bilər. Amma burada əsas məsələ onun tədrisinə maneə olmamaqdır. Tələbə təhsilində uğursuz olarsa, kəsirləri varsa, onun iş həyatına atılması təbii ki, doğru deyil. Uğursuz tələbə hər iki sahədə uğursuz olacaq. Nəticədə həm təhsilindən geri qalacaq, həm də iş həyatında xəyal qırıqlığına uğrayacaq. Bunun üçün tələbə üçün əsas amil təhsil olmalıdır. Tələbələrin əsasən yuxarı kurslarda işləməsi məsləhətdir. Çünki Azərbaycan təhsil sistemində tələbələr I və II kursda əsasən ixtisasyönlü dərsləri az keçirlər. Bu zaman tələbə nə öyrənib ki, nə də tətbiq etsin. Tələbə iş həyatı ilə təhsilini balanslaşdırmalıdır ki, onlar bir-birinə neqativ təsir etməsin”.

“Yarım gün işləməsinə biz heç nə deyə bilmərik, amma…”

İş həyatı elə bir şeydir ki, istər ixtisası üzrə olsun, istər olmasın – oradakı mühitin, sosial münasibətlərin fərdin inkişafına müsbət təsir etdiyini deyən Qafqaz Universitetinin prorektorunun fikrincə, tələbənin başqa bir sahədə işləməsi onun ixtisasının inkişafına mənfi təsir edə bilər: “Məsələn, tələbə kompüter mühəndisidir, ancaq ofisiant, satıcı və ya başqa bir sahədə işləyir. Bu zaman tələbənin təhsili ilə işlədiyi sahə bir-biri ilə uyğunlaşmadığına görə tələbənin işində uğursuz olma şansı yüksəkdir. Ancaq bunun əksi olarsa, tələbə öyrəndiklərini tətbiq etmə sevinci yaşayar və gördüyü işdən həzz alar. Biz tələbələrə “işləyin və ya işləməyin” demirik. Bu onların şəxsi işidir. Tələbənin dərsləri əladırsa, onun yarım gün işləməsinə, təcrübə keçməsinə biz heç nə deyə bilmərik. Buna, sadəcə, sevinərik. Çünki bu onun üçün bir təcrübədir. Bildiyim qədər Azərbaycanda tələbənin işləməsi qanunla olaraq qadağandır. Tələbə ancaq təhsilinə mane olmayacaq şəkildə iş həyatına uyğunlaşması üçün təcrübə keçə bilər. Buna görə də, işləyən tələbələrə heç bir güzəşt olunmur. Bizim üçün əsas olan tələbələrin təhsilidir. İşləmək tələbənin öz seçimidir. Biz tələbənin təhsilindən kənar həyatına qarışa bilmərik. Onsuz da tələbə rəsmi olaraq heç bir yerdə işləyə bilməz. Ancaq məsləhətçi, köməkçi kimi fəaliyyət göstərə bilər. Biz 2013-2014 tədris ilində ABŞ-ın Şimal Dövlət Politexnik Universitetində (Southern Polytechnic State University) olduq. Orada da universitet rəhbərliyinin tələbələrin işləməsi məsələsinə müsbət yanaşdığının şahidi olduq. Xarici universitetlərin çoxunda tələbə bir neçə dərs götürür, günün geri qalan boş saatlarında da işləyir”.

Nərmin Haqverdiyeva