İŞİD-ə qarşı İslam ölkələrinin koalisiyası yaradılır

0
489

Yaxın Şərqdə baş verən hadisələr, o cümlədən İŞİD-ə qarşı mübarizə adı altında Rusiyanın İranla birlikdə Əsəd əleyhdarı güclərə qarşı ikinci cəbhə açması başda Səudiyyə Ərəbistanı olmaqla, müsəlman ölkələrini vəziyyətdən çıxış yolları axtarmağa məcbur edir.

Bu baxımdan bir neçə gün əvvəl Səudiyyə Ərəbistanının təşəbbüsü ilə terrorizmə qarşı mübarizə üçün İslam ölkələrinin antiterror koalisiyası yaradılması istiqamətində ilk addımlar atılıb. Bununla bağlı mətbuata açıqlama verən Səudiyyə Ərəbistanının müdafiə naziri Məhəmməd bin Salman bildirib ki, əsas məqsəd İŞİD-ə qarşı mübarizədə İslam ölkələrinin həmrəyliyini və birgə mübarizəsinə nail olmaqdır. Məhəmməd ben Salmanın sözlərinə görə, islam dünyasının 34 ölkəsi terrorizmə qarşı mübarizədə birgə çıxış etmək və hərbi koalisiyada birləşmək barədə razılığa gəliblər. Məhəmməd ben Salman: “Hazırda islam milləti İŞİD-in simasında böyük təhlükə ilə üzləşib. Bu günə kimi hər bir müsəlman ölkəsi terrorizmə qarşı ayrı-ayrılıqda mübarizə aparırdı. Ona görə İŞİD-ə qarşı birgə mübarizənin vahid mərkəzdən idarə olunması İslam dünyası üçün böyük əhəmiyyət daşıyır”,-deyib.

Qeyd edək ki, İŞİD-ə qarşı mübarizədə yalnız Yaxın Şərqin müsəlman ölkələri deyil, həm də Afrika və Asiyanın İslam dövlətləri, o cümlədən Mali, Somali, Çad, Pakistan, Malayziya və digərləri də iştirak edəcəklər. Bu baxımdan diqqəti cəlb edən bir məsələ də İranın bu qurumda iştirak etmək üçün dəvət edilməməsidir. Yeni koalisiyanın idarəetmə mərkəzi və ya daha dəqiq desək hərbi qərargahı Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda yerləşəcək. Hələlik İŞİD-ə qarşı mübarizədə yeni koalisiyanın necə hərəkət edəcəyi məlum deyil. Çünki tərəflər bununla bağlı tam razılığa gəlməyiblər. Eyni zamanda birgə hərbi qüvvələrin maliyyələşdirilməsi ilə bağlı məsələ də açıq qalmaqdadır. Yeni koalisyaya vahid komandanlıq məsələsində hansı ölkənin nümayəndəsinə üstünlük veriləcəyi, hər ölkədən hərbi əməliyyatlara nə qədər canlı qüvvə və hərbi texnikanın cəlb ediləcəyi də məlum deyil. Yəni hələlik İŞİD-ə qarşı koalisiya ilə bağlı həllini gözləyən məsələlər kifayət qədərdir. Bununla bağlı yaxın günlərdə Ər-Riyadda terrorizmə qarşı mübarizə məqsədi ilə yaradılacaq koalisiyada iştirak etməyə razılıq verən 34 müsəlman ölkəsinin iştirakı ilə geniş hərbi məsləhətləşmələrin keçirilməsi nəzərdə tutulub. İŞİD-ə qarşı mübarizədə İslam ölkələrinin yeni hərbi koalisiyasının yaradılmasına münasibət bildirən Türkiyənin Baş Naziri Əhməd Davudoğlu bunu İslamı terrorla eyniləşdirmək istəyənlərə verilən ən layiqli cavab adlandırıb. Onun sözlərinə görə əslində belə bir koalisiyanın yaradılmasına çoxdan ehtiyac vardı. Əhməd Davudoğlu: “Zənnimcə, biz bu məsələdə gecikimişik. Terrorizmə qarşı mübarizə üçün İslam ölkələrinin hərbi koalisiyası bir neçə il bundan əvvəl yaradılmalı idi. Lakin bütün hallarda gec də olsa yaradılan islam ölkələrinin hərbi koalisiyasının İslamı terrorla eyniləşdirmək istəyən güclərə veriləcək tutarlı cavab olacağını düşünürəm”,-deyib

Nəhayət, onu da deyək ki, yeni hərbi koalisiyaya Yəmən və Livanın da daxil edilməsi, İraqın isə ondan kənarda saxlanılmasını da təsadüfi hesab etmək olmaz. İraqda hazırda şiələr hakimiyyətdədirlər və bu, Səudiyyə Ərəbistanını ciddi şəkildə narahat etməkdədir.

Buna paralel olaraq, hazırkı İraq hökumətinin İranla sıx müttəfiqlik əlaqələrinin olması da Ər-Riyad tərəfindən bu ölkənin koalisiyaya dəvət edilməməsində müəyyən qədər rol oynadığı güman edilir.

