“İravanda xal qalmadı”…

                                         “İravanda xal qalmadı”…

                                                        Esse

                      Sevimli orta məktəb müəllimim Əli Quliyevin xatirəsinə

 

Hardan eşitmişdi, kimdən duymuşdu bu nəğməni ilk dəfə… Soruşsaydın bilməzdi heç özü də. Bir şey məlum idi ki, eşidən kimi də sevmişdi. Uşaq anasını, igid sonasını sevdiyi kimi… Bu idi ən doğrusu, ən düzü də… Ən əsası isə bu idi ki… qoyun-quzu dalınca süründüyü zaman, bu mahnının ecazkar ahənginə büründüyü zaman çubuq atı əlində, bu mahnı da dilində sevə-sevə xəlvət-xəlvət oxuyardı yaman, könlünə çələng toxuyardı yaman…

                                                “İrəvanda xal qalmadı”…

Hər oxuduqca da gözlərində düyünlənən iki damla qəhəri silə-silə, qəlbindəki şəkər-şəkər duyğuları çevrilərdi selə… O anda kimsəni görməzdi gözləri. Təkcə öz qəlbini deyil, onu gizlin-gizlin dinləyən uşaqlıq dostlarının da qəlbini isidərdi çatdığı közləri… Uşaqlar acıyardılar ona, hər dəfə deyərdilər yana-yana… ”Ay ağıldan kəm səndəki var bu cür səs, onu gizlətməyin boşuna, əbəs… Orda-burda, toyda-zadda oxu ki, qoy bilsin hər kəs…Bu səni çıxara bir yana bəlkə… Niyə ayaq atmırsan ki, bu ilkə?..”

                                              “İrəvanda xal qalmadı”

Hər kəs onun səsi olduğunu biləndən sora, hər şənlikdə, hər toyda başa çəkdilər onu. Oxudu sevə-sevə, cani dildən, hər fürsəti vermədən əldən. Kəndin o başında oxuyanda, bu biri başında eşidilərdi səsi ünü… Oxudu səsi gəldikcə hər şənlikdə, toyda… Çalışdı səsi ilə insanlara versin bir fayda… Sevincindən sığmadı kəndə-kəsəyə. Hər kəs onu öpdü, oxşadı öz balası kimi min bir dillə səvələyə səvələyə…

“İrəvanda xal qalmadı”

İrəvanda xal qalmasa da, arzuları ürəyində qaldı… Qəfil başlayan 41-45 savaşı onun arzularını qoydu ürəyində. Hər yerə vəlvələ saldı. Neçə-neçə kənd oğulları yollandılar cəbhəyə, “Vətən” deyə-deyə… Gözləri yaşlı qaldı  ana-bacılar,  hər yerdə başladı sonsuz ağrı-acılar…Nəğməsi susdu dodağında… Necə oxusun ki,qan-qada ucalandı Vətən torpağında…

Orta məktəbi qurtaran kimi, yaşı düşməsə də, cəbhəyə apardılar onu da… Üç il səngərlərdə qoydu can, ölümlə üzləşə-üzləşə hər an… Ağır yara alsa da, qalib bir əsgər kimi döndü geri… Yenə də hər məclisdə oldu özəl yeri…sonunda.

 

                                     

                                          “İrəvanda xal qalmadı”

Kolxozda ona iş verdilər. Ailə qurdu. Həyatında dəyişdi gərdiş. Kolxoz komsomol təşkilatının katibi kimi rayona saldı səs-səda… Raykom komsomola apardılar… Ali təhsili olmaya-olmaya bir müddət Şərur Rayon Komsomol komitəsinin birinci katibi, sonra isə rayon partiya komitəsində ümumi şöbənin müdürü vəsifəsində işlədi. Və nəhayət öz günahı üzündən vəzifə karyerasına son veriləndən sonra, ali təhsil düşdü yadına. Bu işdə xeyirxah insanlar yetdi onun dadına… İrəvan Dövlət Azərbaycan Pedaqoji İnstitutunun filologiya fakültəsinə daxil oldu.

                                               “İrəvanda xal qalmadı”

Bu ali təhsil ocağında təhsil ala-ala, onun ictimai həyatında da fəal iştirak etdi. Çallşıb böyük bir şövqlə, gənclik həvəsiylə, könülləri fəth etdi neçə-neçə ülfətli nəğməsiylə… O təhsil illərində Bakıdan İrəvana qastrola gələn ölməz ustdad Şövkət Ələkbərova, Əbülfət Əliyev, Tükəzban İsmayılova, Əlibaba Məmmədov kimi böyük sənətkarlarımlzla birgə eyni səhnəni bölüşdü… Hətta o sənatkarları kəndimizə gətirib evində ağırladı. Bəxtinə gün düşdü, kimsənin bəxtinə düşməyən gün… Onu Bakıya dəvət etdilər. O isə söz versə də əməl etmədi sözünə, bir qazan su tökdü şölənən közünə…

   O, ailəsindəki problemlərə görə, kənddə qalası oldu sinəsini hər əzaba gərə-gərə… Bir müəllim kimi qalan ömrünü həsr etdi gül balalara, yaşamı boyu İrəvanda qoyub gəldiyi xoş xatirələrə dala-dala… Gah siravi müəllim, gah dərs hissə müdiri, gah da məktəb direktoru kimi… Nəğməsi dilindən düşmədən davam etdi ömrünün yarpaq tökümü….

“İrəvanda xal qalmadı…”

O ülvi səs sahibi həyatında bu mahnımı oxudu təkcə? Xeyr! O, muğamlarımızla, xalq mahnılarımızla yanaşı, bəstəkar mahnılarımızın da gözəl ifaçısı idi.   Böyük nakam şairimiz Mikayıl Müşfiqin sözlərinə yazılmış nəğmələr daha şirin səslənərdi onun avazında. Lakin dünən də, bu gün də, sabah da hər kəs onu daha çox “İrəvanda xal qalmadı” mahnısı ilə tanıyıb, xatırlayıb, xatırlayır, xatırlayacaq da. Elə bu ilk mahnısı ilə də sevənlərinin qəlbində yaşayıb, yaşayır və daima yaşayacaq da…

 

                                                                                           29-30 yanvar 2021-ci il

                                                                         

                                                                                                   Ələsgər Talıboğlu

    Şair-publisist, AYB-nin üzvü,  Məmməd Araz mükafatı laureatı