“İri öd daşı öd kisəsi xərçənginin yaranması üçün şərait yaradır”

0
1453

Xəyalə Sadıqova, Pənah Abdurahmanlı
Səhiyyə rubrikamızın növbəti qonağı ümumi cərrah Mahir Mahmudovdur. Bu yazımızda öd daşı xəstəlikləri, yaranma səbəbləri, əlamətləri, müalicəsi və s. haqqında suallarımızı Mahir həkim cavablandırdı.
– Azərbaycanda geniş yayılan xəstəliklərdən biri də öd daşı xəstəlikləridir. Bu xəstəliyi meydana gətirən səbəblər nələrdir?
– Öd daşı xəstəliklərinin səbəbləri müxtəlifdir. Belə götürsək, bu müxtəlif səbəblər əsas iki mexanizm ilə öd kisəsi yollarında daşın yaranmasına səbəb olur. Bunlardan birincisi, ödün tərkibini dəyişdirən amillərdir. Piylənmə, az hərəkətlilik, hamiləlik, hormonal müalicələr ödün tərkibini dəyişdirir. Digər səbəblər isə öd durğunluğudur; yəni, orqanizmdə ya qonşu orqanların xəstəlikləri, bəzi fizioloji hallar. Məsələn, hamiləlik ödün durğunluğuna səbəb olur və nəticədə öd daşı yaranır.
– Bu əlamət özünü necə göstərir?
– Öd daşı xəstəliyinin tipik əlaməti epiqastral nahiyədə və sağ qabırğa altı nahiyədə olan tipik ağrıdır. Amma öd daşı 70 faiz hallarda klinik əlamətlərlə özünü göstərsə də, haradasa 30-40 faiz hallarda isə heç bir kliniki əlamətlə özünü göstərmir. Buna lal öd daşı da deyirlər. Amma, adətən, tipik əlaməti ağrıdır. Bir başqa əlamət də ağrının xarakterik diyirlərə, sağ çiyinə, sağ kürəyə yayılmasıdır, irradiasiyasıdır. Əgər öd daşı xəstəliyinin ağırlaşması baş verərsə, bu özünü mexaniki sarılıqla göstərir. Bədənin saralması, sidiyin tündləşməsi, ağır hallarda nəcisin rənginin pozulması, ağarması müşahidə olunur.
– Hansı yaş qrupunda bu xəstəliyə rast gəlinir, qadınlarda? ya kişilərdə?
– Kişilərə nisbətən ən çox qadınlarda rast gəlinir. Yaş qruplarını götürdükdə isə ən çox 20-40 yaş arası insanlarda müşahidə olunur. Uşaqlarda da olur, ancaq daha az hallarda rast gəlinir. Uşaqlarda daha çox qan xəstəliyi ilə əlaqəli yaranır. Öd daşının əmələ gəlməsində ödün tərkibinin dəyişməsi əsas amillərdən biridir. Məsələn, hemolitik anemiya dediyimiz bir hallar var ki, yəni insanda qanın hemolizi, eritrosidlərin parçalanması baş verir. Bu zaman ödün tərkibində əsas komponent olan bilrubinin miqdarı artır. Yəni ödün bilrubinlə çoxalması, doyması baş verir. Əslində bildiyiniz kimi, bilrubin qara ciyəri zərərsizləşdirir. Amma yenə də ödün tərkibində miqdarı artarsa, bilrubin daşları deyilən öd daşının bir forması yaranır ki, bu da uşaqlarda rast gəlinir.
– Öd daşı yaranmasın deyə qidalanmada nələrə diqqət etmək lazımdır?
– Adətən, qidalanmada yağlı yeməklərdən uzaq olmaq məsləhət görülür. Heyvani yağlardan uzaq olmaq tövsiyə olunur. Daha çox bitki tərkibli yağlar məsləhətdir. Mədə-bağırsaq traktında durğunluğa səbəb olacaq və gec həzm olunacaq yeməklərdən uzaq durmaq məsləhətdir.
– Hansı saatdan sonra qidalanmaq məsləhət deyil?
– Ümumi qəbul edilmiş qaydaya görə, axşam saat 7-8-dən sonra, ümumiyyətlə, qidalanmaq məsləhət görülmür.
– Müalicə tətbiq etmədən öd daşı öz-özünə düşə bilirmi?