Rusiya məsələyə ehtiyatlı

yanaşsa da narahatdır

Terrorizmə qarşı mübarizə məqsədilə İslam ölkləri tərəfindən yaradılan yeni hərbi koalisiyaya bölgədə marağı olan ölkələrin reaksiyası da fərqli olub. Məsələn, Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskovun açıqlaması olduqca ehtiyatlı olub. O deyib ki, terrorizmə qarşı mübarizədə islam ölkələrinin yeni koalisiyasının yaradılması ilk baxışdan müsbət qarşılana bilər. Lakin hələlik məlum deyil ki, bu qurum sırf terrorizmə qarşı mübarizə aparacaq, yoxsa digər məqsədlərini də həyata keçirməyə çalışacaq. Dmitri Peskov: “İslam ölkələrinin yeni koalisiyasının yaradılmasının bölgəyə nələri gətirə biləcəyini öncədən söyləmək çətindir. Belə hesab edirəm ki, bu barədə qəti fikir söyləmək hələlik tezdir”,-deyib. Rusiyanın məsələyə belə ehtiyatlı yanaşması isə heç də səbəbsiz deyil. İş orasındadır ki, İslam ölkələrinin yeni koalisiyasının yaradılması məhz Rusiyanın Suriyada Əsədə hərbi yardım üçün onun əleyhdarı güclərin mövqelərini bombalamağa başlamasından sonra gündəmə gəldi. Xatırladaq ki, o vaxt İran və bir neçə islam ölkəsi istisna olmaqla 35 müsəlman dövləti Rusiyanın Suriyada birbaşa hərbi hava əməliyyatlarına başlamasını pisləmişdi. Rusiyada da məhz yeni koalisiyanın onlara qarşı çevriləcəyindən ehtiyat edirlər. Hər halda beynəlxalq aləmdə bu gün Rusiyanın İŞİD-lə mübarizə pərdəsi adı altında Əsəd əleyhdarı müxalifət güclərinin mövqelərini bombardman etməsi heç kimə sirr deyil. Belə bir vəziyyətdə Rusiyanın hərəkətlərindən narazı qalan İslam ölkələrinin hərbi koalisiyasının Əsəd rejiminə qarşı mübarizədə müxalif gücləri dəstəkləyə biləcəyi ehtimalı da az deyil. Rusiyanı məsələyə ehtiyatlı yanaşmağa məcbur edən də məhz bu amildir. Digər tərəfdən də, Rusiyanın havadan bombaladığı ərazilər əsasən sünnilər yaşayan bölgələrdir. Belə bir vəziyyətdə Rusiyanın şiələrə dəstək verməsi görüntüsü yaranır. Ona görə də Səudiyyə Ərəbistanı da daxil olmaqla yeni yaradılacaq koalisiyanın sünnilərin müdafiəsinə qalxa biləcəyi ehtimalı Kremli qorxudur. Əgər həqiqətən də vəziyyət bu dərəcəyə gəlib çatsa, onda Suriyada Rusiya islam ölkələri koalisiyasının simasında yeni Əfqanıstanla üzləşəcək. Təsadüfi deyil ki, məsələnin bu tərəfinə diqqəti cəlb edən Rusiyadakı Siyasət və Din İnstitutunun direktoru Aleksandr İqnatenko: “Bu koalisiyanın yaradılması formal xarakter daşıyacaq. Koalisiyada 34 ölkə təmsil olunsa da, terrorizmə qarşı mübarizə məqsədi ilə keçiriləcək hərbi əməliyyatlarda 2-3 ölkə iştirak edəcək. Yeni koalisiyanın əsas məqsədi İŞİD-lə mübarizədən daha çox, İran və bölgədəki şiə qruplaşmaları ilə mübarizə ola biləcəyni də istisna etmək olmaz”,-deyir.

İqnatenkonun fikrincə, yeni koalisiyanın yaradılmasından məqsəd həm də ola bilsin ki, sünni dövlətlərini şiə İranına qarşı səfərbər etməkdir.

Aydın məsələdir ki, İranla birlikdə bölgədə şiələrin müdafiəçisi kimi çıxış edən və İŞİD adı altında sünni kəndlərinin Rusiya tərəfindən hava zərbələri endirilməsi regionun digər dövlətlərinin narazılığına gətirib çıxarıb. Belə vəziyyətdə Səudiyyə Ərəbistanının başçılığı altında yaradılacaq hərbi koalisiyanın məntiqi baxımdan məzhəb tərəfdarlarını müdafiə edə biləcəyi istisna edilmir. Lakin bütün hallarda İslam ölkələri tərəfindən İŞİD-ə qarşı mübarizə məqsədi ilə yaradılacaq yeni koalisiyanın müxtəlif ölkələrin bölgədə maraqlarını müdafiə edən radikal islamçı qüvvələrin sıradan çıxarılmasında önəmli rol oynaya biləcəyi ehtimal edilir.

Nəhayət, yeni koalisiya yalnız İŞİD-ə qarşı deyil, həm də digər terrorçu qruplara qarşı mübarizə aparmaq niyyətindədir. Bu siyahıda İran tərəfdarı “Hizbullah”ın da ola biləcəyi istisan edilmir. Beləliklə, İslam ölkələrinin yeni hərbi koalisiyasının yaradılması regiondakı həribi-siyasi vəziyyəti kökündən dəyişdirərək beynəlxalq aləmdə yeni güc mərkəzinin meydana çıxmasında önəmli rol oynaya bilər.

Əziz Mustafa