İraqın parçalanması təhlükəsi reallığa çevrilir

509
Son vaxtlar İraqda yaranan təhlükəli vəziyyət  ölkənin varlığını şübhə altına alaraq beynəlxalq aləmin diqqətinin yenidən adıçəkilən ölkəyə cəlb edilməsinə yol açıb.
 Buna da səbəb özünü İraq Şam İslam Dövləti” (İŞİD) adlandıran silahlıların İraq ərazisində həyata keçirdikləri hücum əməliyyatlarıdır. Qısa müddətdə İraqın böyük ərazisini ələ keçirən İŞİD silahlıları addım-addım Bağdada yaxınlaşmaqdadırlar. Bu da, öz növbəsində, istər ABŞ başda olmaqla Qərb ölkələri, istərsə də bölgəyə qonşu olan dövlətlər, o cümlədən İran və Türkiyə tərəfindən narahatlıqla qarşılanmaqdadır. Son məlumatlara görə, İŞİD faktiki olaraq İraqın strateji əhəmiyyət daşıyan əksər ərazilərinə nəzarəti ələ alıb. İŞİD-in İraqda bir-birinin ardınca həyata keçirdiyi uğurlu əməliyyatlar, öz növbəsində, dünyanın tanınmış analitiklərini bunun səbəbləri barədə  düşünməyə məcbur edib. Əslində İŞİD-in uğurlarının əsas səbəblərindən biri İraq ordusunun, belə demək mümkünsə, mənəvi baxımdan düşkün olmasında, təslimçilik ruhundan xilas ola bilməməsindədir. Belə ki, İŞİD-lə ciddi döyüşlərə girmədən tutduqları əraziləri tərk edərək, ordunun geri çəkilməsi faktiki İraqın gələcəyini təhlükə altına alıb. Xatırladaq ki, 1991-ci ildə ABŞ İraqa qarşı hərbi əməliyyata başlayarkən də İraq ordusu ciddi müqavimət göstərmədən düşmən qarşısından geri çəkilmişdi. Nəticədə həmin dövrdə ABŞ cüzi itkilərlə İraq üzərində qələbə əldə edərək, ölkə ərazisinin böyük hissəsi üzərində nəzarəti ələ keçirdi. İraq ordusunun taleyüklü dövrlərdə  döyüşmək istəməməsi isə adıçəkilən ölkənin daxili qarşıdurmalar meydanına çevrilməsinə gətirib çıxardı. Təsadüfi deyil ki, İŞİD qarşışında geri çəkilən İraq ordusunun hərəkətləri ölkəni idarə edən Nuri əl-Maliki tərəfindən də bəzi sərt addımların atılmasına gətirib çıxarıb. Belə ki, ötən gün Nuri əl-Maliki 4 nəfər yüksək səviyyəli ordu rəsmisini vəzifəsindən azad edib. Eyni zamanda o, xəbərdarlıq edib ki, ordu müqavimətsiz döyüş meydanını tərk edəcəyi təqdirdə, əsgər və zabitlər müharibə qanunlarına uyğun şəkildə cəzalandırılacaqlar. Amma Maliki çətin ki, bu yolla ordunun döyüşmək istəməməsinin və ya döyüşə bilməməsinin qabağını ala bilsin. Çünki söhbət yalnız yüksək səviyyəli zabitlərin çoxunun orduya uğurla rəhbərlik edə bilməməsindən getmir. Ümumiyyətlə, İraqın işğalından sonra orduda yaranan düşkünlük ruhu  və ölkə daxilində gedən mənasız qarşıdurmalar hərbçiləri, belə demək mümkünsə, öz başlarını mümkün qədər sağ-salamat saxlamağa məcbur etməkdədir. İŞİD-in İraqda əldə etdiyi uğurların digər səbəbi isə Maliki rejiminin ölkənin çoxluq təşkil edən sünni əhalisinə qarşı həyata keçirdiyi ayrı-seçkilik siyasətidir. Nəticədə İraqda çoxluq təşkil edən sünni əhali ölkənin idarə edilməsinə cəlb edilməyib. Bu da İŞİD-in İraqda həyata keçirdiyi hərbi əməliyyatların ölkənin sünni əhalisi tərəfindən dəstəklənməsinə gətirib çıxarıb. Qərbin tanınmış siyasi müşahidəçiləri də Maliki hökumətinin sünni əhaliyə qarşı ayrı-seçkilik siyasətinin ölkəni uçuruma sürükləməkdə olduğunu və İŞİD-in qazandığı uğurlarda müəyyən rol oynadığını xüsusi qeyd edirlər. Son günlər Yaxın Şərqdə, xüsusilə də Suriya və Şimali İraqda həyata keçirdiyi işğal və qətliamlarla tanınan İŞİD Mosulda Türkiyə konsulluğuna hücum edərək, bir çox diplomatı girov götürərək, yenidən dünyanın gündəminə gəldi.

