“İş yerləri artırsa…”

430

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov dünən jurnalistlərə açıqlamasında bildirib ki, ötən ilin 9 ayında respublikada 121 mini daimi olan 154 min yeni iş yeri açılıb. Nazir həmçinin qeyd edib ki, bu ilin ilk iki ayı ərzində 40 minə yaxın insan işlə təmin edilib.

Əmək və əhalinin sosial müdafiəsi naziri tərəfindən səsləndirilən statistik göstəricilərə münasibət bildirən iqtisadçı ekspert Akif Nəsirli “Yeniavaz”a verdiyi açıqlamada bildirdi ki, ola bilsin, elə bir statistika doğrudan da var: “154 min, 200 min, hətta daha çox rəqəmlər ola bilər. Azərbaycanda ümumiyyətlə iş yerlərinin çoxunda maaşlar rəmzi xarakter daşıyır. Bu gün əmək birjalarında təklif olunan iş yerlərinin əmək haqları 125-150, ən çoxu 200-250 manatdır. Bu cür iş yerləri o insanlara sərf edir ki, onların başqa işi də var. Bu mənada ola bilsin ki, doğurdan da iş yerləri var. Amma orda əmək haqqı aşağıdı. O işdə çalışanın maaşı onun və ailəsinin həyatını təmin eləməyə bəs etmir”.

“100 iş yeri bağlanırsa, 50 iş yeri açılırsa, deməli 50 iş yeri açılmayıb, 50 iş yeri bağlanıb”

A.Nəsirli belə məsələlərdə rəsmi statistikada “inkişaf” olduğunu dedi. Ekspertin sözlərinə görə, ölkədə hər yerdə iş yerləri bağlandığı halda bu statistikadakı kimi iş yerlərinin açılması çox maraqlıdır: “Azərbaycanda iş yerlərilə bağlı statisitikanın aparılmasında qüsur var. Onu necə ölçürlər, nə edirlər o ayrı məsələdir. Söhbət ondan gedir ki, burda açılan və bağlanan iş yerləri nəzərə alınmalıdır. Bunları bir-birindən çıxıb fərqi elan eləmək lazımdır. Məsələn, 100 iş yeri bağlanırsa, 50 iş yeri açılırsa, Azərbaycan höküməti dərhal informasiya yayır ki, 50 iş yeri açılıb. 50 iş yeri açılmayıb axı… 50 iş yeri əslində bağlanıb. Statistika belə aparılmalıdır. Amma bizdə bağlanan iş yerləri haqda informasiya verilmədən, açılan iş yerləri elan edilir. Ona görə də belə şeylər insanları çaşdırır. Cəmiyyət üçün belə statistikalar onsuzda inandırıcı deyil”.

“Sahibkar kimi qeydiyyatdan keçənin heç özü işləmir”

Ekspert mövzuya başqa aspektdən də yanaşdı. Qeyd etdi ki, əgər iş yerləri belə çox açılırsa, orada çalışanların əmək haqlarından ƏƏSMN-nin hesabına sosial sığorta ödənilməlidir: “Müşahidə edə bilərsiniz, görün sosial sığorta ödənişləri də artıbmı? İş yerləri artıbsa, insanlar işlə təmin olunubsa, bu realdırsa sosial sığortanın artımında bu özünü göstərməlidir. Biz bunu görmürük axı. İş yerləri artır, amma sosial sığorta ödənişləri artmır. Digər tərəfdən ölkədə vergi ödəyicilərinin sayı da bu statsitikaya təsir edir. Hər hansı texniki səbəbdən bir nəfər VÖEN açır. Dərhal qeydiyyatdan keçir ki, guya bir nəfər işlə təmin olundu. Hətta elə adamları 3-4 nəfər hesablayırlar. Halbuki VÖEN açan heç özü işləmir. Amma elə hesablayırlar ki, bir nəfər sahibkar kimi qeydiyyatdan keçibsə azı 3 nəfəri işlə təmin edib. Yəni, bu cür şişirdilmiş məlumatlardır”.

Rasim Məmmədli