İşçiləri müqaviləsiz işlədənlərə “iş” düşür

 Prezident İlham Əliyevin 2014-cü il, 3 fevral tarixli Fərmanına əsasən, 2014-cü ilin 1 iyul tarixindən Azərbaycanın əmək münasibətləri sistemində yeni islahat tədbiri kimi, əmək müqaviləsi bildirişlərinin elektron informasiya sistemində qeydiyyatdan keçirilməsi prosesinə start verilib.
 Ötən müddətdə xeyli sayda əmək müqaviləsi bildirişlərinin sistemdə qeydiyyatdan keçirilməsi təmin olunub. Bununla belə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi qeyd olunan bildirişlərin sistemdə qeydiyyatdan keçirilməsi prosesində fəallığın daha da artırılmasının vacibliyini, əmək müqaviləsi bildirişlərinin qeydiyyatdan keçirilməməsinin qanunvericiliyin pozulması halı kimi qiymətləndiriləcəyi barədə xəbərdarlıq edib. Bu barədə qəzetimizə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Elman Babayev məlumat verib: “Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Qanun əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sisteminin yaradılmasının hüquqi əsasını müəyyən edib, Əmək Məcəlləsinin 12-ci maddəsinə edilən dəyişiklikliyə əsasən isə əmək müqaviləsi bildirişini, elektron informasiya sisteminə daxil etmək işəgötürənlərin vəzifələrinə aid edilib. Məcəllənin 49.1-ci maddəsinə əsasən, əmək müqaviləsinin bağlanması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi, bununla bağlı elektron informasiya sisteminə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir.

Dəyişikliklərə əsasən, təşkilati-hüquqi formasından və mülkiyyət növündən asılı olmayaraq, bütün işəgötürənlər (Əmək Məcəlləsinin 7-ci maddəsinin 2.1-ci hissəsində nəzərdə tutulan dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən işçilərlə işəgötürənlər arasında bağlanmış əmək müqavilələri istisna olmaqla) əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişini elektron informasiya sistemində qeydiyyatdan keçirməlidirlər. Elektron informasiya sisteminə daxil edilməsi istisna edilən əmək müqavilələri Azərbaycan Prezidentinin 8 iyul 2014-cü il tarixli 206 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında əmək münasibətləri əmək müqaviləsi kağız üzərində yazılı formada bağlandıqda yaranan vəzifələrin (peşələrin) Siyahısı”na əsasən müəyyən edilir”.

 Gücləndirilmiş elektron imza

Nazirlər Kabinetinin 2014-cü il 6 iyun tarixli 183 nömrəli qərarı ilə “Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar” təsdiq edilib: “Əmək Məcəlləsinin 3-cü maddəsinə edilmiş dəyişikliyə əsasən, əmək müqaviləsi bildirişi əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin elektron informasiya sistemində elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin sistemə daxil edilən elektron sənəddir. Qeyd edilən qaydalara əsasən, əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi üçün işəgötürənlər və ya onların səlahiyyət verdiyi şəxslər gücləndirilmiş elektron imzaya malik olmalıdırlar”.

25 min manatadək cərimə…

“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sistemi “Elektron hökumət” portalında (www.e-gov.az) yerləşdirilərək, 2014-cü il 1 iyul tarixindən istifadəyə verilməklə yanaşı, sistemdən istifadə olunması ilə bağlı metodiki göstərişlər və sistemdən istifadəyə dair müvafiq yardımçı materiallar nazirliyin rəsmi internet saytında (www.mlspp.gov.az) yerləşdirilib”.

Nazirlik bildirir ki, İnzibati Xətalar Məcəlləsinin 53.1-ci maddəsinə əsasən, Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edənlər cərimələnəcəklər: “Fiziki şəxsləri 1000 manatdan 3000 manatadək, vəzifəli şəxsləri 3000 manatdan 5000 manatadək, hüquqi şəxsləri 20000 manatdan 25000 manatadək miqdarda cərimə gözləyir. Bu Məcəllənin 53.1-ci maddəsi həmin maddədə göstərilən əməllər Cinayət Məcəlləsinin müvafiq maddəsinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir.

 “142 – “Çağrı mərkəzi”nə müraciət edə bilərlər”

Cinayət Məcəlləsinin 162-1-ci maddəsinə əsasən, Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən xeyli sayda işçilərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi 7000 manatdan 10000 manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Eyni əməllər təkrar törədildikdə 3 ildən 7 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Bu maddədə “xeyli sayda” dedikdə, 10 nəfər və ondan çox olan işçinin sayı nəzərdə tutulur. Eyni zamanda, Vergilər Məcəlləsinin 58.10-cu maddəsinə əsasən, əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə hər bir belə şəxs üzrə 1000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

Göstərilənlər nəzərə alınaraq, Əmək Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində və Cinayət Məcəlləsində edilən müvafiq dəyişikliklərin tələbləri ilə işəgötürənlərdən onların üzərinizə qoyulan öhdəliklərin icrası tələb olunur. Bu sahədə işəgötürənlərə əməli köməklik göstərilməsi məqsədi ilə regionlar üzrə Dövlət Əmək Müfəttişliklərində “Yardımçı masaları” və işçi qrupları yaradılıb. Eyni zamanda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 – “Çağrı mərkəzi” əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sistemi ilə bağlı məlumatlandırma funksiyalarını gücləndirib. İşəgötürənlər əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sistemi ilə bağlı “www.e-gov.az” və “www.mlspp.gov.az” portallarına, habelə 142 – “Çağrı mərkəzi”nə müraciət edə bilərlər”.