 

İŞİD-i kimlər dəstəkləyir?

İŞİD-in İraqda həyata keçirdiyi uğurlu hərbi əməliyyatlar bu qurumun hansı qüvvələr tərəfindən yaradıldığı məsələsini yenidən gündəmə gətirib.  Bununla bağlı araşdırma aparan Yaxın Şərqin nüfuzlu mətbu orqanlarından olan “əl-Cəzirə” kanalının yaydığı məlumata görə,  İŞİD 2004-cü ildə “Tövhid və Cihad” adı ilə Əbu Musa Zərqavi tərəfindən İraqda yaradılıb. Qurumun məqsədi isə İraq, Suriya, Fələstin və İordaniyanın daxil olduğu ərazidə şəriət əsaslarına dayanan sələfi dövləti qurmaqdır.

2006-cı il iyun ayının 7-də ABŞ hərbi kontingentinin İraqda  keçirdiyi hərbi əməliyyat nəticəsində Zərqavi öldürüldü. Onu Əbu Həmzə əl- Mühacir əvəzlədi. Buna paralel olaraq 2006-cı ilin axırına yaxın “Əl Qaidə”yə yaxın olan Ömər əl-Bağdadi “Tövhid və Cihad”ın bir qolu hesab edilən “İraq  (Şam) İslam Dövləti”ni qurduğunu bəyan etdi. 2010-cu ilin aprelində  Əbu Ömər əl-Bağdadi və Əbu Həmzə əl-Mühaciri ABŞ tərəfindən qətlə yetirildilər. Bundan sonra təşkilata rəhbərliyi Əbu Bəkr əl- Bağdadi öz üzərinə götürdü.  2011-ci ilin sonunda Muhamməd Colaninin liderliyi ilə “Əl Qaidə”nin Suriya briqadası kimi “Nüsra” cəbhəsi quruldu.

Bir müddət sonra isə Əbu Bəkr əl-Bağdadi “Nüsra” cəbhəsi ilə “İraq İslam Dövləti”nin “İraq Şam İslam Dövləti” adı altında birləşdiyini elan etdi. Amma qarşı tərəf bunu təkzib etdi və nəticədə onlar arasında silahlı toqquşmalar başladı. Bu toqquşmalarda İŞİD Suriyada “Nüsra” cəbhəsinin nəzarətində olan Deyr əz Zur şəhərini işğal edib. Hazırda Suriyada Mumbuc, Raqqa və Deyr əz Zur şəhərlərini işğal altında saxlayan İŞİD qüvvələri İraq Ənbar əyalətinin Fəllucə rayonunu, Ramadini və bir neçə gündür də Mosulu nəzarətdə saxlayır.

İŞİD-in Suriyadakı hərbi heyətinin 6-7 min olduğu güman olunur. Əsgərlərin əksəriyyəti xaricdən gəlmiş muzdlulardır. İraqda isə İŞİD qüvvələrinin sayı 10 min nəfərdən çoxdur.

