“İsgəndər”lərdən separatçı rejim istifadə edəcəksə, Rusiya buna görə məsuliyyət daşıyacaq”

455

1992-1995-ci illərdə Ermənistan Baş Qərargahının rəisi işləmiş general Norat Ter-Qriqoryants Ermənistanın deyil, Dağlıq Qarabağın Azərbaycana qarşı “İsgəndər” ballistik raketlərindən istifadə etməsinin vacibliyini bildirib. O bunu əsaslandırmaq üçün Rusiyanın müdafiə konsepsiyasında əksini tapan “Əgər düşmən Rusiyaya hücum edərsə və bunun qabağını adi silahlarla almaq mümkün olmazsa, onda nüvə silahından istifadə etmək hüququnu özündə saxlayır” müddəasına istinad edib. General bu müstəvidə də Qarabağın “İsgəndər”dən istifadə edə biləcəyini vurğulayıb. Ter-Qriqoryants hətta nüvə silahından istifadə etməklə Azərbaycanı və Türkiyəni məhv etmək barədə açıqlama verməkdən belə çəkinməyib. Generalın açıqlaması ilə bağlı sual ortaya çıxır: Rusiya “İsgəndər”i Ermənistana, yoxsa separatçı rejimə verib? Məsələ ilə bağlı “Yeniavaz”a açıqlama verən hərbi ekspert, ehtiyatda olan polkovnik-leytenanat Üzeyir Cəfərov Norat Ter-Qriqoryantsın açıqlamasını sərsəmləmə adlandırdı. O qeyd etdi ki, Ermənistan Rusiyadan aldığı “İsgəndər”i Moskvanın icazəsi olmadan istifadə edə bilməz. Digər tərəfdən də Ermənistana verilən “İsgəndər”dən həqiqətən də Dağlıq Qarabağın separatçı rejimi istifadə edəcəksə, onda bu onu göstərəcək ki, Rusiyanın silahı qeyri-ciddi əllərə düşüb: “Əgər “İsgəndər”lərdən separatçı rejim istifadə edəcəksə, onda Rusiya buna görə məsuliyyət daşıyacaq. Bu baş versə Rusiya özünü beyənlxalq aləmdə də biabır edə bilər. Bir daha təkrar edirəm ki, Ermənistan Rusiyanın icazəsi olmadan bu silahdan istifadə edə bilməz”.

Hərbi ekspert qeyd edib ki, Ermənistanda “İsgəndər”lərlə özlərini müdafiə edəcəklərini, hətta bizə ondan istifadə etməklə zərbə endirərək böyük itkilər verə biləcəklərindən çox arxayın danışırlar: “Əslində isə Ermənistanda “İsgəndər”in imkanlarını çox yüksək qiymətləndirirlər. Əgər “İsgəndər”dən bizə bir atəş açılsa, dərhal bunun əvəzində onlara yüzlərlə zərbələr endiriləcək. Azərbaycan kifayət qədər böyük hərbi potensiala və düşmənə layiqli cavab verməyə qadirdir”.

Üzeyir Cəfərov xatırladıb ki, Ermənistan Avropada adi silahlarla bağlı konvensiyanı kobud şəkildə pozaraq Dağlıq Qarabağda böyük həcmdə silah yerləşdirib. O bununla bağlı Azərbaycanın dəfələrlə beynəlxalq təşkilatlar qarşısında məsələ qaldırıdığını və Dağlıq Qarabağda yerləşdirilən silahlarla əlaqədar bölgədə inspeksiya keçirilməsini təklif etdiyini söylədi: “Əgər Dağlıq Qarabağda inspeksiya keçirilsə onda burada adı çəkilən konvensiyanın kobud şəkildə pozulduğu və bölgədə böyük həcmdə silah yerləşdirildiyi üzə çıxacaq”.

Üzeyir Cəfərov erməni generalın azərbaycanlılara qarşı nüvə silahından istifadə etmək üçün cəhdlərə belə baş vurulacağı barədə dediklərini də külünc adlandırdı və onun bununla özünü olduqca pis vəziyyətdə qoyduğunu bildirdi.

Əziz Mustafa