– Əgər öd daşının ölçüsü kiçikdirsə, 2-3 mm ölçüdədirsə, düşə bilər. Amma düşərkən də xəstədə bayaq dediyimiz sarılıq kimi ağırlaşma törədə bilər. Öd kisəsində daş bir dəfə yaranıbsa, o öd kisəsinin çıxarılması qızıl standart sayılır. Ona görə ki, təkrar yenə də daş yaranma ehtimalı yüksəkdir. Yəni o artıq öd kisəsinin xəstə olduğunu göstərir. Artıq onun orada qalması xəstə üçün əlavə bir problemin yaranması üçün şərait yaradır. Dediyimiz o sarılıq zamanı artıq dəyişikliklər daha ümumi xarakterdə olur və sarılığın şiddətli gedişi mərkəzi sinir sisteminə, ürək, qan-damar sisteminə, tənəffüs sisteminə təsir edir, qan laxtalanma sistemi pozulur. Yəni öd daşının səbəb olduğu sarılıq çox ciddi bir problemə çevrilir. Bütün bunlar olmasın deyə xəstənin öd kisəsinin çıxarılması mütləqdir.
– Öd kisəsi çıxarılandan sonra başqa orqanlara əlavə yük düşürmü, xəstə bu zaman nə etməlidir?
– Öd kisəsinin əsas funksiyası ödü depolamaqdan ibarətdir. Onun həcmi təxminən 40-70 mm-dir. Öd kisəsinin tutumu isə 70 milli litrə qədərdir. Amma gün ərzində, 24 saat ərzində bir litrə qədər öd yaranır. Saatda orta hesabla 40 milli litrə qədər öd sintez olunur, amma bunun 70%-ni öd kisəsi saxlayırsa, onun böyük bir hissəsi bilavasitə tökülür onikibarmaq bağırsağa. Yəni həzmdə iştirak edir. Öd kisəsinin əsas funksiyası ondan ibarətdir. İlkin olaraq qara ciyərdə yaranan bir litrə qədər olan ödün 97 faizi sudan ibarətdir. Öd kisəsi həmin suyun sorulmağını təmin edir, qatılaşdırır. Artıq öd kisəsi çıxarıldıqdan sonra bu proses pozulur. Amma qara ciyərdə ödün yaranması daha çox qidalanma faktoru ilə baş verir. Yəni sakitlik halında da öd yaranır, öd kisəsi çıxarıldıqdan sonra da bu proses davam edir. Ancaq bizim bağırsağımıza daha çox öd ifrazı qida qəbulundan sonrakı dövrlərdə baş verir. Yəni ki, bu mexanizm pozulmur, sadəcə, o ara sakitlik dövründə, belə deyək, yaranmanın miqdarı bir qədər azalır.
– Belə bir fikir var ki, öd kisəsi çıxarılandan sonra kökəlmə olur. Bu nə qədər doğrudur, belədirsə, səbəb nədir?
– Ola bilər ki, öd kisəsində toplanmadığı üçün, birbaşa bağırsağa ifraz olunduğu üçün yağların parçalanması daha rahat baş verdiyinə görə həmin xəstələrdə bir az kökəlməyə meyillilik olsun.
– Bayaq lal daşlar dediniz, problem çıxarmayan daşları çıxarmaq lazımdırmı?
– Ona yanaşma ikilidir. Amma son dövrlər daha çox lal daşların ölçüsünə fikir verirlər. Əgər öd kisəsində olan lal daşın ölçüsü 2 sm və ondan böyükdürsə, çıxarılması son vaxtlar mütləq şərt kimi qəbul olunur. Birinci onu qeyd edək ki, artıq o daşların oturduğu yerdə qidalanma pozğunluğu törətmə çox olur, davamlı iltihabi proseslərin yaranması üçün şərait yaradır. İkincisi isə, xroniki iltihabi proses olduğu üçün az da olsa iri öd daşı, öd kisəsi xərçənginin yaranması üçün də şərait yaradır. Buna görə də son ədəbiyyatlarda ölçüsü 2 sm və ondan yuxarı olan lal daş da olsa həmin öd kisəsinin çıxarılmağı tövsiyə olunur.
– Türkəçarənin öd daşı xəstəliklərinə bir faydası olurmu?
– Ola bilər ki, müvəqqəti effekti olsun, amma davamlı effektivliyini qəbul etmək olmaz. Yenə qeyd edək ki, öd kisəsində əgər daş yaranıbsa, heç bir konservativ tədbirlərin faydası olmaz. Müvəqqəti olaraq xəstənin ağrıları keçər, iltihabi prosesi söndürmək olar, amma gələcəkdə baş verə biləcək ağırlaşmanı bu, sığortalamaz.
– Oturaq həyat tərzi buna nə dərəcədə təsir edir?
– Oturaq həyat tərzi, diyetdə olmaq bilavasitə öd daşının yaranması üçün şərait yaradır. Sadaladıqlarımızla bərabər, az qidalanma öd durğunluğuna səbəb olur. Öd durğunluğunun özü də tərkibində olan üzvi maddələrin hopmasına, çökməsinə və daşın yaranmasına şərait yaradır. Rejimsiz qidalanmaları da buna səbəb kimi əlavə etmək olar.
– Öddə qatılaşma nəyin əlamətidir?
