“İşçilərin eyni vaxtda iki iş yeri ilə bağladıqları əmək müqavilələri qeydiyyata alınır”

3199

Əvvəllər xüsusən özəl müəssisələrdə çalışanlar ikinci bir iş yerində işləyərkən müəyyən məhdudiyyətlə üzləşirdilər. Söhbət qanunvericilik nöqteyi-nəzərindən olan hər hansı məhdudiyyətdən getmir – müəssisə rəhbərləri işçilərin başqa bir yerdə çalışmasına birmənalı yanaşmırdılar. Odur ki, işçi başqa bir yerdə, hətta könüllü çalışsa belə, bunu etiraf edə bilmirdi. Çalışırdı ki, həmin yerdə əmək müqaviləsi olmadan işləsin. Bunun mənfi cəhəti isə o idi ki, sabah həmin işçinin ikinci iş yerində başına hər hansı bir iş gələndə əmək müqaviləsi olmadığı üçün kompensasiya tələb edə bilmirdi. Yaxud belə bir iddia irəli sürüləndə şirkət təkzib edir və həmin adda işçisinin olmadığını bildirirdi. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bununla bağlı açıqlama yayıb. Bu barədə “Zaman-Azərbaycan”a nazirlikdən məlumat verilib. Məlumatda deyilir: “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanlanan ayrı-ayrı müraciətlərdə bir şəxslə iki və daha çox iş yerində bağlanan əmək müqavilələri bildirişlərinin elektron informasiya sistemində (EİS) qeydiyyatdan keçirilib-keçirilməməsi ilə bağlı suallar əksini tapır. Bununla əlaqədar bildiririk ki, cari il iyulun 1-dən ƏƏSMN tərəfindən istifadəyə verilən elektron informasiya sistemi (EİS) bir şəxslə iki və daha artıq iş yerində bağlanmış əmək müqaviləsi bildirişlərinin qeydiyyatdan keçirilməsində heç bir məhdudiyyət yaratmır. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 58-ci maddəsinə əsasən, əmək müqaviləsinin şərtləri imkan verdiyi hallarda işçi əsas iş yeri üzrə müəyyən olunmuş iş vaxtından sonra həm əsas iş yerində, həm də əvəzçilik qaydasında əmək müqaviləsi bağlayaraq başqa iş yerlərində də əmək fəaliyyəti ilə məşğul ola bilər. Bu zaman əvəzçilik üzrə əmək müqaviləsi bağlanan iş yeri işçinin əlavə iş yeri, əmək kitabçası saxlanılan yer isə əsas iş yeri sayılır”.

 Elektron informasiya sistemində qeydiyyat

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bildirir ki, elektron informasiya sistemində proqram təminatı hazırlanarkən bu məqam nəzərə alınıb: “Yəni hər hansı şəxslə əsas iş yerində bağlanmış əmək müqaviləsi bildirişi qeydiyyatdan keçirilərkən bu iş yeri sistemdə də onun əsas iş yeri kimi əksini tapır. Əlavə iş yerində bağlanmış əmək müqavilələri bildirişi isə sistemdə onun əlavə iş yeri kimi qeydiyyatdan keçirilir. Bütün hallarda elektron informasiya sistemində işçinin yalnız bir əsas iş yeri qeydiyyatdan keçir və sistem əlavə iş yerini əsas deyil, əlavə iş yeri kimi qeydiyyata alır”.

 Əmək kitabçası saxlanılan yer isə əsas iş yeri sayılır

Bəs nazirliyin açıqlamasında qeyd olunan əvəzçilik üzrə əmək müqaviləsinin bağlanması nə deməkdir? Əmək Məcəlləsində bu məsələ belə izah olunur: “Əmək müqaviləsinin şərtləri imkan verdiyi hallarda işçi əsas iş yeri üzrə müəyyən olunmuş iş vaxtından sonra həm əsas iş yerində, həm də əvəzçilik qaydasında əmək müqaviləsi bağlayaraq başqa iş yerlərində də əmək fəaliyyəti ilə məşğul ola bilər. Bu zaman əvəzçilik üzrə əmək müqaviləsi bağlanan iş yeri işçinin əlavə iş yeri, əmək kitabçası saxlanılan yer isə əsas iş yeri sayılır. Əvəzçilik üzrə əmək müqaviləsi əmək kitabçası təqdim edilmədən bağlanılır”.

