İşgüzar həkim: İradə  Kələşova

458

Xalqın müqəddəs saydığı, inanıb etibar etdiyi həkim adını daşımaq olduqca şərəfli və məsuliyyətlidir. Belə müqəddəs peşə sahiblərindən biri də Mingəçevir şəhər Mərkəzi Xəstəxanasının Terapiya şöbəsinin müdiri, həkim-kardioloq Kələşova İradə Daşdəmir qızıdır. Bəri başdan qeyd edək ki, İradə xanım bir həkim kimi nəinki mingəçevirlilərin, həmçinin Mingəçevirə yaxın bölgə sakinlərinin də  rəğbətini qazanıb.

Məlumat üçün bildirək ki, İradə  Kələşova 1971-ci ildə Mingəçevir şəhərində anadan olub. Azərbaycan Tibb Universitetini bitirib. 1995-2016-cı illərdə Mingəçevir şəhər Mərkəzi Xəstəxanası 2 saylı poliklinikada, 2016-2017-ci illərdə 1 saylı poliklinikada, 2017-2018-ci illərdə sözü gedən səhiyyə ocağının Terapiya şöbəsində həkim-kardioloq kimi çalışıb. Təcrübəli həkimin işgüzarlığına və peşəkarlığına güvənən rəhbərlik Terapiya şöbəsinin idarəedilməsini 2018-ci ildən ona həvalə edib.

Bu günlərdə Mingəçevir şəhər Mərkəzi Xəstəxanasında olarkən həkimin otağının qapısı qarşısında kifayət qədər xəstənin olduğunu gördük. Onların hansı xəstəliklərdən əziyyət çəkdiklərini öyrənmək məqsədilə İradə həkimlə görüşmək qərarına gəldik. Pasiyentlərin hamısını yola salandan sonra İradə xanımla həmsöhbət olduq. İlk sualımızı cavablandıran həkim bildirdi ki, son vaxtlar gün ərzində 30-40 xəstə müraciət edir: “Onların arasında infarktdan əziyyət çəkənlər  çoxdur. Ürək-damar xəstəliklərinin yaranma səbəblərinə gəldikdə hərəkətsizlik, stress, qeyri-sağlam qidalanma əsas yeri tutur. Digər tərəfdən belə xəstələr öz səhhətlərinə biganə yanaşırlar. Halbuki onlar vaxtaşırı həkimə müraciət etsələr bu və ya digər problemlərlə baş-başa qalmazlar. Yeri gəlmişkən, İcbari Tibbi Sığortanın tətbiqindən sonra bütün tibbi müayinələr əgər belə demək mümkünsə, əlçatandır”.

Onu da qeyd edək ki, İradə Kələşova bir həkim kimi üzərində mütəmadi çalışır. Hətta Bakıda, Gəncədə, həmçinin qardaş Türkiyə Respublikasının İstanbul şəhərində təşkil edilən  elmi konfranslarda və seminarlarda iştirak edir.

Azərbaycan Kardiologiya Cəmiyyətinin üzvü olan İradə xanım Terapiya şöbəsinə rəhbərlik etdiyi müddətdə gənc kadrların, tibb personalının bilik və bacarıqlarının, praktik vərdişlərinin təkmilləşməsinə çalışmış, dolayı olaraq əhalinin məmnunluq səviyyəsinin yüksəldilməsi yönümündə işlərini qurmuşdur. Xüsusilə vurğulamaq lazımdır ki, 44 günlük Vətən müharibəsi dövründə və ondan sonrakı dönəmdə zərər çəkmiş əsgərlərin müayinə və müalicə olunmalarında onun və rəhbərlik etdiyi şöbənin əməkdaşlarının rolu əvəzolunmazdır.

Həkimin  işgüzar fəaliyyəti Mingəçevir şəhər İcra hakimiyyətinin başçısı İlham İsmayılov tərəfindən də dəyərləndirilib. Belə ki, ona fəxri fərman təqdim edilib.

Esmira Hidayətova, Mingəçevir