İŞİD Bağdada doğru irəliləyir

542
Mosulu ələ keçirən “İraq Şam İslam Dövləti”  (İŞİD) terror təşkilatı paytaxt Bağdad istiqamətində irəliləyir. Bununla bağlı bölgədən gələn xəbərlərdə İŞİD-in Mosulla bərabər, Ninova, Anbar və Səlahəddin vilayətlərinin də işğal edildiyi bildirilir.
Dünən həmçinin Səlahəddin vilayətinin mərkəzi şəhəri Tikrit də qısa atışmadan sonra İŞİD-in nəzarətinə keçib.

Bağdadın 200 kilometr şimalındakı strateji əhəmiyyətli Beyciyəni də işğal edən İŞİD yaraqlılarının bölgədəki neft şirkətini və Bağdada elektrik ötürən stansiyaya da nəzarəti ələ keçirməyə çalışması gəzən xəbərlər arasındadır.

İŞİD-in işğal etdiyi ərazilərdə İraq ordusuna məxsus silah anbarlarını Suriyaya ötürəcəyi də ehtimal olunur.

Bu arada isə məlum olub ki, “İraq Şam İslam Dövləti” (İŞİD) Türkiyənin Mosuldakı Baş Konsulluğuna basqın edərək girov götürdüyü Türkiyə vətəndaşlarını Mosul valisinə (qubernator) təhvil verib. Bununla bağlı verilən məlumata görə,

İŞİD-in valilik binasında saxladığı girovlar valinin evinə aparılıb.

Xatırladaq ki, İŞİD iyunun 11-də Türkiyənin İraqın Mosul şəhərindəki Baş Konsulluğuna hücum edərək, baş konsul Öztürk Yılmaz da daxil olmaqla, 49 Türkiyə vətəndaşını girov götürmüşdü.

Dünən İran Mosulu işğal edən İŞİD-ə qarşı mübarizəyə başlayıb.

Belə ki, İran İŞİD-lə döyüşmək üçün 150 nəfərlik Əl-Qüds hərbi birləşməsini İraqa göndərib. Bu barədə məlumat “The Times” qəzetində yer alıb. Bu hərbi birləşmənin Tikrit və Mosulda döyüşən İraq ordusuna dəstək olacağı bildirilir.

Qeyd edək ki, İŞİD İraq və Suriyada fəaliyyət göstərən silahlı təşkilatdır. Sələfi dini-ideologiya əsaslanan bu qurum İraq, Suriya, Fələstin və İordaniyada şəriət qanunlarına uyğun dövlət qurmaq istəyir.

Qurumun lideri Əbu Bəkir Bağdadi ABŞ, Avropa Birliyi və Türkiyənin “terrorçular siyahısı”ndadır.

İŞİD 2004-cü ildə “Tövhid və Cihad” adı altında Əbu Musa Zərkavi tərəfindən İraqda qurulub. Sonra Üsamə bin – Ladənin başçılığı altında fəaliyyət göstərən “əl-Qaidə”yə qatılıb. Bu təşkilata qatıldıqdan sonra “Mesopotomiyada əl-Qaidə” adlanıb.

2006-cı ildə yayılan videoçıxışlarından birində o, “Mücahidlər Şurası” qurduqlarını bildirib. İraqdakı Zərkavi 2006-cı il iyunun 7-də ABŞ  hərbçilərinin həyata keçirdiyi əməliyyatlardan birində öldürülüb. Onun yerinə Əbu Həmzə əl-Mühacir  keçib.

2006-cı ilin sonlarında isə “əl-Qaidə”yə yaxın sayılan Əbu Ömər əl-Bağdadi “İraq İslam Dövləti”ni qurduqlarını elan edib.

2010-cu ildə ABŞ və İraq hərbçiləri Sisar bölgəsində həyata keçirdiyi əməliyyatda Əbu Ömər əl-Bağdadi və Əbu Həmzə əl-Mühacirini öldürüblər. Bundan sonra Əbu Bəkir əl-Bağdadi təşkilatın yeni lideri olub.

11 il ərzində Əbu Bəkir əl -Bağdadi dünyanın ən güclü cihatçı liderlərindən birinə çevrilib. 2011-ci ilin sonlarında Məhəmməd Colaninin rəhbərliyi altında “Nusra Cəbhəsi”, bunun ardınca “əl-Qaidə”nin Suriya qolu qurulub. 2013-cü il aprelin 9-da Əbu Bəkir əl-Bağdadinin səs ilə yayılmış xəbərdə “Nusr Cəbhəsi” ilə İŞİD-in müttəfiq olduğu bildirilib. Həmin il Bağdadi “Nusra Cəbhəsi” ilə “İraq İslam Dövləti”nin bir ara gəldiyini açıqlayıb.

2013-cü ilin fevralında “əl-Qaidə” Suriyadakı İŞİD-i tanımadığını və qruplaşmadan Suriyanı tərk etməsini istəyib.

“Əl-Qaidə” Suriyadakı təmsilçisinin “Nusra Cəbhəsi” olduğunu bildirib. Bundan sonra bu iki terrorçu təşkilat arasında silahlı qarşıdurma baş verib. Sonuncu belə münaqişə “Nusra Cəbhəsi”nin nəzarəti alında olan Deyr əz-Zor bölgəsi uğrunda baş verib. Hazırda bu ərazi İŞİD-in əlindədir. Bundan sonra İŞİD İraqın Anbar əyalətinin Fəlluca və Ramadi şəhərlərini də ələ keçirib.

İŞİD Suriyada 6-7 min civarında yaraqlısının olduğu ehtimal edilir. Döyüşçülərinin çoxunun əcnəbi olduğu bildirilir.

Mənbənin məlumatına əsasən, onun İraqdakı silahlı üzvlərinin sayı isə 10 mindən çoxdur.