“İranla Rusiya türkmən qətliamı törədir”

949

Son bir neçə gündür Suriya ərazisində yerləşən Türkmən dağı Rusiya hərbi təyyarələri tərəfindən bombardman edilir. Burada məskunlaşan türkmənlərə qarşı, sözün əsl mənasında, qətliam törədilir. Məlumat üçün qeyd edək ki, sözügedən ərazinin bir hissəsi müxalif qrupların əlindədir. Bu qrupların arasında həm türkmənlər, həm də başqa qruplar var. Dağın böyük bir hissəsi isə Əsəd qüvvələrinin nəzarəti altındadır.

“1 yanvar 2016-cı ildə BMT-nin nəzarəti altında başlayacaq atəşkəs ərəfəsində nusayrilərə və Əsədə yaxın qüvvələrə yer açmaq üçün Rusiyanın geniş dəstəyi ilə türkmən bölgələri boşaldılmağa çalışılır”. Bunu APA-ya açıqlamasında Türkiyədəki Bayırbucak Yardımlaşma Dərnəyinin fəxri başqanı, keçmiş millət vəkili Mehmet Şandır deyib. Onun sözlərinə görə, türkmənlərə qarşı rəsmən etnik təmizləmə əməliyyatı aparılır: “Mövcud vəziyyəti fürsət bilən qüvvələr öz qruplarını türkmənlərdən boşaldılan bölgələrə yerləşdirirlər ki, sabah atəşkəs olanda oranı öz əllərində saxlasınlar. Çünki ölkədə sülh yaranandan sonra kim haradadırsa deyəcək ki, bura mənimdir. Burada əsas məsələ Türkiyənin təhlükəsizliyi məsələsidir. Türkiyəni idarə edənlər bunu görməli və lazımi addımları atmalıdırlar”.

Sözügedən məsələ ilə bağlı “Zaman-Azərbaycan” qəzetinə danışan millət vəkili Fazil Mustafa İranla Rusiyanın türkmənlərə qarşı qətliam törətdiyini bildirdi: “Türk mənşəli xalqın təmsilçisi kimi çox ağır bir üzüntü ilə izləyirik bu hadisələri. Bu, İranla Rusiyanın birlikdə türkmən qətliamıdır. Bu qətliama qarşı bütün türk dünyası öz mövqeyini ortaya qoymalıdır. Bunun qarşısını almaq üçün bütün səylər göstərilməlidir. Ümid edək ki, bu istiqamətdə müəyyən addımlar atılacaq. Hər halda Türkiyənin də bu məsələdə həssas davranması və sərt mövqe ortaya qoyması vacibdir”.

Rasim Musabəyov isə qəzetimizə müsahibəsində Türkiyə ilə yanaşı, Azərbaycanın da bu cinayətə qarşı öz səsini qaldırmalı olduğunu vurğuladı: “Birmənalı olaraq bu hərəkət pislənməlidir. Burada ayrı heç bir mövqe olmamalıdır. Azərbaycan bizim qan qardaşlarımızla həmişə həmrəy olub və olacaq. Türkiyə də öz səsini qaldırıb. Bu baxımdan Azərbaycan da səsini qaldırmalıdır”.

Rasim Məmmədli