“İşıqlı Gələcək” layihə çərçivəsində intellektual yarış keçirib

766

“İşıqlı Gələcək” Gənclərin İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə, “Mingəçevir Gənclər Evi” Sosial Xidmət Müəssisəsinin təşkilati dəstəyi ilə Gənclər Evində “Region gənclərinin intellekt akademiyası” adlı layihə çərçivəsində intellektual yarış keçirib. Tədbiri giriş sözü ilə açan “Mingəçevir Gənclər Evi” Sosial Xidmət Müəssisəsinin direktoru Tural Kərimov layihənin məhz Gənclər Evində keçirilməsindən məmnun olduğunu bildirib. Tural Kərimov bu cür intellektual yarışların şəhər gəncliyinin inkişafında böyük rol oynadığı və mütəmadi olaraq bu tipli tədbirlərin təşkil edildiyini vurğulayıb. Direktor daha sonra finala gedən yolda iştirakçılara uğurlar arzulayıb.

İlk iki yarış günündə Mingəçevir Dövlət Universitetində təhsil alan tələbə gənclər öz bilik və dünyagörüşlərini yoxlayıb. Layihənin formatına uyğun olaraq Mingəçevir Dövlət Universitetində təhsil alan region gəncləri 8 komandadan ibarət olmaqla öncə “Nə? Harada? Nə zaman?” (NHN), daha sonra isə “Xəmsə” intellektual yarışında özlərini sınayıblar. Gərgin keçən yarışların nəticəsi olaraq universitetin 16 komandasından “İOS11”, “Qarabağ”, “Light City” və “İslam” komandaları topladıqları xallara uyğun olaraq yarışın final mərhələsinə vəsiqə qazanıb.

 

Layihənin davamı olaraq, növbəti turlarda 28 və 29 oktyabr tarixlərində isə müvafiq olaraq Mingəçevir Tibb Kolleci və Mingəçevir Turizm Kollecində təhsil alan tələbələr üçün, həmçinin 4 noyabr tarixində isə müxtəlif kateqoriyalardan olan şəhər gəncləri üçün “NHN” və “Xəmsə” formatında intellektual yarışlar təşkil ediləcək. Qeyd edək ki, layihənin əsas məqsədi Azərbaycan Respublikasının Prezidentinin “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı ilə təsdiq edilən gənclərin inkişafı üzrə istiqamətlərə uyğun olaraq region gənclərinin intellektual oyunlara marağını artırmaq, bilik və bacarıqlarını inkişaf etdirmək, həmçinin asudə vaxtlarının səmərəli təşkil etməkdir. Məlumat üçün bildirək ki, yarışların final mərhələsi Mingəçevir şəhərinin 69 illiyi ərəfəsində, şəhər ictimaiətinin iştirakı ilə keçirilməsi planlaşdırılır.

Esmira Hidayətova