İran İŞİD-in ABŞ tərəfindən yaradıldığını və  silahlandırıldığını iddia edir. Belə bir fikir vurğulanır ki, bundan məqsəd İraqın parçalanması və onun yerində üç dövlətin( sünni, şiə və kürd dövləti) qurulmasıdır. Suriya müxalifəti isə iddia edir ki, ölkədəki inqilabı zərərsizləşdirmək üçün İŞİD rəsmi Dəməşq tərəfindən dəstəklənir. Həmçinin Bəəs rejiminin müxaliflərin olduğu bölgələrə isə barrel bombası atdığı, İŞİD nəzarətində olan bölgələrdə analoji addımı atmadığı da iddia olunur.

İŞİD-in Raqqada hasil etdiyi nefti rəsmi Dəməşqə satdığı bildirilir. Öz növbəsində, Maliki də Səudiyyə Ərəbistanını İŞİD-i dəstəkləməkdə, ona silah və maliyyə yardımı göstərməkdə günahlandırıb

 

İraqın parçalanması üçün “İnon” planı

İraqda İŞİD-in qazandığı hərbi uğurlar və bu ölkənin faktiki olaraq, 3 dövlətə parçalanması təhlükəsi 1980-cı ildə İsrailin tanınmış siyasi müşahidəçisi İnon tərəfindən adıçəkilən ölkə ilə bağlı hazırladığı planı yada salıb. “İnon planı” adı verilən bu plana əsasən, İraq və Suriya daxilində etnik və məzhəb qarşıdurması qızışdırılmalı və bu əsaslar üzərində də onların ərazilərində 3-5 dövlət qurulmalı idi. Bu plana münasibətdə İsraillə Səudiyyə Ərəbistanının mövqeyi üst-üstə düşür. İş orasındadır ki, Səudiyyə Ərəbistanı ABŞ tərəfindən dəstəklənən əl-Maliki hökumətini “İran yanlısı” hesab edərək, ona qarşı mübarizə aparır. Bu müstəvidə də İŞİD-in Səudiyyə Ərəbistanı tərəfindən dəstəkləndiyi ehtimal edilir. Nəhayət, İŞİD-in İraqda həyata keçirdiyi hərbi əməliyyatların ABŞ-İran yaxınlaşmasına qarşı çevrildiyi də istisna edilmir. Belə ki, İsrail və Səudiyyə Ərəbistanı hər vasitə ilə ABŞ-İran yaxınlaşmasına mane olmağa cəhd edirlər. İŞİD-in Suriyadakı hərbi əməliyyatları dayandıraraq İraqa hücum etməsi də bununla izah edilir. Hər halda İŞİD-in İraqda həyata keçirdiyi son hərbi əməliyyatların ölkənin üç yerə (Kürdüstan, Sünni və Şiə dövlətlərinə) parçalanması təhlükəsinə yol açdığı göz önündədir. İraqda Kürdüstan dövlətinin yaradılmasının əsas təşəbbüskarlarından birinin İsrail olduğınu nəzərə alanda onda bölgədə “İnon planı”nın addım-addım həyata keçirilməkdə olduğu ortaya çıxır.

İraqdakı son hadisələr ABŞ-ı yenə də İŞİD-ə qarşı mübarizədə İranla dil tapmağa məcbur edib. Amma onlar hələ ki bu məsələdə ortaq məxrəcə gələ bilməyiblər. Bu arada isə İraqın Maliki hökumətinə yardım etmək üçün İranda könüllülər toplanılır. ABŞ isə İŞİD-ə qarşı, əvvəlcə, hərbi əməliyyatlara baş vurmayacağını elan etmişdi. Lakin son məlumatlara inansaq, ABŞ İŞİD-ə qarşı hərbi gücdən istifadə etmək nyyətindədir.  Bunu ABŞ qırıcı təyyarələrinin İraq üzərində həyata keçirdiyi uçuşlar da sübut edir. Bütün bunlar isə İraqın yeni bir bataqlığa sürüklənməkdə olduğunu göstərir. ƏZIZ MUSTAFA,