İran yenidən Qərbin strateji tərəfdaşına çevrilir

521

Qərbin İran üzərinə qoyduğu sanksiyaları aradan qaldırmasından sonra beynəlxalq aləmdə iqtisadi və siyasi sahədə ağırlıq mərkəzinin cənuba keçməsi aydın şəkildə özünü hiss etdirməyə başlayıb.

Bu baxımdan İranın yaranmış vəziyyətdən dərhal istifadə etməyə çalışması və belə demək mümkünsə, sanksiyalar dövründə itirdiklərinin əvəzini çıxmaq üçün dərhal hərəkətə keçməsini təsadüfi hesab etmək olmaz. Belə ki, son 10 ildə Qərbin sanksiyaları, belə demək mümkünsə, İrana on milyardlarla dollar zərər vuraraq, ölkəni iqtisadi, siyasi, o cümlədən hərbi inkişafdan ən azı 25-30 il geri salıb. Düzdür, İran Qərbin təzyiqləri və sanksiyaları qarşısında diz çökmədi və sona kimi qarşı tərəfə müqavimət göstərməkdə davam etdi. Faktiki olaraq, nüvə tədqiqatları ilə bağlı məsələdə İran olduqca qətiyyətli mövqe nümayiş etdirərək özünün haqlı olduğunu, müstəqil dövlət kimi adıçəkilən sahədə tədqiqatlar aparmaq hüququnu özündə saxladığını sübuta yetirdi. İran ən ağır vəziyyətlərində belə istər bölgədə, istərsə də beynəlxalq aləmdə baş verən hadisələrə münasibətdə olduqca incə siyasət yeridə, bölgədə iqtisadi, siyasi və hərbi sahədə nüfuz dairəsi uğrunda mübarzə aparan dövlətləri özü ilə hesablaşmağa məcbur etdi. Məhz İranın bölgədə və beynəlxalq aləmdə baş verən hadisələrə münasibətdə qətiyyətli və prinsipial mövqe nümayiş etdirməsi nəticəsində Qərbin İrana münasibətdə siyasətini dəyişdirməkdən başqa çarəsi qalmadı. Əlbəttə, Qərbin İran qarşısında geri çəkilməsinin arxasında daha çox Rusiya amili dayanır. Necə deyərlər, başda ABŞ olmaqla Qərblə Rusiya arasında yenidən “soyuq müharibə” küləklərinin əsməsi və onlar arasında ziddiyyətlərin dərinləşməsi Tehranın üzünə yenidən Avropanın qapılarının açılmasına gətirib çıxardı.

