İŞİD əhali arasında hərbi səfərbərlik elan edib

532
Son aylarda xeyli döyüşçüsünü itirən İŞİD terror təşkilatı itkilərin yerini doldurmaq üçün yerli əhali arasında səfərbərlik elan edib. 
Bu müstəvidə də Suriya və İraqın müəyyən ərazilərinə nəzarəti ələ keçirən terrorçular yerli əhali arasından gəncləri silahlı münaqişələrə cəlb etmək üçün fəaliyyətə başlayıb. Kürdüstan Demokratik Partiyasının (KDP) Mosul üzrə nümayəndəsi Səid Memuzini Anadolu agentliyinə müsahibəsində deyib ki, terror təşkilatı təklifi rədd edən gəncləri həbsxanaya salır: “İŞİD gəncləri zorla döyüşlərə cəlb edir. Əlinə silah almağı qəbul etməyən 87 gənc bu gün həbsxanaya salınıb. Daha əvvəl təşkilata xidməti qəbul edən 15 polis də həbsə salınıb”.

Kürd siyasətçi İŞİD silahlılarının ev-ev axtarışlar apardığını da əlavə edib: “İŞİDçilər İslam dövləti üçün mübarizə apardıqlarını deyərək əhalini cihada çağırır, bunun üçün təbliğat aparır. Bu məqsədlə evləri tək-tək gəzib axtarışlar aparırlar. Onlar tutduqları gənclərin qarşısında iki seçim qoyurlar. Ya silah götürüb döyüşə getməlisən, ya da 1 milyon 500 min dnar cəza ödəməlisən. Bu seçimlərin heç birini qəbul etməyənlər isə həbsə salınır”.

Memuzini deyib ki, hazırda İŞİD döyüşlərdə əsasən yerli sakinlərdən istifadə etməyə çalışır. Döyüşdən qaçmaq istəyənlər isə arxada pusquda dayanan əcnəbi əsilli terrorçular tərəfindən öldürülür. Bu arada isə İŞİD terror qruplaşması hərbi təlimləri ilə bağlı yeni görüntüləri yayıb.

Görüntülər İraqın Fəllucə şəhərində açılan “Əbu Hamza Əl-Mühacir” düşərgəsindəndir. İŞİD üzvlərinin təlimi üç mərhələdən ibarətdir.

Qeyd edək ki, radikal qruplaşmaların İraq və Suriyada yeni əsgərlər üçün 2012-ci ildən ən azı 46 hərbi təlim düşərgəsi və baza qurduğu bildirilir. “The Long War Journal”ında dərc edilmiş tədqiqatda deyilir ki, sosial şəbəkələrdə terrorçular tərəfindən dərc edilən videoçarxlar, həmçinin ABŞ Müdafiə Nazirliyinin hərbi əməliyyatlarla bağlı press-relizlərinin analizi nəticəsində İraqda 34 təlim bazası, Suriyada 12 düşərgənin yerini təyin edilib.

Nəşrin məlumatına görə, adıçəkilən ölkələrin ərazisində son ay ərzində dörd yeni təlim düşərgəsi qurulub. Onlardan üçünün İŞİD terror təşkilatına məxsus olduğu bildirilir.

 

İŞİD-dən İraqa

7 milyard dollar zərər

İraq rəsmiləri İraq və Şam İslam Dövləti (İŞİD) silahlı qruplaşmasının ölkəyə vurduğu maddi zərəri hesablayıb. Silahlı qruplaşmanın Diyala, Ninova, Səlahəddin və Ənbar vilayətlərində 65 körpü uçurduğu ortaya çıxıb. Həmçinin regionda infrastruktura ciddi zərər dəyib. İraqın tikinti və infrastruktur naziri Tarik Haykani bildirib ki, silahlı qruplaşmanın vurduğu zərərin toplam qiyməti 7 milyard dollara bərabərdir. “Söhbət 4 vilayətdə yaşanan dağıntıların aradan qaldırılması və buraların yenidən abadlaşdırılması üçün beynəlxalq dəstəyə ehtiyacımız var, çünki İraqın öz büdcəsinin imkanları buna çatmaz”,- deyə Haykani vurğulayıb. Öz növbəsində İraqın xarici işlər naziri İbrahim Cəfəri İŞİD terrorçu təşkilatı ilə bağlı maraqlı açıqlama verib. Belə ki, İraq XİN başçısı 2016-cı ilə qədər İŞİD-in məhv ediləcəyini söyləyib. Lakin o, İŞİD-in yalnız İraq coğrafiyasında zərərsizləşdiriləcəyini bildirib. Nazirin sözlərinə görə anti-İŞİD koalisiyasının  İŞİD-ə qarşı apardığı hava əməliyyatları da terrorçu təşkilatın məhv edilməsində əhəmiyyətli rol oynayır.