İrqçi Paşinyanın öz adını başqalarına qoymaq şakəri

0
57

Bu gün Ermənistan dünya miqyasında bəlkə də yeganə ölkədir ki, orada əhalinin yüzdə doxsan doqquzu ermənilərdir. Bu faktı həm Birləşmiş Millətlər Təşkilatı, həm də humanitar sahədə fəaliyyət göstərən digər beynəlxalq təşkilatlar da yaxşı bilirlər. Prezident İlham Əliyev oktyabrın 7-də CNN-Türk televiziyasına müsahibəsində bildirmişdir ki, bütün digər millətlər oradan qovulub: “İlk növbədə, azərbaycanlılar qovuldu, ondan sonra digər millətlər qovuldu. Ermənistan monodövlətdir və bu, bir daha onu göstərir ki, irqçi dövlətdir. Heç bir başqa millətin nümayəndəsi orada yaşaya bilmir. Ya o əziyyətə dözməyərək özü oradan çıxır, ya da ki, zor gücü ilə çıxarılır.”

Bəli, işğalçı ölkə hələ də “Ermənistan ermənilər üçün” şüarını davam etdirir. Üstəlik, Ermənistanın milli təhlükəsizlik strategiyasında irqçi, şovinist fikirlər əks olunub. Bu gün Ermənistanda hansı partiyanın hakimiyyətdə olmasından asılı olmayaraq terrorçuluq, irqçilik və işğalçılıq onun dövlət siyasətidir. İki il öncə hakimiyyəti zəbt edən və Corc Sorosun adamı hesab olunan Nikol Paşinyan hakimiyyətə gələr-gəlməz irqçilik ənənəsini davam etdirərək anti-Rusiya siyasətinə də başladı. Nəticədə bu gün işğalçı ölkədə ruslar demək olar ki, yox dərəcəsindədir. Bu mənada demək olar ki, gerçəkdən erməni cəmiyyətində ictimai mövqeyindən asılı olmayaraq, hər bir kəs irqçidir. Başqa sözlə desək, hazırda işğalçı ölkə dünyada irqçiliyin qalib gəldiyi yeganə dövlətdir. Hətta bu məsələdə Ermənistan monoetnik dövlət yaratmağa müvəffəq olmayan faşist Almaniyasını da üstələyib. Şübhəsiz, belə vəziyyət irqçilik siyasətinin konkret nəticəsidir. Bütün bunlar Ermənistan adlı qurama dövlətin irqçilik üstündə dayandığını bir daha təsdiq edir.

Monoetnik Ermənistanın rəhbəri Nikol Paşinyan dünya ictimaiyyətindən bu ölkədə nasizm və irqçiliyin dövlət siyasətinin elementləri olması faktını gizlətmək məqsədi ilə beynəlxalq tribunalardan irqçilik əleyhinə danışır, bu məsələdə  çox sayda xalqların, həmçinin ermənilərin milli və dini tolerantlıq şəraitində yaşadığı polietnik Azərbaycanın adını hallandırır. Əgər xatırlayırsınızsa, Prezident İlham Əliyev bu ilin iyunun 18-də Şərq Tərəfdaşlığı ölkələrinin videokonfrans formatında keçirilən Sammitində faktlara istinad edərək irqçilikdən danışan Nikol Paşinyanı bu sözləri ilə yerinə oturtmuşdu: “Ermənistanın baş nazirinə irqçilik haqqında danışmağı məsləhət görməzdim, çünki erməni terrorçuları dünyaca məşhurdurlar. Məhz buna görə belə məsələlər ətrafında müzakirə gedəndə ona sakit oturmağı tövsiyə edərdim.” Dövlətimizin başçısı son günlər ərzində “Əl-Cəzirə”, “Əl-Ərəbiyə” “TRT Haber”, “Pervıy Kanal”, “Euronews” televiziya kanallarına müsahibələrində də Ermənistanın yürütdüyü faşist ideologiyasından, həmçinin irqçilik siyasətindən əraflı söz açmışdır.

Amma nədənsə digər ölkələr hələ də Ermənistanın irqçilik siyasətinə  göz yummaqdadırlar. Məsələn, bir müddət öncə Amerikada afroamerikalı Corc Floydun polis tərəfindən saxlanılan zaman ölməsi ilə bağlı fikirlərini açıqlayan ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərindən biri olan Fransanın prezidenti Emmanuel Makron irqçiliyi “bütün cəmiyyətə təsir edən xəstəlik” adlandırmış və bu məsələ ilə bağlı sərtlik nümayiş etdirməyə və ayrı-seçkiliyə qarşı mübarizə işini gücləndirməyə çağırmışdır. Lakin bu gün o, irqçilik siyasəti yeridən Ermənistanı açıq şəkildə dəstəkləməkdədir. Halbuki Dağlıq Qarabağda hərbi əməliyyatlar başlanandan bəri Fransa prezidentinin tutduğu mövqe və verdiyi bəyanatlar bu ölkənin münaqişənin nizamlanması prosesindəki beynəlxalq mandatına ziddir və neytral vasitəçilik missiyasının tələblərinin kobudcasına pozulmasıdır. Şübhəsiz, bu fakt onun erməni lobbisinin əlində oyuncağa çevrildiyinin göstəricisidir.

Siyasətçilərin fikrincə, dünyada baş verən münaqişələrin, müharibələrin təməlində məhz monoetniklik, irqçilik dayanır. Ermənistanın sentyabrın 27-də işğal olunmuş ərazilərimizin bütün istiqamətlərindən Azərbaycan Ordusunun mövqelərini və dinc əhalimizin yaşadığı əraziləri artilleriya atəşinə tutması, “yeni ərazilər işğal etmək” xülyası ilə hücuma başlaması da elə bu  kimi amillərdən qaynaqlanıb.

Qvami Məhəbbətoğlu, “İki sahil”