 Əsas iş yeri üzrə işəgötürənin razılığı tələb edilmir

Məcəllənin tələbinə görə, iş vaxtından sonra əvəzçilik üzrə əlavə iş yerlərində işləməyə əsas iş yeri üzrə işəgötürənin razılığı tələb edilmir. İş vaxtı ərzində isə əvəzçilik üzrə işləməyə işəgötürənin razılığı ilə yol verilir. Əvəzçilik üzrə əmək şəraitinin şərtlərini, əmək funksiyasının həcmini əlavə iş yerinin işəgötürəni ilə əmək müqaviləsi bağlanarkən tərəflərin özləri müəyyən edirlər. Əlavə iş yerində əvəzçilik üzrə əmək fəaliyyəti göstərən işçilərə bu maddənin beşinci və altıncı hissələrində göstərilən hallar istisna olunmaqla heç bir məhdudiyyət qoyulmadan əmək qanunvericiliyi ilə müəyyən edilmiş bütün normalar, qaydalar və müddəalar şamil edilir.

Kimlərin iş yerində əvəzçilik üzrə çalışmasına yol verilmir?

Maddənin 5-ci hissəsində isə bildirilir ki, əgər işçi əsas iş yerində zərərli, təhlükəli və insanın sağlamlığına mənfi təsir göstərən amillər olan əmək şəraitində işləyirsə, onda onun eyni əmək şəraitli əlavə iş yerində əvəzçilik üzrə çalışması yolverilməzdir.

Altıncı hissədə isə bildirilir ki, yaşı 18-dən az olan işçilərin əvəzçilik qaydasında əlavə iş yerində çalışmalarına yalnız onların həm əsas, həm də əlavə iş yerində gündəlik iş vaxtının cəmi bu məcəllənin 91-ci maddəsində onlar üçün nəzərdə tutulmuş qısaldılmış iş vaxtından çox olmadıqda yol verilə bilər.

 Qısaldılmış iş vaxtının müddəti nə qədərdir?

Məcəllənin 91-ci maddəsində qısaldılmış iş vaxtı ilə bağlı izahat belə verilir: “İşçilərin ayrı-ayrı kateqoriyalarına, onların yaşı, səhhəti, əmək şəraiti, əmək funksiyasının xüsusiyyətləri və digər hallar nəzərə alınaraq, bu məcəllə ilə və müvafiq normativ hüquqi aktlarla, habelə əmək müqaviləsinin, kollektiv müqavilənin şərtləri ilə qısaldılmış iş vaxtı müəyyən edilə bilər.

Qısaldılmış iş vaxtının müddəti həftə ərzində 16 yaşınadək işçilər üçün 24 saatdan, 16 yaşdan 18 yaşadək işçilər və 1-ci, 2-ci qrup əlil olan işçilər üçün, həmçinin hamilə və yaşyarımadək uşağı olan qadınlar üçün 36 saatdan artıq olmamalıdır”.

Xatırladaq ki, Əmək Məcəlləsinin 89-cu maddəsində tam iş vaxtı və onun müddəti belə izah olunur: “Tam iş vaxtı – müddəti bu məcəllədə nəzərdə tutulmuş həftəlik və gündəlik iş saatları ərzində işçilərin əmək funksiyasını yerinə yetirməsi üçün müəyyən edilmiş zamandır”. Məcəlləyə görə, əsas iş yerində gündəlik normal iş vaxtının müddəti səkkiz saatdan artıq ola bilməz.