“İŞİD-in səbəbkarı bölgədə marağı olan bəzi ölkələrdir…”

0
580
Son dövrlərdə  Yaxın Şərqdə baş verən hadisələr, o cümlədən İŞİD-lə bağlı mübarizə beynəlxalq aləmdə özünəməxsus şəkildə əks-səda doğurmaqdadır. Bəs Yaxın Şərqdə nələr baş verir və İŞİD-lə mübarizə bölgəyə çoxdan arzuedilən sülhü gətirəcəkmi?
Bizi maraqlandıran bu və digər suallara cavab almaq üçün millət vəkili, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü Cavanşir Feyziyevə müraciət etdik.

– Cavanşir müəllim,  Yaxın Şərqdə İraq Şam İslam Dövlətinin (İŞİD) siyasi səhnəyə çıxması və onun İraq və Suriyanın böyük hissəsini nəzarət altında saxlaması beynəlxalq aləmdə ciddi narahatlıqlara səbəb olub. Bu baxımdan Yaxın Şərqdə nələr baş verir?

– Son illərdə Yaxın Şərqdə baş verən hadisələr və bu müstəvidə İŞİD-in siyasi səhnəyə çıxaraq real təhlükəyə çevrilməsi əslində təsadüfi deyil. ABŞ və müttəfiqlərinin 2003-cü ildə İraqda Səddam Hüseyn rejimini devirməsindən sonra Yaxın Şərq özünün ən təlatümlü zamanını yaşamağa başladı. Bu baxımdan Tunisdə başlanan və Qərbdə “ərəb baharı” adı verilən xalq hərəkatı adıçəkilən ölkədə və Liviyada hakimiyyət dəyişikliyinə gətirib çıxardı.  “Ərəb baharı”, öz növbəsində, Suriyaya da sıçradı və nəticədə bu ölkə də qanlı qarşıdurmalar meydanına çevrildi. Məhz Suriyada Bəşər Əsəd rejiminə qarşı mübarizə aparan qüvvələri dəstəkləyən xarici güclərin buradakı silahlı qruplaşmalara hərbi yardım göstərmələri və bölgədə marağı olan ölkələrin hər birinin bu silahlı dəstələrdən öz mənafelərinə uyğun şəkildə istifadə etmələri, öz növbəsində, İŞİD adlanan yaxşı silahlanmış və döyüşməyi bacaran qruplaşmanın meydana çıxmasına şərait yaratdı. İŞİD-in təhlükəli güc kimi meydana çıxmasının səbəbkarı bölgədə marağı olan bəzi ölkələrdir. Yəni bu gün Qərb tərəfindən təhlükə hesab edilən İŞİD heç də boş yerə meydana çıxmayıb və onun arxasında müəyyən dövlətlər dayanıblar. Amma həmişə olduğu kimi, İŞİD də güclənəndən sonra onu himayə edən dövlətlərin nəzarətindən çıxaraq özü sərbəst şəkildə siyasi, dini maraqlarını irəli sürən, idarə olunmayan bir gücə çevrildi. İŞİD-in qısa müddətdə İraqın və Suriyanın böyük hissəsini ələ keçirməsi onların hərbi gücünü göstərir. Yəni bu gün İŞİD-in real təhlükə kimi meydana çıxmasının günahkarı məhz bu qurumdan ilk vaxtlar Əsəd rejiminə qarşı istifadə etməyə çalışan və məhz bu məqsədlə onları silahlandıran bəzi xarici  dövlətlərdir.

– Vaxtilə ABŞ Əfqanıstanda SSRİ-yə qarşı mübarizə üçün silahlı dəstələrə yardım etməyə başladı və bu müstəvidə də “Əl-Qaidə” terror təşkilatı yarandı. İŞİD haqqında da eyni sözləri demək olarmı?

