İraq türkmənlərinin azadlıq qəhrəmanı – Necdət Koçak (2)

553
Necdət Koçak 1959-cu ildə kürdlər və ərəblər tərəfindən Kərkük qətliamında qətlə yetirilən şəhid türkmən lideri Ata Hayrullahın vaxtı ilə qurduğu gənclər təşkilatına üzv yazıldı. 
Sonra isə o, bu təşkilata rəhbərlik etməyə başladı. Ankaraya qayıdaraq təhsilini davam etdirən Necdət Koçak eyni zamanda Kənd Təsərrüfatı Nazirliyində çalışdı. O, 1966-cı ildə Ankara Universitetinin kənd təsərrüfatı fakültəsində magistratura pilləsində təhsil aldı. 1969-cu ildə isə Ankara Universitetinin doktorunturasını bitirdi. Sonra yenidən İraqa qayıdan Necdət Koçak Bağdat Universitetinin mühəndislik fakültəsində müəllim kimi fəaliyyətə başladı. Buna paralel olaraq Necdət Koçak türkmənlərin haqlarını da cəsarətlə müdafiə etməkdə idi. Amma onu İraq gizli polisi izləməkdə idi. İraq xüsusi xidmət orqanları Necdət Koçakın Türkiyəyə casusluq etməsindən şübhələnmişdilər.  Amma onu həbs etmək üçün uzun müddət dəlil və sübut tapa bilmədilər. Bu arada ümidini Türkiyəyə bağlayan Necdət Koçak qan qardaşlarından türkmən qətliamına son qoyulması üçün yardım ala bilmirdi. Həmin dövrdə Türkiyə sanki ərəb və kürd millətçiləri tərəfindən həyata keçirilən türkmən qətllərini görmürdü. Halbuki, 1959-cu ildə minbaşı Ata Hayrullah da daxil olmaqla 36 nəfər türkmənin ərəb və kürd millətçiləri tərəfindən qətlə yetirilməsindən bütün dünya qəzetləri yazırdı. Amma Türkiyə qonşu İraqdakı türkmənlərin qətllərindən özünü xəbərsiz kimi aparırdı. Əslində  Türkiyə ilə İngiltərə arasında imzalanan Bağdad anlaşmasına görə Türkiyə türkmənlərin təhlükəsizliyinin təmin edilməsi məsələsində qarant dövlət hüququna malik idi. Həmin dövrdə Türkiyə istəsəyədi, bu anlaşmaya əsasən Kərkükə qoşun yeridə və İraq türkmənlərinin yaşadıqları əraziləri öz nəzarəti altına ala bilərdi. Bu həm də Türkiyə hökumətinin bölgədəki təsirini daha da artıraraq onu regionun söz sahibi olan dövlətinə çevirə bilərdi. Təəssüflər olsun ki, həmin dövrdə  Türkiyəni idarə edənlər onlara verilən bu əlverişli inkandan istifadə edə bilmədilər. Əksinə İraq hökuməti rəhbərləri Türkiyəni o dövrdə idarə edənləri Bağdada dəvət edərək türkmən soyqırımı barədə mətbuatda qaldırılanların doğru olmadığını dedilər. Onlar hiyləgərcəsinə ərəb-türk dostluğunun əbədi olduğunu söyləyərək baş verənlərin sadəcə olaraq şişirdildiyini bildirdilər. O da geriyə Türkiyəyə dönəndə bəyan etdi ki, İraqda türkmənlər qətlə yetirilmir və bu barədə yayılanlar yalandır. Məqsəd Türkiyə ilə İraq arasında düşmənçiliyi qızışdırmaqdır. Bütün bunlar isə Necdət Koçakın Türkiyəyə olan ümidlərini boşa çıxarmaqda idi. O həmin dövrdə dostlarından birinə yazmışdı: “Mən başa düşmürəm, doğrudanmı Türkiyə rəhbərliyi türkmənlərin soyqırımına məruz qalmadığı barədə Bağdad rəhbərliyinin dediklərinə inanıb? Axı Kərkük Ankaraya Bağdaddan daha yaxındır və orada baş verən türkmən soyqırımları bütün dünyaya məlumdur. Əgər Ankara türkmən soyqırımlarından xəbərsiz isə onda gec-tez bunun ağrısını, yanğısını öz üzərində hiss edəcək. Çünki düşmənlər kürd millətçilərini nəinki İraqda, həm də Türkiyədə hökumətə qarşı mübarizəyə səsləyirlər. Türkmən soyqırımı yanğını Kərkükdən kənara çıxsa, onda növbəti hədəf Türkiyə olacaq və orada qardaş türk qanı axıdılacaq. Türkiyə hökuməti bu yanğını Kərkükdə söndürməli, onun öz ərazisinə sıçramasına imkan verməməlidir”.

