“İranda azərbaycanlı xəstələrə biznes gözü ilə baxırlar”

545

Nərmin Haqverdiyeva
Azərbaycan vətəndaşlarının müalicə məqsədilə qonşu ölkələrə üz tutmaları sirr deyil. Bu insanların arasında İrana müayinəyə gedənlər də kifayət qədərdir. İndiyə kimi buna səbəb İranda müalicə, əməliyyat qiymətlərinin Azərbaycandakına nisbətən ucuz olması göstərilirdi. Lakin son dövrlər İrana müayinəyə gedənlər heç də razı qayıtmırlar. Bunun isə müxtəlif səbəbləri var…
“Xəstələrdə onlara qarşı güvən hissi azalır”
Həkim Əliosman Qədimbəyli “Zaman-Azərbaycan”a müsahibəsi zamanı bildirdi ki, müalicə məqsədilə İrana üz tutan vətəndaşlarımızın sayında son vaxtlar azalma müşahidə olunub: “Buna səbəb artıq ölkəmizdə müasir tibbi texnoloji avadanlıqların olması, peşəkar mütəxəssislərin yetişməsi və xəstələrdə inamın olmasıdır. Bundan başqa, İrandakı bəzi klinikalarda xəstələrə lazımsız dərmanlar yükləyirlər. Buna görə də xəstələrdə onlara qarşı güvən hissi azalır və ora üz tutmaqda maraqlı olmurlar. Yerli həkimlərə və ölkəmizdəki xarici mütəxəssislərə daha çox üstünlük verirlər. Əvvəlki illərlə müqayisədə İranda tibb sahəsində qiymət artımı da olub. Ancaq ən çox inam məsələsinə görə azalma olub. Xəstələrın çoxu artıq İrandakı həkimlərə inanmırlar. Bizim tibbimiz də günü-gündən inkişaf edir. 5 il əvvəlki tibb ilə indiki eyni deyil. Əvvəllər bizdə olmayan müayinələrin, aparatların çoxu İranda var idi. Ancaq indi bizdə hər cür müasir tibbi avadanlıq var”.
“İranda edilən hər hansı bir cərrahi əməliyyat Azərbaycandakından ucuz başa gəlmir”
Tibb elmləri doktoru, professor Adil Qeybulla isə hesab edir ki, tədricən bu tendensiyanın azalması gözlənilən idi: “Müalicə məqsədilə İrana üz tutan xəstələrin çoxunun İranda həm müalicənin effektiv olması, həm nəticələr, həm də tibbi xidmətin qiymətinin aşağı olması baxımından inamları var idi. Ancaq insanların çoxu bunun tədricən düşündükləri kimi olmadığını gördülər. İranda edilən hər hansı bir cərrahi əməliyyat heç də Azərbaycandakından ucuz başa gəlmir. Bu kimi səbəblərə görə İrana axın xeyli azalıb. Artıq ölkəmizə həm Avropadan, həm Türkiyədən təhsil almış xeyli həkimlər gəlib. Yəni peşəkarlıq baxımından bizdə xeyli irəliləyiş var. İnsanlar da bunu hiss edirlər. Ona görə artıq başqa ölkələrə getməyə çox da üstünlük vermirlər. İranda beynəlxalq protokollardan xeyli kənara çıxmalar, müəyyən ağırlaşmalar, əməliyyatın funksional baxımından natamam olunması kimi faktorlarla da rastlaşmışıq. İranda Azərbaycandan üstün tibbi texnoloji avadanlıqlar yoxdur. Əksinə, onların avadanlıqlarının çoxu köhnədir”.
Azərbaycanlılara fərqli qiymət…
İrana müalicə məqsədilə getmiş Ceyhun Əsədov isə bizimlə söhbətində bildirdi ki, müalicə məqsədilə iki dəfə İrana üz tutub: “İranda həkimlərin mənə qoyduğu diaqnoz Azərbaycandakı həkimlərin diaqnozu ilə eyni idi. Yəni heç bir fərq yox idi. O ki qaldı qiymət məsələsinə, İranda iranlılara müayinə 10-20 manat arasındadır. Ancaq bu qiymət azərbaycanlılara gələndə 60-90 manat arasında dəyişir. Orada bizi gəzdirən taksi sürücüsundən bunun səbəbini soruşdum. Sürücü Azərbaycandan gələn xəstələrin özlərinin buna səbəb olduqlarını dedi: “Məsələn, həkim 10 manat dedikdə bizim xəstələr ona 20 manat verir ki, yaxşı baxsın. Bir də ki, orada azərbaycanlılara biznes gözü ilə baxırlar. Mən Təbrizdə xəstəxanada olduğum müddətdə xəstəxanada bizdən başqa, heç bir xarici vətəndaş görmədim”.
“İran vətəndaşlarını 1-2 aya, azərbaycanlı xəstələri isə gec sağaldırlar”
İranda azərbaycanlı xəstələrə məsuliyyətsiz yanaşıldığını deyən C. Əsədov orada iki dəfə həkimdə olduğunu dedi: “Ancaq hər iki müayinədə həkim mənə eyni resepti yazdı. Yəni boş yerə ikinci dəfə getməli oldum. İran vətəndaşlarını 1-2 aya, azərbaycanlı xəstələri isə gec sağaldırlar. Orada söhbət etdiyim bir neçə xəstə soydaşımız artıq 1-2 ildir İrana gəlib-getdiklərini, ancaq hələ indi sağalmağa başladıqlarını bildirdilər. Yerli vətəndaşlara 10 manata başa gələn USM müayinəsi, azərbaycanlı xəstələrə 25 manata edilir. Bunun mən özüm şahidi oldum. Həkimlər bəzən də bizim xəstələrə məsuliyyətsiz yanaşırlar. Xəstə ora gedir və deyir ki, Azərbaycanda müalicə olunub, lakin sağalmayıb. Bu zaman iranlı həkim də arxayın olur ki, xəstə artıq axırıncı seçim olaraq bu ölkəyə üz tutub. Həkim də həmin xəstəyə müştəri gözü ilə baxır. Tez-tez çağırır, hər dəfə gələndə 1, 2 dərman yazıb göndərir. Yəni sağalma prosesini ləngidir. 3 aya sağalacaq xəstəliyi 6 aya, hətta 1 ilə qədər uzadır. Bir çox xəstəxanalarda tibbi avadanlıqlar köhnədir. Düşünürəm ki, bütün bunlara görə artıq İrana müalicə məqsədilə gedənlərin sayında azalma olub. Bunu mən gömrükdə də, xəstəxanada da müşahidə elədim. Oktyabr ayında getdiyim xəstəxanada xəstələrin, demək olar ki, 80 faizi azərbaycanlılar idi. Ancaq fevral ayında orada 4, 5 azərbaycanlı xəstə var idi.
Mən orada əsasən dərmanlardan razı qaldım. İranda dərmanlar ucuz və keyfiyyətlidir. Ancaq həmin dərmanları Azərbaycanda tapmaq mümkün deyil. Azərbaycanda istənilən Avropa ölkəsinin dərmanını tapmaq olur, ancaq İran dərmanları satılmır”.