İŞİD Türkiyədən vurulacaq

540
“Türkiyə ABŞ və koalisiya qüvvələrinin İŞİD-in Suriya və İraqdakı mövqelərinə zərbələr endirmək üçün hərbi bazalardan istifadəsinə icazə verib”. Bu sözləri Ağ Evin təhlükəsizlik üzrə müşaviri Susan Rays yerli “NBC” televiziyasına müsahibəsində deyib. S.Rays rəsmi Ankaranın bu qərarından məmnun olduqlarını ifadə edib.
 ABŞ Dövlət Departamenti keçən həftə Türkiyə ərazisindəki hərbi bazada, amerikalı və türkiyəli mütəxəssislər tərəfindən keçiriləcək təlimlərdə ilk mərhələdə 2 min nəfərə yaxın suriyalının iştirak edəcəyini açıqlamışdı.

ABŞ  Müdafiə Nazirliyindən bu həftə Türkiyəyə gələcək nümayəndələr türkiyəli hərbçilərlə Ankarada görüşəcək və təlimlə bağlı proqram görüş zamanı dəqiqləşəcək.

 

İŞİD-dən peşmərgələrə ağır zərbələr

Peşmərgə kürd qüvvələri ilə İŞİD silahlıları arasında qarşıdurmalar yenidən şiddətlənib.

Suriya İnsan Haqları Monitorinq Qrupundan bildiriblər ki, kürdlər döyüşlərdə ağır itkilər verməkdə davam edirlər. Kürdlərə dəstəyin olmaması onların vəziyyətini daha da çətinləşdirir. İŞİD qüvvələri isə,canlı qüvvə və texnika hesabına hər gün daha da güclənir.

Məlumata görə, İŞİD-çilər döyüşlərdə “T- 57” tipli tanklardan istifadə etməyə başlayıblar. Hazırda onlar Kobanini cənub, şərq və qərbdən mühasirəyə alıblar. Türkiyə ilə sərhədlərdə yaradıla biləcək humanitar dəhliz isə, hələlik rəsmi Ankara tərəfindən rədd edilir.

Bu arada isə Amerika Birləşmiş Ştatlarının rəhbərliyi altında fəaliyyət göstərən anti-İŞİD koalisiyası İŞİD silahlılarının mövqelərinə aviazərbələr endirməkdə davam edir. Son günlərdə aviazərbələrin sayı artırılsa da, kürdlər havadan endirilən zərbələrin təsirsiz olduğunu bildiriblər.

Bu arada isə Suriyanın Kobani şəhərində dünən yerli vaxtla saat 13:00 radələrində şiddətli partlayış meydana gəlib. Əvvəlcə partlayışın ABŞ-ın liderliyi ilə qurulan koalisiyanın İŞİD (İraq Şam İslam Dövləti) sipərlərinə edilən hava hücumu zənn edilib. Türkiyənin Şanlıurfa şəhərinin Suruc rayonunda qısamüddətli təşvişə səbəb olan şiddətli partlayışın səbəbi qısa müddətdə məlum olub.

Belə ki, Suriya İnsan Hüquqları Müşahidəçilər Mərkəzi İŞİD-in Kobanidə Türkiyə sərhədinə yaxın bomba yüklü avtomobillə kamikadze hücumu təşkil etdiyini açıqlayıb.