– Şübhəsiz ki, “Əl-Qaidə” və İŞİD-in yaranması eyni ssenari üzrə baş verib. Buna paralel olaraq, İŞİD-i həm də “Əl-Qaidə”nin bir qolu kimi də qəbul edirlər. İŞİD-in meydana çıxmasında İraqı idarə edənlərin səhvləri də az rol oynamadı. Belə ki, Səddam Hüseyn devrildikdən sonra yeni hakimiyyətin dəstəklədiyi radikalyönlü şiə silahlı qruplaşmaları ölkənin sünni əhalisini sıxışdırmağa başladılar. Bu isə, öz növbəsində, bundan narazı olan güclərin İŞİD-i dəstəkləməsinə gətirib çıxardı. İŞİD-in uğurlarının arxasında, şübhəsiz ki, bu amil də az rol oynamadı.

– “Ərəb baharı” Yaxın Şərqə nə isə verə bildimi?

– Bu ölkələrdə əhali mövcud rejimin devrilməsindən sonra daha yaxşı yaşayacaqlarına böyük ümidlər bəsləyirdi. Təəssüf ki, “Ərəb baharı” yaşayan ölkələrin heç birində əhali arzu elədiyi sabitlik və sakitliyə  qovuşa bilmədi, əvvəldən mövcud olan  problemləri həll olunmaq əvəzinə, daha da artdı. Bu gün Liviyada, eləcə də Tunisdə baş verənlər  “Ərəb baharı”nın xalqın problemlərini  qətiyyən həll etmədiyini göstərir. Gözləntilərin əksinə olaraq “Ərəb baharı”ndan sonra xalqa dağıntılar və xarabalıqlar qalıb, əhalinin həyatına təhlükələr artıb və yenidən sabitliyin bərpa olunması və təhlükəli vəziyyətin  aradan qaldırılması hələ çox vaxt aparacaq.  Üstəlik, Suriyada həddindən artıq uzanan “Ərəb baharı” bu ölkəni başdan-ayağa xarabalıqlara çevirdi, çoxsaylı insan qırğınlarına səbəb oldu.

– Cavanşir müəllim, Yaxın Şərqdə baş verən son hadisələr İraqın şimalında yeni dövlətin – “Kürdüstan”ın siyasi səhnəyə çıxmasına gətirib çıxarmaq üzrədir. Siz bölgədə “Kürdüstan” dövlətinin yaradılmasını mümkün hesab edirsinizmi?

–  Təbii ki, Yaxın Şərqin parçalanaraq onun yerində kiçik dövlətlərin meydana çıxması bölgədə maraq dairəsi uğrunda mübarizə aparan dövlətlərin maraqlarına uyğundur. Hər halda kiçik dövlətləri idarə etmək və onların  üzərində nəzarəti həyata keçirmək daha rahatdır. Bu baxımdan əslində Yaxin Şərqdə marağı olan bəzi dövlətlər bölgədə yeni dövlətin və ya dövlətlərin meydana çıxmasında maraqlıdırlar. Hal-hazırda İraqın şimalında “de-fakto” Kürdüstan dövləti mövcuddur.  ABŞ-ın İraqa müdaxiləsindən sonra Bağdad bu ölkənin şimalındakı kürdlər üzərində nəzarəti itirdi. Buna paralel olaraq, Kürdüstan dövlətinin yaranmasını istəyən güclər, hələlik, dünya birliyi tərəfindən tanınmayan  bu “dövlətin” silahlı qüvvələrinin formalaşdırılmasına hər cür yardım edirlər. Elə İŞİD-in meydana çıxması da bu dəstəyin daha da fəallaşmasına əsas yaratdı. Bu gün Kürdüstanın yaxşı silahlanmış 100 mindən artıq əsgəri var. Yəni qeyd etdiyim kimi, mərkəzi hökumətlə hesablaşmayan Kürdüstan dövləti artıq “de-fakto” mövcuddur. Bu dövlətin nə zaman tanınması isə, zənnimcə, bölgədə hadisələrin hansı istiqamətdə inkişaf edəcəyindən asılı olacaq.

