İşıq şairi Fikrət Sadıq

457

Bu gün Fikrət Sadıq dünyasını dəyişdi Onu anmaq üçün 17.08.2013 tarxli “Kaspi” qəzetində dərc olunmuş haqqında yazdığım yazını paylaşıram. Rövşən YERFİ

Hələ on il budan əvvəl Azərbaycan Yazıçılar Birliyinin pilləkənlərində (o zaman lift quraşdırılmamışdı) əlində əsa asta-asta addımlayan gur, həm də düm ağ saçlı bir yaşlı kişi ilə rastlaşmışdım. Kimliyi ilə maraqlananda öyrəndim ki, qəlbə yatımlı baxışları olan bu yaşlı kişi o vaxtadək adını tanıdığım, özünü görmədiyim şair Fikrət Sadıq imiş.
Yaxın ötən günlərdə Natəvan klubundakı tədbirlərdən birinə bir cavan yazar dostumla qatılmaq istərkən dəhlizdə Fikrər Sadığın harasa tələsdiyini gördük. Dostum eynən mənim kimi on il əvvəlki maraqla soruşdu:
– Bu nurani kişi kimdir?
– Fikrət Sadıqdır, – söylədim.
– Lap Dədə Qorquda oxşayır ki…
Dostumun bənzətməsində bir qədər həqiqət var. Bilirəm ki, o, bu sözü şairin təkcə saçlarının ağlığına görə demirdi. Dədə Qorquda oxşamaq qənaətini yaradan ən çox Fikrət müəllimin işıqlı və müdrük nəzərləri olmuşdu. Belə nuranilik yalnız qəlbi saf, vicdanı təmiz olan insanlara müyəssər olur:
Yalandan həzz alanların dünyasıdır dünya – bu gün
Həqiqətdən irəlidir qara – qura röya – bu gün.
Olmayana var deyirlər, var olana yox deyirlər,
Yəqini yox eləyiblər, at oynadır guya – bugün…
Fikrət Sadıq ömür boyu zəhmət ilə yaşayan, qismətinə qane olan, iddiasız, gözü tox, ürəyi daim yaşamaq və yaratmaq eşqi ilə döyünən şairlərimizdən biridir. Yeniyetməlik illəri ikinci dünya müharibəsinin ağrılı vaxtlarına düşdüyünə görə dolanışıq üzündən orta təhsilini tamamlamamış yolunu sənət məktəbinə salmışdı. Müxtəlif yerlərdə elektrik mantyoru, kinomexanik işləmişdir. Başı ailə, sənət qayğılarına qarışdığından bir az gec, iyirmi altı yaşında Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olub tələbə adını qazanmışdı.
Ədəbi fəaliyyətə tələbəlik illərində universitet nəşriyyatının buraxdığı “Gənclik nəğmələri” almanaxında dərc etdirdiyi “Artist” və “Ana əli” şeirləri ilə başlamışdır. 1963-cü ildə “Cığır” adlı ilk kitabı çap olunmuşdur. Hal-hazıradək iyirmi beşdən çox kitabı oxucuların ixtiyarına verilib.
”Yumaq top”, “Bir parça vətən”, “Oğul”, “Biri vardı, biri yoxdu” pyesləri Bakı Kukla Teatrında, Şamaxıda, Gəncədə, Lənkəranda tamaşaya qoyulmuşdur. Bunlarla yanaşı “Cırtdanın yeni sərgüzəştləri” cizgi filminin və beş sənədli filmin ssenarisinin müəllifidir. O, həm də rus dilindən və Türkiyə türkcəsindən bədii tərcümələr edərək kitablar çap etdirmişdir. Rəsul Rzadan sonra sərbəst şeirin ən görkəmli ustası olan Fikrət Sadığın yaradıcılığı başdan-başa fəlsəfədir, ümid, işıq axtarışıdır. Elə bu səbəbdəndir ki, xalq şairi Zəlimxan Yaqub həmkarının 80 illik yubileyini təbrik edərkən onu “işıq şairi” adlandırmışdır:
Bu dünya – nurlu bir duman içində,
O dünya – bəyaz bir güman içində.
Amma ümidini kəsmə, səbr elə,
Buğda dənəsi var saman içində.
Fikrət müəllim ali təhsil aldıqdan sonra Şamaxıda kənd müəllimi, rayon qəzeti redaksiyasında ədəbi işçi, ADU-nun Azərbaycan ədəbiyyatı tarixi kafedrasında baş laborant, Azərbaycan Sovet Ensiklopediyasının Baş redaksiyasında elmi redaktor, şöbə müdiri, C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında elmi-kütləvi və sənədli filmlər birliyi idarəsində baş redaktor vəzifələrində çalışmışdır.
Fikrət Sadıq yarım əsrdən artıqdır ki, ömrünü AYB-nin fəaliyyətinə həsr edib. 1961-1975-ci illərdə Azərbaycan Yazıçılar İttifaqında bədii ədəbiyyatın təbliği bürosunun direktoru olmuşdur. 1975-ci ildən, otuz səkkiz ildir ki, Yazıçılar Birliyində poeziya üzrə məsləhətçi işləyir. Səmərəli əməyinə görə 1986-cı ildə “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülmüşdür. 1990-cı ildə isə yaradıcılığı Azərbaycan Dövlət mükafatı ilə qiymətləndirilmişdir.
O, ağsaqqal olaraq yaşına uyğun hərəkət edən, sənətinə hörmət gətirən, dəyərli məsləhətləri ilə cavanlar arasında ehtiram qazanmış şairlərimizdəndir. Dəvət olunmayan yerə getməz, dəvətli olarsa mütləq iştirak edər, mövzuya dair münasibətini bildirər, tövsiyələrini verər. Mən Yazıçılar Birliyinin tədbirlərində dəfələrlə onun çıxışlarını həvəslə dinləmişəm. Onun bu dördlüyünü isə xüsusilə xoşlayıram:
Nə şahanə, Allahanə – uca dağdı – Baba dağı!
Bu yerlərin Məkkəsidi, pir – ocaqdı Baba dağı!
Baba kimi mehribandı, öz qaya qolları ilə
Başı üstünə qaldırıb, mənə baxdı – Baba dağı…
Fikrət Sadığın ədəbiyyat üçün gördüyü xidmətlərdən danışarkən birini də – tanınmış yazar Orxan Fikrətoğlunun atası olmasını da qeyd etməmək mümkün deyil. Müasir gənclik onu fəlsəfi poeziyası ilə yanaşı elə bu cür də tanıyır, sevir: Orxanın atası…
Kaspi.-2013.-17 avqust.-S.23.