Yaxın Şərqin sağalmayan yarası (1)

454
Yanar Kərkük, Mum kimi yanar Kərkük. Yağ yandı, fitil bitdi, Axırında söndü Kərkük.  Bu alma dörd olaydı, Qanıma dərd olaydı. Boynumu vuran cəllad Kaş ki bir mərd olaydı.  (İraq türkmənlərinin soyqırımı bayatılarından).
Yaxın Sərqdə baş verən son hadisələr, o cümlədən özlərini İraq Şam İslam Dövləti (İŞİD) adlandıran silahlıların İraqda həyata keçirdikləri hücum əməliyyatları və bu müstəvidə Kərkükü və Telaveri işğal edərək yüzlərlə türkməni (türkman) qətlə yetirməsi beynəlxalq aləmin diqqətinin yenidən bu bölgəyə cəlb edilməsinə səbəb olub. Bu baxımdan İŞİD silahlılarının türkmənləri qətlə yetirməsi bölgədə 90 ilə yaxın bir müddət ərzində həyata keçirilən türkmən soyqırımılarının davamı hesab edilə bilər. İraq türkmənlərinin faciəsi isə Osmanlının çökməsindən və bu ərazilərin İngiltərə tərəfindən işğal edilməsindən sonra başladı. Yenə də ürək ağrısı ilə qeyd etmək istəyirik ki, İraq türkmənlərinin başlarına gətirilən faciələrin  və onların kütləvi şəkildə soyqırımılarına məruz qalmasının əsasında yaşadıqları bölgədə zəngin neft ehiyatlarının olması dayanır. İstənilən millətə milyardlarla dollar gəlir gətirən neft İraq türkmənlərinə qətllərə, soyqırımılarına məruz qalmaq, gözyaşları, bir sözlə, ölüm gətirib.  Digər tərəfdən də, eynilə Azərbaycan kimi, coğrafi baxımdan olduqca hərbi – strateji önəm daşıyan məkanda yaşamaları İraq türkmənləri üçün daha bir faciəyə gətirib çıxarıb.Bu baxımdan türkmənlərin yaşadıqları ərazilər və onların tarixi barədə müəyyən biliyə malik olmadan türkmən soyqırımılarının əsasında nələrin dayandığını da anlamaq, başa düşmək çətindir. Ona görə də istər-istəməz İraq türkmənlərinin mənşəyini, onların kimliyini araşdırmaq lazım gəlir.

İraq türkmənləri kimdirlər?

Tarixçilərin ehtimallarına görə, İraqda yaşayan türkmənlərin tarixi ilkin orta əsrlərə gedib çıxır. Ərəb mənbələrinə görə, islamın bölgədə yayılmağa başladığı vaxtda bu dini ilk qəbul edənlərdən biri də indiki Cənubi Azərbaycanda, Sasani imperiyasının zülmləri altında inləyən türklər oldular. Onların olduqca döyüşkənlikləri ilə seçilmələri qısa müddət ərzində ərəb sərkərdələrinin və xəlifələrinin diqqətini cəlb etdı. Ərəblər türklərdən dövlət idarələrinin mühafizəsində, o cümlədən orduda istifadə etməyə başladılar. Bu türklərin arasından qısa müddətdə tanınmış sərkərdələr çıxdı və türklərdən təşkil edilən hərbi birliklər ərəb ordusunun əsas zərbə gücünü təşkil etməyə başladı. Türklərin İraqda yerləşdirilməsi də yenə ərəb mənbələrinə görə, məhz o tarixdən, yəni VII əsrin 30-40-cı illərində başladı. Əslində türklərin Yaxın Şərqdə yerləşməsi Atillanın dövrünə (V əsrin ortalarına) gedib çıxır.  O dövrdə dünyanın siyasi xəritəsini dəyişdirərək böyük köçə səbəb olan Hun türklərinin bir hissəsi İran və Azərbaycan ərazisindən keçərək İraqa gəlib çıxmış  və onlar Kərkük və ətrafındakı ərazilərdə, indiki türkmənlər yaşayan torpaqlarda məskunlaşmağa başlamışdılar. Bəzi tarixçilər isə İraq türkmənlərini İraq ərazisində böyük bir sivilizasiya quran şumerlərin varisləri hesab edirlər. İraq ərazisindəki çoxsaylı qədim türk toponimləri də bu iddianın doğru olduğunu sübut edən faktlardan biri kimi göstərilir. Hər halda, türkmənlər yaşayan ərazinin eramızdan min illər öncə türklər yaşayan Cənubi Azərbaycanla qonşuluqda yerləşməsi türkmənlərin əslində İraqın ən qədim sakinləri olduğunu ehtimal etməyə imkan verir. Ərəb tarixi mənbələrində türkmənlərin adı  674-cü ildə çəkilir. Bununla bağlı verilən məlumata görə, 674-cü ildə Əməvi xəlifəsi Müaviyə tərəfindən Xorasana göndərilən Ubeydullah bin Ziyad 2000 türk əsgərini Bəsrədə yerləşdirdi. Bu əsgərlər ordunun əsas qüvvəsini təşkil edərək, qısa müddətdə yerləşdikləri ərazidə sürətlə artıb çoxalmağa və bölgəyə qonşu vilayətlərdə də yerləşməyə və sayca yerli əhalidən çoxluq təşkil etməyə başladılar. Ərəb xilafətinin dağılmasından sonra bölgədə hakimiyyəti ələ keçirən türklər daha da güclənməyə başladılar. Bu işdə Orta Asiyadan gələn oğuz türklərinin-səlcuqların böyük rolu oldu. Bölgədə möhkəmlənən oğuz türklərinin yaratdıqları qüdrətli Səlcuqlu imperiyası dövründə isə İraq tamamilə türklərin nəzarəti altında idi. Monqolların bölgəyə gəlişindən sonra bölgədə türk varlığı nisbətən zəiflədi, ancaq Qaraqoyunlu və Ağqoyunluların hakimiyyəti dövrlərində ( XV əsr)  ölkəni idarə edənlər tərəfindən Azərbaycanın müxtəlif yerlərindən, o cümlədən Qarabağdan İraqa – hazırda İraq türkmənləri yaşayan ərazilərə türklər köçürüldülər. Nəticədə Azərbaycan türkcəsinə yaxın, demək olar eyni ləhcədə danışan türklər bu ərazidə yenidən çoxluq təşkil etməyə başladılar. Hazırda İraq türkmənləri İraqın Kərkük, Telafer, Ərbil, Altınkörpü, Tuzhurmatu, Kifri, Qara təpə, Hanəkin, Məndəli, Səlahəddin və Diyala da daxil olmaqla İraqın şimalından başlayaraq, şərqində yerləşən Bədrəyə qədər uzanan bir ərazidə yaşayırlar. Türkmənlər İraqın digər ərazilərində də kompakt və yerli xalqla qarışıq şəkildə yaşamaqdadırlar. Qarışıq ərəb həmçinin kürdlərlə birgə yaşayan türkmən kəndlərinin sayının 100-dən artıq olduğu barədə məlumatlar var. Türkmənlərin sayı haqqında məlumatlar da fərqlidir. İraq mənbələrinə inansaq, türkmənlərin sayı 1 milyon nəfərə yaxındır.  Amma İraq türkmənlərinin sayının 2 və ya 3 milyon nəfər olduğu ehtimal edilir. Əgər vaxtaşırı kürdlər və ərəblər tərəfindən həyata keçirilən türkmən soyqırımıları olmasaydı, onda türkmənlərin sayının daha çox olacağını ehtimal etmək olar