– “Kürdüstan” dövlətinin yaradılması Türkiyənin kürdlər yaşayan ərazilərinin bu ölkədən ayrılmasına gətirib çıxara bilərmi?

– Kürdlər yalnız Türkiyə və İraqda deyil, həm də İranda, həmçinin Suriyada da yaşayırlar. Bu o demək deyil ki, kürdlər harada yaşayırlarsa, onlar orada dövlət qurmalıdırlar. Türkiyə güclü dövlətdir və öz ərazi bütövlüyünü qorumağa qadirdir. Arxasında da NATO kimi güclü bir blok dayanır. Bununla belə, bütün hallarda İraq parçalansa və onun şimalında qurulacaq Kürdüstan dövləti rəsmi şəkildə beynəlxalq səviyyədə tanınsa, onda bu hadisələrin Türkiyədə yaşayan kürdlərə də təsir edəcəyini istisna etmək olmaz. Ona görə də Türkiyə hökuməti dəfələrlə bəyan edib ki, İraqın ərazi bütövlüyünün qorunub saxlanılmasına tərəfdardır və onun parçalanmasının əleyhinədir.

– Amma bu gün kürd amilindən Türkiyənin parçalanması üçün istifadə edən və bu müstəvidə PKK terror təşkilatına hərbi, maliyyə yardımı göstərən ölkələr var. Sizə elə gəlmirmi ki, onlar yenə də  Türkiyə əleyhinə çırkin oyunları oynamaqda davam edəcəklər?

– PKK Türkiyənin güclənməsini istəməyən güclərin əlində təzyiq vasitəsidir. Türkiyədə də bunu yaxşı anlayırlar. PKK Türkiyəyə milyardlarla dollar zərər vurub, 40 minə yaxın insan PKK terrorunun qurbanı olub. Türkiyə bunu nəzərə alaraq, PKK-ya qarşı mübarizəni davam etdirir, eyni zamanda öz vətəndaşları olan kürdlərin də problemlərini həll etməyə çalışır, bölgənin iqtisadi, elmi, mədəni baxımdan inkişaf etməsinə xidmət edən tədbirlər həyata keçirir. Lakin Türkiyəyə təzyiq vasitəsi tək PKK deyil. Türkiyəni dünyəvi dövlətçilik kursundan yayındırmaq təşəbbüsləri, ilk baxışdan zərərsiz görünən “nurçuluq” və bu kimi digər cərəyanları siyasi hakimiyyətin üzərində yerləşdirmək cəhdləri, Avropa ölkələrində ələviliyin əsaslarının möhkəmlənməsinə yardım edərək, gələcəkdə bundan da Türkiyə daxilində münaqişələr yaratmaq məqsədilə istifadə etmək cəhdləri və s. bu kimi hallar açıq-aşkar müşahidə olunmaqdadır. Ona görə də Türkiyənin maksimum səviyyədə balanslaşdırılmış, emosiya və eyforiyadan uzaq, ilk növbədə,  türk milli maraqlarını özündə ehtiva edən bir siyasət yeritməsi zəruridir. Hər hansı bir yanlışlıq Türkiyənin maraqlarına düzəlməsi mümkün olmayan zədələr  vura bilər.

– Cavanşir müəllim, gəlin Yaxın Şərqdən Ukraynaya keçək. Sizə elə gəlmirmi ki, İŞİD-lə mübarizənin önə çıxarılması Qərbin diqqətini Rusiyanın Ukraynaya təcavüzündən yayındırmaqdır?

