İrandan İŞİD-ə xəbərdarlıq

575
“İraq torpağının içərisində İran sərhədinə 40 kilometr məsafədə terrorçu qruplar üçün qırmızı xətt çəkmişik və onlar bu xətti keçərsə, İran ordusu onları məhv edəcək”. 
Bunu İran Silahlı Qüvvələri Quru Qoşunlarının komandiri, briqada generalı Əhmədrza Purdəstan deyib. Onun sözlərinə görə, İran Silahlı Qüvvələrinin quru qoşunları sərhəddə tam hazır vəziyyətdədir: “İŞİD terrorçu qrupları bizim mesajlarımızı alıb və nəzərdə tutulan ərazidən uzaqlaşıb. İraq ərazisində terrorçu qrupların hərəkətlərini izləyirik və onların iş qaydaları ilə tanışıq”.

“İran olmasaydı, indi İraq hökuməti Bağdadda deyildi”

“Əgər İran, xüsusilə Sepah komandirlərindən Hacı Qasim Süleymani olmasaydı, indi Heydər Əl-İbadinin hökuməti Bağdadda deyil, İraqdan kənarda idi”. Bunu İraqda İŞİD-ə qarşı döyüşlərdə öldürülmüş Sepah komandirlərindən biri Həmid Təqəvinin yas mərasimində İraqın Bədr Təşkilatının sədri Hadi Əl-Amiri deyib. O bildirib ki, İraq terrorçularla mübarizədə uğuru İranın və könüllülərin dəstəyi ilə əldə edib: “Terrorçuların işğalında olan İraqın digər əraziləri də könüllülərin dəstəyi ilə azad olunacaq. İraqın bütün ərazilərinin azad edilməsi üçün proqram və lazımi imkanlar var. Bu, tezliklə baş verəcək. Könüllü qruplar İraqın polis və ordusu ilə birlikdə İŞİD əleyhinə mübarizə aparır. İraq xalqı özü koalisiyanın yardımı olmadan da terrorçular üzərində qələbə qazanacaq”.