İrana qarşı sanksiyalar ləğv olunub

537

Avropa İttifaqı təşkilatın rəsmi dərgisində Aİ Şurasının İran üzərindən bütün iqtisadi və maliyyə sanksiyalarının götürülməsinə dair qəbul etdiyi qərarı dərc edib.

Bununla da Aİ-nin qəbul etdiyi qərar artıq rəsmi qüvvəyə minmiş hesab edilir. Məlumatda qeyd olunur ki, İrana qarşı sanksiyalar yanvarın 16-dan – Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) İranın saziş üzrə (İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Tədbirlər Planı) bütün tələbləri yerinə yetirməsi barədə hesabatın dərc olunduğu gündən ləğv edilir. Şura xatırladır ki, Aİ-nin İrana qarşı tətbiq etdiyi sanksiyalar 2013-cü ilin noyabrında Tehran və “altılıq” arasında aparılan danışıqlar prosesi çərçivəsində qismən dayandırılıb. 2015-ci ilin iyulunda Vyanada razılaşmanın əldə olunması nəticəsində Aİ yeni Birgə Hərtərəfli Tədbirlər Planının reallaşdırılması üçün zəruri hazırlıq işlərini həyata keçirmək məqsədilə sanksiyaların dondurulması müddətini 2016-cı ilin yanvarın 14-dək uzadıb.

ABŞ İrana qarşı

sanksiyanı ləğv etdi

ABŞ İran neftinin üçüncü ölkələrlə alış-satışına tətbiq etdiyi sanksiyaları ləğv edib. Bu barədə ABŞ Maliyyə Nazirliyinin yaydığı məlumatda bildirilir. Məlumata görə, sanksiyalar İran neftini əldə edən və ya İran iqtisadiyyatının neft sahəsinin tələbatları üçün müvafiq məhsullar satan üçüncü dövlətlərin nümayəndələrinin üzərindən götürüləcək. Beynəlxalq fəaliyyətlə məşğul olan istənilən şirkətə qarşı birtərəfli qaydada tətbiq edilən sanksiyalar ABŞ-a İran iqtisadiyyatını ciddi şəkildə məhdudlaşdırmağa imkan verirdi. Sanksiyaları ləğv etməklə ABŞ İranın nüvə proqramı ilə beynəlxalq saziş üzrə üzərinə götürdüyü öhdəlikləri icra edir. ABŞ-ın Tehrana qarşı sanksiyaları ləğv etməsi nəticəsində İran dondurulmuş 50 mlrd. dollar məbləğində olan aktivlərinə sahib olmaq hüququ əldə edib. Bu barədə ABŞ administrasiyasının rəsmi nümayəndəsi Ağ Evin keçirdiyi xüsusi brifinqdə bildirib.

Ruhani: “İran diplomatiyası böyük uğur qazanıb”

“Sanksiyaların ləğvi İranın iqtisadi inkişafına və dünya dövlətləri ilə səmərəli əməkdaşlığına səbəb olacaq”. Bu sözləri İran Prezidenti Həsən Ruhani parlamentə çıxışı zamanı deyib. Prezident xalqını təbrik edərək qeyd edib ki, çətin danışıqlarda qalib gələn İran diplomatiyası böyük uğur qazanıb. Ölkənin beynəlxalq bank sisteminə qoşulmaq imkanının əldə edilməsini yüksək qiymətləndirən Prezident İran ilə Qərb dövlətləri arasındakı münasibətlərdə yeni dövrün başladığını bildirib. Ruhani qeyd edib ki, xalqın sosial rifahının yüksəlməsi üçün iqtisadiyyatın neftdən asılılığına son qoymaq və qeyri-neft sektorunu inkişaf etdirmək lazımdır. Prezident, həmçinin nəzərə çatdırıb ki, sanksiyaların ləğvi ölkəyə investisiya axınına da şərait yaradacaq və bu imkandan səmərəli istifadə edərək inkişafa nail olmaq lazımdır.

“İran neft ixracını sutkada 500 min barel artırmağa hazırdır”

Rusiya Xarici işlər nazirliyi ABŞ ve Avropa İttifaqının İran üzərindən sanksiyaları götürməsini alqışlayıb. Nazirliyin “Facebook” səhifəsində yerləşdirilən bəyanatda qeyd olunur ki, həm rəsmi Tehran həm də “altılıq” (ABŞ, Almaniya, Böyük Britaniya, Fransa, Rusiya və Çin ) ölkələri İranın nüvə proqramına dair öhdəliklərin yerinə yetirilməsi məsələsinə “soyuqqanlı yanaşmalıdır”. Rusiya XİN-də qeyd ediblər ki, zənginləşdirilmiş uran Nüvə proqramına dair Fəaliyyət Planında nəzərdə tutulduğu kimi İranın xaricinə göndərilir: “Bu planın uğurlu tətbiqi beyəlxalq və regional təhlükəsizliyin qorunmasına da tövhə verəcək”. ABŞ Ədliyyə Nazirliyi Amerika şirkətlərinin xarici filiallarına İranda fəaliyyət göstərməyə icazə verib.

Qeyd edək ki, İran neft ixracını sutkada 500 min barel artırmağa hazırdır. Bu barədə İranın neft nazirinin müavini Əmir-Hüseyn Zamaninyə məlumat verib. Bununla yanaşı o qeyd edib ki, neftin böyük hissəsi Çinə tədarük olunacaq. İrana qarşı sanksiyaların aradan qaldırılması fonunda Yaxın Şərq ölkələrinin indeksləri rekord qiymətlərədək azalmaqdadır. Bu ərəfədə İranın özündə indeks ard-arda üçüncü gündür ki, artım nümayiş etdirir.