“İranda narkomanların sayı 4 milyon nəfərə çatıb”

489

İranda Sistemin Məsləhətini Müəyyənləşdirən Qurumun nəzdində fəaliyyət göstərən narkotik maddələrə qarşı mübarizə komitəsinin rəisi Əli Haşimi, oktyabrın 14-də jurnalistlərə açıqlamasında ölkədə narkomanların, işsizlərin və peyk antenlərindən istifadə edənlərin sayından danışıb. Əli Haşimi deyib ki, ölkədə narkomanlarla işsizlərin sayının gündən-günə artması ciddi nigaranlığa səbəb olub: “Rəsmi statistik rəqəmlərə görə hazırda ölkədə narkomanların sayı 4 milyon nəfərə çatıb. Bunların 2 milyon 500 min nəfəri qəti narkomanlar olanlar, qalanlar isə əylənmə məqsədilə vaxtaşırı narkotik maddələrdən istifadə edənlərdir. Həmçinin ölkədə 13 milyon fəhlə təbəqəsinin 21 faizini narkomanlar təşkil edir. Aparılan araşdırmaların nəticəsi göstərir ki, əgər 15 il əvvəl narkomanların 90 faizini orta təhsili olmayan və ya savadsız şəxslər təşkil edirdisə, son illər ali təhsili olan vətəndaşların da narkotik maddələrdən istifadə etməsinin şahidi oluruq. Sözsüz ki, ölkədə narkomaniyanın geniş yayılmasının əsas səbəblərindən biri, gənclərin işsiz qalmasıdır. Təəssüflər olsun ki, hazırda ölkənin bəzi şəhərlərində əhalinin 70-80 faizi işsizdir. Bundan başqa, narkomanlığın sürətlə yayılmasının digər səbəbi gənclərin boş vaxtlarını səmərəli keçirməsi və əylənməsi üçün münbit şəraitin olmamasıdır. Məhz buna görə də, irşad nazirinin də bildirdiyinə görə, ölkə əhalisinin 70 faizi xarici telekanalları seyr etmək üçün peyk antenlərindən istifadə edirlər”.