 

Osmanlının çöküşü və

ilk türkmən soyqırımıları

1914-cü ildə başlayan və zorla Osmanlının da cəlb edildiyi I Dünya müharibəsi dünyanın, o cümlədən Yaxın Şərqin  siyasi xəritəsinin dəyişməsinə gətirib çıxardı.  Osmanlının tarixə qovuşmasına səbəb olan I Dünya müharibəsi özü ilə İraq türkmənlərinə yeni faciələr gətirdi. Osmanlının çökməsindən istifadə edən  və ingilis casusları tərəfindən dəstəklənən yerli ərəblər 1918-ci ildə bölgədə yaşayan türkmənlərin üzərinə hücum edərək, onları öldürməyə başladılar. Bununla da bölgədə ingilislər tərəfindən körüklənən türkmən soyqırımılarının əsası qoyuldu. Ümumiyyətlə, həmin dövrdən başlayaraq İraqdakı türkmən soyqırımıları qızışdı. 1920-ci ildə Kaçakaç və Telaferdə ərəblər türkmənlərin üzərinə hücum edərək, yüzlərlə dinc sakini qətlə yetirdilər. Onların günahı isə türk olmaları idi. Bu qırğının da arxasında ingilislər dayanmışdı. Məqsəd bölgədə türk varlığına son qoyaraq, bölgənin neftlə zəngin əraziləri üzərində nəzarəti ələ almaq idi. Ümumiyyətlə, həmin dövrdə başlayan türkmən soyqırımılarını xronoloji ardıcıllıqla belə düzmək olar

Levi soyqırımı (Kərkük 1924),  Gavurba soyqırımı (Kərkük 1946), Kərkük soyqırımı (14-17 iyun 1959), Tazehurmatu soyqırımı (1979), türkmən liderlərin soyqırımı (1990),  ikinci Tazehurmatu soyqırımı  (25 mart 1991), Altunkörpü soyqırımı (28 mart 1991),  Ərbil soyqırımı (31 avqust 1996), Üçüncü Tazehurmatu soyqıırmı  (22 avqust 2003), Telafer soyqırımı  (9 sentyabr 2004), İkinci Telafer soyqırımı (21 fevral 2005),  Mosul soyqırımı  (24 sentyabr 2005), Yengicə soyqırımı (10 mart 2006), Qaratəpə soyqırımı (4 iyun 2006), Ikinci Kərkük soyqırımı (13 iyun 2006), Tavuk soyqırımı  (8 iyun 2007), Amirli soyqırımı (7 iyul 2007) və  nəhayət,  son illərdə kürdlər tərəfindən Mosul, Kərkük və türkmənlər yaşayan digər ərazilərdə həyata keçirilən türkmən soyqırımıları. Buraya son vaxtalar İŞİD silahlıları tərəfindən Kərkükdə, Tuzhurmatuda, Telaferdə və digər yerlərdə həyata keçirilən türkmən soyqırımılarını da əlavə edəndə dəhşətli bir mənzərə alınır. ƏZIZ MUSTAFA