“İşgüzar ol, həyatını qur”un təqdimatı keçirilib

552

Mingəçevir QHT-lərin Regional Resurs Mərkəzində “Saf Həyat Naminə” Gənclər İctimai Birliyi Prezident yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “İşgüzar ol, həyatını qur” adlı layihəsinin təqdimatını keçirib.

Tədbirdə layihənin rəhbəri və eksperti, “Yeni həyat” Humanitar və Sosial Dayaq İB-nin sədri Nailə İsmayılova bildirib ki, ümumiyyətlə, bu layihəninin əsas məqsədi regionlarda yaşayan qadınların və qızların sahibkarlıq fəaliyyətinin inkişafına dəstək verməkdir. O daha sonra deyib: “Regionlarda şəhərlərə nisbətən daha çox işsiz var. Ona görə də biz belə düşündük ki, qadınları daha çox sahibkarlıq fəaliyyətinə cəlb edək. Onlar heç olmasa ailələrinin maddi durumunu az da olsa yaxşılaşdıra bilsinlər. Bəzən qadınlar hansısa quruma işsizliklə bağlı müraciət edirlər, amma onların suallarına belə cavab verən olmur. Amma biz istəyirik ki, bu layihə çərcivəsində bizə müraciət edən işsiz xanımların işlə təmin olunmasına da öz köməkliyimizi göstərək. Təbii ki, bu müəyyən imkanlar daxilinidədir. Amma çalışacağıq ki, işsiz xanımlar gələcəkdə öz maddi durumlarını yaxşılaşdıra bilsinlər. Mən fürsətdən istifadə edib deyərdim ki, analarımız qızlarına ali təhsil və yaxud sənət almaq üçün əllərindən gələni əsirgəməsinlər”.

 

Şəhərin fəal qadınlarından “Xüsusi qayğıya ehtiyacı olan uşaqların inkluziv təhsilinin inkişafı gələcəyin yoludur” layihəsinin rəhbəri Dilşad İlyasova öz çıxışında bildirib ki, həyatda elə istedadlı xüsusi qayğıya ehtiyacı olan insanlar var ki, sadəcə onlara dəstək olub cəmiyyət içərisinə çıxarmaq lazımdır”.

Tədbirdə qadınları maraqlandıran suallara da aydınlıq gətirilib.Tədbir iki gün davam edəcək.

Esmira Hidayətova, Mingəçevir