Amma həmin dövrdə Türkiyəni idarə edənlər türkmənlərin faciələrinə biganə qalmaqda davam etdilər.  Onlar türkmən qətliamlarının qarşısını almaq üçün bir addım belə atmadılar. Əksinə ərəb və kürd millətçilərinin zülmlərindən və qətliamlarından qaçaraq Türkiyəyə gəlmək istəyənləri ölkəyə buraxmadılar. Lakin illər sonra Necdət Koçakın o ağır dövrdə uzaqgörənliklə dediyi sözlər doğru çıxdı. Türkiyə hökumətinin türkmən soyqırımına göz yummasından istifadə edən və İsrail xüsusi xidmət orqanları tərəfindən ələ alınan kürd millətçi liderləri mübarizəni Türkiyə ərazisinə keçirdilər. Nəticədə PKK terrorçuları 35 minə yaxın günahsız türkün qanını tökdülər.

 

Son  dönüş

Necdət Koçak həmin dövrdə Türkiyədə türkmən soyqırımları barədə əsl həqiqətləri yerli ictimaiyyətə çatdırırdı. O eyni zamanda  ərəb və kürd millətçilərinə qarşı gizli mübarizəsini davam etdirməkdə idi. Səddam Hüseyn İraqda hakimiyyətə gələndən sonra türkmənlərə qarşı edilən zülmlər daha da artdı. Bunu görən Türkiyədəki dostları ona bir daha Kərkükə dönməməyi, qardaş ölkədə qalmağı məsləhət gördülər. Lakin Necdət Koçak onlara cavabında: “İraqa dönməməyim mümkün deyil. Oradakı qardaşlarımızı, uşaqlarımızı, qadınlarımızı necə özbaşına, sahibsiz buraxa bilərik? Mən Kərkükün ikinci Kıbrısa dönməsinə dözə bilmərəm. Ona görə də İraqa  dönmək məcburiyyətindəyəm. Allahın yaratdığı hər türkmən bizim insanımızdır, biz onları tək qoya bilmərik, buna dözə bilmərəm”,-dedi.

O vətətnini sevirdi və Bağdadda 100 Səddam Hüseyn  olsaydı belə, yenə vətənə dönəcək, türkmən soyqırımlarına qarşı mübarizə aparacaqdı.

Özünü ölüm gözlədiyini bilə-bilə vətənə qayıtdı. Nəcdət Koçak bu dəfə yolunun əbədiyyətə doğru olduğunu yaxşı bilirdi.

 

Əbədiyyətə yol

İraqa qayıdandan az sonra Səddam Hüseyn tərəfindən xüsusi əmrlə Necdət Koçakı həbs etdilər. Onu Türkiyə xeyrinə casusluqda günahlandırırdılar. Halbuki, o, türkmən xalqının azadlıq mübarizəsinə başçılıq edirdi. Əgər Necdət Koçak casus olmaq istəsəydi, daha türkmənlərin halına biganə qalan Türkiyəyə deyil, Bərzanilər kimi İraq hökumətinə qarşı gizli cəbhə açan MOSSAD-a xidmət edərdi. 10 ay ərzində Necdət Koçakı dəfələr ilə sorğu-suala tutdular. Ona işgəncələr verərək, casusluq etməsini boynuna qoymaq istədilər. Ancaq Koçak bütün işgəncələrə mərdliklə dözdü. Sonda casusluğa görə, fakt tapmayanda onu dostlarına qarşı qoymaq istədilər. “Sən dostlarını de, səni buraxaq və ya cəzanı yüngülləşdirək”,-deyə, vəd verdilər. Lakin Koçak bütün bunları rədd etdi. O: “Mən xain deyiləm, heç kimi satmaram”,-dedi.  Bunu görən məhkmə Səddam Hüseynin birbaşa göstərişi ilə heç bir dəlil və sübut olmadan bu azadlıq mübarizi barəsində ölüm hökmü çıxardı. 1980-ci il yanvar ayının 16-da Türkmən xalqının mərd, azadlıq mübarizini edam etdilər. O, ölümündən əvvəl dostlarına mesaj göndərə bilmişdi.

Onun bu mesajı əslində vəsiyyət anlamı daşıyırdı. Necdət Koçak yazırdı: “Heç”bir şey dəyişməsin, doğru bildiyiniz yolla davam edin. Yoldaşlara deyin ki, qorxmasınlar.

Mən heç kimi satmadım. Bu qan yerdə qalmayacaqdır.

Ağaç budandıqca göyərir.

Ağacın özündə də qurd var. 27 gün əvvəl məhkəmədə məni satanların adlarını dedilər. “Sən bu toplumun liderisən, bir siyahı verəcəyik. Siyahıda tanıdıqlarının adlarının qabağına işarə qoy. Belə etsən cəzanı yüngülləşdirərik. Əks halda edam ediləcəksən”,-dedilər. Bu mənə lazım deyil, mən vətənə xəyanət etmərəm. Mən sadəcə olaraq bir türkəm və türklərində İraqda haqlarının müdafiə edilməsini istəyirəm”,-deyə onlara cavab verdim.

Necdət Koçak gizli şəkildə ailə üzvlərindən bir neçəsinin iştirakı ilə dəfn edildi.

Türkmən xalqının haqq işinin müdafiəsi yolunda şəhid olan Necdət Koçak əxlaqlı bir insan idi. Heç kim ondan pislik görmədi, pis söz eşitmədi. O, azadlıq mübarizi  idi və bu yolda da haqqın rəhmətinə qovuşdu.  Ruhu şad olsun. / ƏZIZ MUSTAFA/