– Rusiyanın Krımı işğal etməsi və bunun ardınca Ukraynanın şərqində separatçıları dəstəkləməsi faktiki olaraq, Avropanı çətin vəziyyətdə qoyub. II Dünya müharibəsindən və SSRİ-nin  dağılmasından sonra Avropa ilk dəfə yenidən Rusiyanın timsalında təhlükəli bir güclə üz-üzə qaldığını gördü. Avropa aydın başa düşür ki, bunun arxasında imperiyanın bərpası cəhdləri dayanır. Digər tərəfdən, Rusiyanın Ukraynaya təcavüzü Rusiyanın özünü də çıxılmaz vəziyyətə salıb. Belə ki, nə qədər gizlətməyə çalışsa da, Rusiyanın Şərqi Ukraynaya hərbi müdaxiləsinin sübut olunması Moskva tərəfindən ortaya atılan slavyan həmrəyliyi ideyasını və nəticə etibarilə Avrasiya siyasi ittifaqı ideyasını iflasa uğradıb. Çünki əslində Rusiyaya öz siyasi məqsədlərinə nail olmaq üçün “düşmən Ukrayna” deyil, məhz “dost Ukrayna” lazım idi.Lakin üzərinə silah qaldırdığın qardaşının sənə dost olacağına inanmaq çox böyük sadəlövhlük olardı. Bu baxımdan Rusiyanın itirəcəyi qazanacağından daha böyükdür. Digər tərəfdən, Qərb də Ukraynanı itirə bilməz, çünki bu, Avropa İttifaqının maraqlarına zidd olardı. Eyni zamanda Qərb Rusiya ilə müharibəyə girişmək fikrində də deyil. Ona görə də çıxış yolunu Rusiyaya sanksiyalar tətbiq etməkdə görür və mən də düşünürəm ki, bu, yeganə düzgün seçimdir. Ancaq sanksiyaların bugünkü səviyyəsi Moskvanı çətin ki, geri addım atmağa məcbur etsin.

Konkret olaraq, İŞİD-lə mübarizənin Qərbin diqqətinin Ukrayna-Rusiya münaqişəsindən yayındırmasına gəlincə, bunu söyləmək çətindir.  Belə ki, hazırda Qərbə ən böyük təhlükə Yaxın Şərqdən daha çox, Rusiyadan gəlir. Qərb üçün Ukrayna Avropa deməkdir və Ukraynanı qazanmaq Qərbin ən böyük geostrateji marağıdır. Bu səbəbdən də Qərb Ukraynada baş verənləri xüsusi diqqət mərkəzində saxlamağa və vəziyyətdən çıxış yolu axtarmağa məcburdur.

–  Bəzi politoloqlar Ukraynanın Rusiya üçün yeni Əfqanıstan olacağı barədə proqnozlar verirlər.  Doğrudanmı, Ukrayna Rusiya üçün yeni Əfqanıstana çevrilə bilər?

– Ukraynaya Rusiyanın təcavüzü, şübhəsiz ki, slavyan həmrəyliyinə, ukraynalıların Moskvaya olan inamlarına vurulan böyük zərbə oldu. Əgər dünənə kimi Polşa Rusiyanın simasında özünün əsas düşmənini görürdüsə, bu gün Ukrayna vətəndaşları da eyni fikirdədirlər. Hadisələrin necə davam edəcəyindən asılı olmayaraq, bütün baş verənlərdən sonra Ukraynanın Rusiyaya olan inamının bərpa edilməsi çox çətin olacaq və xüsusilə də ərazilərin işğalı bu iki ölkənin uzun illər düşmən münasibətdə qalmasına səbəb olacaq. Bu, ilk növbədə, bayaq qeyd etdiyim kimi, Rusiyanın Avropa İttifaqına alternativ kimi düşünülmüş Avrasiya İttifaqını yaratmaq cəhdlərinin iflasa uğraması deməkdir. Digər tərəfdən də Rusiyanın Ukraynaya təcavüzü NATO-nun Ukraynanın timsalında təbii müttəfiq tapması demək oldu. Necə deyərlər, Rusiyanın Ukraynaya təcavüzü NATO-nun Rusiya sərhədlərinə daha da yaxınlaşmasına əsas yaratdı və yol açdı. Bu isə geopolitik rəqabət müstəvisində Rusiyaya yaxşı heç nə vəd etmir. Nəticə etibarilə “Ukrayna əməliyyatı” Rusiya üçün “Əfqanıstan sindromundan” daha ağır məğlubiyyətdir.

Əziz Mustafa

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here