– Öddə qatılaşma həm durğunluq əlamətidir, həm də qəbul etdiyimiz qida ilə əlaqədar ola bilər. Əgər biz çox yağlı qidalar qəbul edəriksə, ödün qatılaşmasına səbəb oradakı xolesterinin miqdarının çox olması ola bilər. Xolesterin də üzvi maddədir və ödün özlüyünü artırır, bu bir qatılaşma törədir. Xolesterinin də miqdarı artanda onu daimi həll olan səviyyədə lesitin dediyimiz, bir də öd turşuları dediyimiz amillər var onlar saxlayır ki, bunlar həll olan səviyyədə olsun, çöküntü verməsin. Amma xolesterinin miqdarı onu neytrallaşdıran amillərə nisbətən çox olarsa, onda asanlıqla o çökür, ödün özlüyünü artırır, qatılaşdırır və çöküntü yaranır. Bunda da əlavə faktorlar olsa, epitelin zədələnməsi olarsa, orada mikrob varsa, xolesterin onun üzərində çökür, matreks dediyimiz nüvə yaranır və tədricən bu proses baş verir. Durğunluq isə öd yollarında öd kisəsi patalogiyası ilə əlaqədar və yaxud qonşu orqanların xəstəlikləri ilə əlaqədar yaranır. Məsələn, öd kisəsi qida qəbulumuzdan sonra yığılır. Öd kisəsinin yığılmağı və öd yollarının boşalmağı bir reflektor olaraq icra olunur, yəni sinxrondur bunlar. Birinin fəaliyyəti digərinin fəaliyyətini tamamlayır. Tarazlıq pozulanda da, yəni öd kisəsi yığılır, amma öd yollarının lap ucunda oddisfinkter dediyimiz bir sfinkter var, o da boşalmırsa artıq təzyiqi artırır, bu da durğunluq yaradır. Bundan sonra qeyd edək ki, daş düşərkən öd yollarını zədələyir və orada daralma törədir. Biz ona striktura deyirik. Bunun özü öd durğunluğunun yaranması üçün şərait yaradır. Və yaxud qonşu orqanların xəstəliklərinin artmasıdır, şişdir, yəni həcmli bir prosesdir. Bunlar öd yollarını sıxır və nəticədə öd durğunluğu yaradaraq daşın əmələ gəlməsi üçün şərait yaradır.
– Xəstədə ağrı olmursa, hansı müayinə metodu ilə aşkar olunur?
– Kliniki olaraq öd daşının əlamətlərini fərqləndirmək olar, amma öd kisəsinin ətrafındakı orqanların xəstəlikləri də eyni əlamətlərlə büruzə verə bilər. Buna görə də bunu təsdiqləməkdən ötrü müayinələrə ehtiyac olur. Ən geniş yayılan, informativliyi əhəmiyyətli dərəcədə yüksək olan və demək olar ki, hər bir klinikada istifadə olunan müayinə üsulu ultrasəs müayinəsi üsuludur. Ultrasəs müayinəsi üsulu, haradasa, 90-95 faizə qədər öd kisəsi və öd yolları haqqında məlumat verə bilir. Yəni öd kisəsinin divarının qalınlaşması olsun, ödün tərkibində daş varmı, bəzən onun miqdarını, ölçülərini əhəmiyyətli dərəcədə göstərir. Belə deyək, ilkin müraciət edəcəyimiz standart müayinə üsulu ultrasəs müayinəsi üsuludur. Bundan sonra biz artıq digər müayinələrə müraciət edə bilərik.
– Hamilə xanımlarda öd daşı xəstəlikləri nə dərəcədə təhlükəli olur, onlara cərrahi müdaxilə olunurmu?
– Hamiləliyin üç aylığından sonra uşaqlığın ölçüsü böyüyür və tədricən öd kisəsinin normal yerləşməsini pozur. Üç aylığından sonra öd durğunluğunun artması tədricən yüksəlir. Hamilələrdə, ümumiyyətlə, əməliyyat o zaman icra olunur ki, öd daşı xəstəliyi hamilə üçün də, onun övladı üçün də bir risk daşısın. Məsələn, öd kisəsindəki iltihabi proses şiddətlidirsə, öd kisəsinin deşilmə ehtimalı varsa, öd daşı mexaniki sarılıq dediyimiz ağırlaşmaya gətirib çıxarıbsa, artıq həm ananın, həm də onun bətnində olan uşağın həyatı risk altında olur. Onda yüksək risklə əməliyyat olunmalıdır. Amma öd daşı hamilə üçün də, bətndəki övladı üçün də risk daşımırsa, arabir kliniki əlamətlərlə özünü göstərirsə, onda əməliyyat təxirə salına bilər. Daha effektlisi odur ki, qadınlar hamiləliyi planlaşdırandan qabaq, əgər kliniki əlamətlər varsa, müayinə olunub, daş aşkarlanarsa, radikal müalicə olunsunlar.