İşi evə, evi işə daşımayın!

0
702

Robot deyilik ki… Hər gün fərqli insanlarla qarşılaşırıq, fərqli tapşırıqlar alırıq, bəzisini yarıdırıq, bəzisini “kor qoyuruq”, gah kədərlənirik, gah sevinirik, axşam da yorğun-arğın özümüzü qapıdan içəri salırıq. Müəllifini unutduğum gözəl bir söz var: “Xoşbəxt o adamdır ki, səhər işə, axşam evə tələsir…”

Əslində ürəyinin istədiyi bir işlə məşğul olmaq bir növ xəzinə tapmaq kimidir. Səhər evdən çıxan kimi artıq masa arxasında səni gözləyən işə köklənirsən. Hər şeyi götür-qoy edir, haradan başlayıb-harada qurtaracağını hesablayırsan. Və özün də hiss etmədən addımlarını yeyinlədirsən. Ancaq bəzən hər şey sənin istədiyin kimi olmur. Nə qədər çalışsan da, işlər yolunda getmir. Və araya istəmədiyin bir gərginlik hakim olur. Sən də elə o ovqatla qapıdan çıxırsan. Təbii ki, bu cür “qəzalar” işdə də baş verə bilər, evdə də…

Uzun təcrübələr göstərir ki, güclü adamlar evi evdə, işi işdə yaşayırlar. Yəni evin qayğısını evdə, işin qayğısını işdə çəkirlər. Çünki işdəki ovqatı evə gətirmək, ya da evdəki ovqatı işə aparmaq zəiflikdir. Əvvəlcə evdən başlayaq… Məsələn, işdən evə “dolu” gəlmisən. Ancaq buna baxmayaraq evin kandarında bütün o əhvalını soyunursan və ancaq bundan sonra içəri daxil olursan. Çünki sənin evində iş qayğısı yoxdur. Çünki sənin evidnə sevdiklərin var. Xoş-beş, hal-əhval da ki, öz yerində: “Bu gün dərsdə nə öyrəndiniz?”, “Keçən həftəki imtahanın nəticəsi necə oldu?”, “Kiminsə nəyəsə ehtiyacı varmı?”, “Bazar günü harasa gəzməyə gedəkmi?” və s… Bəzən elələri də olur ki, evində də işindəki kimi dolaşır, ailə üzvlərini əlinin altında işləyən işçilər kimi görür. Yaşadığı mənzil onun üçün iş otağı kimidir. Ya da yaşadığı mənzil onun üçün iclas zali kimidir. İşdən gələndə paltarını dəyişmək haqqında düşünmür, az qala yatana qədər qalstukunu boğazından açmır. Danışığında, oturuşunda müdir ədası, rəhbər zabitəsi var. Halbuki, evdəkilər onu tamam başqa cür görmək istəyirlər. Onu evdə deyib-gülən, qaynayıb-qarışan ata kimi görməyi arzulayırlar. İşə gəlincə isə təbii ki, evin də qayğıları var və siz istəsəniz də, istəməsəniz də işdə onları xatırlayırsınız. Əslində burada qeyri-adi bir şey yoxdur. Əsas məsələ odur ki, evin qayğısı ilə işdə, işin problemi ilə evdə məşğul olmayasan.

İstər kişi olsun, istər qadın, hər birimizin işdə də, evdə də müəyyən qayğıları, problemləri var. Qayğıları ilə başqalarını narahat etməmək, içində fırtınalar əssə də, zahirən sakit görünmək, ətrafına xoş ovqat yaymaq, ya da ətrafına xoş əhval vəd etmək görüb-götürmüş insanların işidir. Təlaşlı, narahat insanın yanında oturmaq belə çətindir. Sözümüzün canı odur ki, hər işi öz vaxtında və öz yerində həll etmək lazımdır. Yəni işi evə, evi də işə daşımayın. İşdə nə olur-olsun, evin kandarında hər şeyi yaddaşınızdan silib atın. Və çox uzaq, çox uzun bir səfərdən dönürmüş kimi qapıdan içəri keçin. Elə işdə də eləcə…