“İşiniz varsa, görün, sonra təmir edək”

0
483

Bir neçə il öncəyədək Bakıda belə hallarla tez-tez rastlaşırdıq – bir dövlət qurumu yolu təmir edirdi, digəri bir müddət sonra qazıb başqa bir iş görürdü. Bu isə ikiqat narahatlığa səbəb olurdu. Birincisi, eyni yoldan istifadə edən vətəndaşlar hər gün tıxacda qalırdılar, ikincisi, dövlətin vəsaiti israf olurdu.
Yeri gəlmişkən, bir müddət əvvəl belə bir halla paytaxtın Abdulvahab Salamzadə küçəsində rastlaşmışdıq. Yenicə təmir olunmuş yolu qazıb su xətti çəkirdilər. O vaxt bu barədə “Azəryolservis”in mətbuat katibi Pünhan Mürsəliyevə sual verəndə məsələyə aydınlıq gətirmək əvəzinə, bizi iki dövlət qurumu arasında qalmaqal yaratmaqda ittiham etmişdi.
Bu günlərdə paytaxtın Şövkət Məmmədova küçəsində də qızğın iş gedir. Yolu qazıb, iş görürlər. Bir müddət öncə həmin ətrafda yollar təmir olunurdu deyə, düşündük ki, Şövkət Məmmədova küçəsi də yuxarıda qeyd etdiyimiz aqibətlə üzləşib.
Məsələ ilə bağlı “Azəravtoyol” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli ilə əlaqə saxladıq. A. Nəcəfli Yeniavaz.com-a açıqlamasında narahatlığa əsas olmadığını söylədi: “Şövkət Məmmədova küçəsi mən bu qurumda işə başlayandan bəri təmir olunmayıb. Ən azı bir neçə ildir ki, təmir edilmir. Həmin küçə ilə kəsişən bir neçə küçə təmir olunub, lakin həmin küçə təmir edilməyib. Yeri gəlmişkən, qeyd edim ki, biz “Azəravtoyol” olaraq hər hansı yolu təmir etməmişdən öncə digər dövlət qurumlarına mütləq müraciət edirik. Bildiririk ki, əgər həmin yolda sizin görüləsi işiniz varsa, görün, sonra təmir edək”.
A. Nəcəfli dedi ki, hətta elə yollar olur ki, digər qurumlar öz işlərini görüb qurtarsınlar deyə təmirinə başlanılmır: “Azərsu”, “Azəristilik”, “Azəriqaz” və digər dövlət qurumları öz işlərini görürlər və məhz bundan sonra biz yolu təmir edirik. Burada məqsəd odur ki, təmir olunan yol sonradan qazılmasın”.
Şövkət Məmmədova küçəsində görülən işlərə gəlincə, Anar müəllim aidiyyəti qurumların səlahiyyətli şəxsləri ilə əlaqə saxladıqdan sonra aydınlaşdırdı ki, orada su xətii çəkilir: “Su xəttinin çəkilişi bitəndən sonra, başqa hər hansı bir qurumun o yolda görəcəyi iş yoxdursa, biz təmirə başlayacağıq”.
Nicat