İranın TANAP-dan başqa alternativi yoxdur

557

Ötən həftə “Altılıq” ölkələri ilə nüvə razılaşması əldə edən İranın yaxın zamanlarda iqtisadi sanksiyalardan azad olunacağı gözlənilir. Əgər bu, baş verərsə, İran təbii qazını Avropa bazarlarına çıxarma imkanı əldə edəcək ki, bunun üçün də ən uyğun marşrut “Trans-Anadolu” Təbii Qaz Boru Xətti Layihəsi (TANAP) hesab olunur. Hətta “Altılıq” ölkələri ilə aparılan danışıqlardan əvvəl İran tərəfi dəfələrlə bəyan edib ki, onlar TANAP layihəsi ilə yaxından maraqlanırlar. Xatırlayırsınızsa, ötən il İran-Azərbaycan müştərək iqtisadi komissiyasının iclasında iştirak etmək üçün Bakıya səfər edən İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaizi Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayevlə görüşü zamanı bildirib ki, rəsmi Tehran Azərbaycan və Türkiyə ərazisindən keçəcək TANAP kəməri vasitəsilə qaz ixracının iqtisadi səmərəsini araşdırır. Qeyd edək ki, bir-neçə gün əvvəl SOCAR-ın prezidenti Rövnəq Abdullayev də məsələyə münasibət bildirib. SOCAR-ın prezidenti deyib ki, TANAP hal-hazırda o qədər gəlirli layihədir ki, artıq buradan pay vermək lazım deyil: “Bundan sonra yalnız sata bilərik. Yaxşı qiymətlər təklif olunsa, satmaq olar. Hal-hazırda təkliflər var. Bilirsiniz ki, İranın üzərindən sanksiyalar götürüldükdən sonra TANAP-ın gündəliyi çox yüksəlir. Bilirsiniz ki, İranın da gələcəkdə qazı olacaq və bu qazı bazarlara çıxarmaq üçün TANAP-dan başqa bir alternativ yoxdur”. Dünən Türkiyənin enerji və təbii sərvətlər naziri Taner Yıldız da məsələ ilə bağlı açıqlama verib. Türkiyəli nazir İranın TANAP-dan pay almasının mümkünlüyünü vurğulayıb. Nazir qeyd edib ki, digər ölkələrdən də TANAP layihəsində iştirakla bağlı təkliflər irəli sürülüb: “TANAP-da istər Türkiyənin, istərsə də SOCAR-ın payı üçün uyğun ticarət şərtləri meydana gələrsə, strateji iş birliyini də nəzərə alaraq, belə bir əməliyyat mümkün ola bilər”.

Verilən rəsmi açıqlamalardan belə başa düşmək olar ki, rəsmi Tehran Azərbaycan və Türkiyə ilə danışıqlar prosesinə hazırlaşır və tərəflər də İranın bu istəyini müsbət qarşılayırlar.  İranın coğrafi mövqeyinə baxdığımız zaman açıq şəkildə görünür ki, təbii qazını Avropa bazarlarına çıxarmaq istəyən İran üçün TANAP qədər səmərəli başqa alternativi yoxdur.

Qeyd edək ki, hazırda TANAP layihəsində Azərbaycan 58, Türkiyə 30, BP şirkəti isə 12 faiz paya sahibdirlər.

ALLAHVERDİ CƏFƏROV