Ruhaninin Qərb “desant”ı

Şahın devrilməsindən ötən 36 il sonra Qərblə İran arasındakı münasibətlərin yeni müstəviyə keçirilməsi Tehrana beynəlxalq aləmdə daha çevik siyasət yeritməyə imkan yaradıb. Tehran beynəlxalq aləmdə özü üçün yaranmış əlverişli vəziyyətdən istifadə etmək niyyətində olduğunu gizlətmir. Bu baxımdan da başa çatmaqda olan həftədə beynəlxalq aləmdə diqqəti cəlb edən ən mühüm hadisələrdən biri də məhz İran Prezidenti Həsən Ruhaninin Avropa ölkələrinə səfərə çıxması oldu. Bu səfər dünyanın əksər aparıcı siyasətçiləri tərəfindən sanksiyalardan azad olmuş İranın dünya iqtisadiyyatına sürətli keçidi kimi dəyərləndirilir. Bu müstəvidə də İran dərhal hərəkətə keçərək vəziyyətdən maksimum şəkildə istifadə etməyə çalışır. İran son 10 gün ərzində bir neçə dövlətlə milyardlarla dollarlıq müqavilələr bağlayıb. Ruhaninin Avropaya səfəri əslində bir çox siyasətçilər tərəfindən İranın II Dünya müharibəsindən sonra Avropaya yeni “desant” çıxarması kimi qələmə verilir. Bu da əsassız deyil. Neft-qazla zəngin İran Qərb sərmayəçiləri üçün yeni kəşf edilmiş qızıl bazarı, İran üçünsə təbii sərvətlərinin satışından istifadə edərək, dünyanın güclü və qüdrətli, inkişaf etmiş dövlətinə çevrilməsi anlamına gəlir. Bu çərçivədə də İran Prezidenti Ruhaninin Avropaya səfəri İtaliyadan başlayıb. İran Prezidenti, əvvəlcə, Vatikanda Papa Fransisk ilə görüşüb. Görüşdə İranla münasibətlərin inkişaf etdirilməsi və bunun tərəflərin maraqlarına cavab verəcəyi xüsusi vurğulanıb. Həsən Ruhaninin Roma Papası ilə görüşə xüsusi əhəmiyyət verməsini də təsadüfi hesab etmək olmaz. Belə başa düşmək olar ki, Roma Papası ilə görüşən Ruhani bununla da olduqda incə və uzaqgedən bir siyasi gediş edib. Belə ki, Qərbin aparıcı dövlət başçıları, o cümlədən ABŞ, Fransa, İngiltərə, Almaniya və digər dövlətlər xarici ciyasət sahəsində hər hansı bir addım atarkən Vatikanın bununla bağlı göstəriş və tövsiyələrini müəyyən qədər nəzərə alırlar. “Soyuq müharibə” başa çatandan sonra Qərbin Şərqə münasibətdə yeni səlib yürüşünə başlamasının da arxasında Vatikanın dayandığı ehtimal edilir. Üstündən yüz illər ötməsinə baxmayaraq hələ də Şərqdə – Anadoluda itirdiyi torpaqları geri qaytarmaq niyyətindən əl çəkə bilməyən Roma imperiyasının varisi Vatikanın Yaxın Şərqdə baş verən hadisələrdə katalizator rolunu oynadığı barədə Qərb mətbuatında belə yazıblar. Ona görə də Həsən Ruhaninin Vatikan rəhbərliyi ilə görüşlər keçirməsinin arxasında onun bölgədə yaranan indiki vəziyyətdə Papanın dəstəyini almaq istəyi dayandığı şübhə doğurmur. Buna paralel olaraq, digər Avropa ölkələri ilə müqayisədə İtaliya tarixboyu bölgə ölkələri ilə iqtisadi, siyasi, hərbi münasibətləri inkişaf etdirməkdə daha maraqlı olub. Məhz buna görə də Ruhani Avropaya “desant” çıxarmasına məhz İtaliyadan başladı. Bundan əlavə, 17 illik fasilədən sonra Romaya səfər edən ilk İran lideri olan Həsən Ruhaninin İtaliya Baş Naziri Matteo Renzi və iş adamları ilə görüşü də olduqca uğurlu alınıb. Bu səfər çərçivəsində bir neçə müqavilə imzalanıb. Bunlardan biri “Danieli Group”la imzalanan 6,2 milyard dollarlıq müqavilədir. İtaliya neft şirkəti “Eni” ilə imzalanan anlaşma italiyalılara İranın neft və qaz strukturlarına böyük həcmdə sərmayə qoymağa imkan verəcək.

“Fincantieri” İtaliya Dövlət Dəmir yolu və gəmi şirkəti ilə imzalanan müqavilələrin də İranın nəqliyyat sahəsinə böyük həcmdə sərmayə qoyulmasına yol açacağı ehtimal edilir.

Ruhaninin Fransaya səfəri də uğurla keçib. Ruhani Fransa dövlət başçısı Fransua Ollandla görüşüb. Tərəflər arasında əldə edilən razılığa əsasən, İran Fransanın “Airbus” şirkətindən 100-dən çox təyyarə alacaq. Bundan əlavə, Fransa İranın təyyarəqayırma sənayesinin yenidən qurulmasına milyardlarla dollar sərmayə qoyacaq.

Fransanın avtomobil nəhəngləri olan “PSA Peugeot Citroën” və “Renault-Nissan” avtomobil şirkətlərinin də yenidən İran bazarına qayıtmaları barədə razılıq əldə edilib.

Ruhaninin Almaniyaya səfəri çərçivəsində ölkənin iki ən böyük şirkəti saziş bağlayıb. “Siemens” elektrotexnika konserni ilə bağlanan müqavilənin dəyəri 1,6 milyard dollardır. “Daimler” avtomobil konserni ilə imzalanan anlaşma isə Tehranda və İranın digər şəhərlərində yük avtomobilləri istehsalını nəzərdə tutur.

Xatırladaq ki, İran dünya birliyinə inteqrasiya yolunda atdığı addımları çərçivəsində ötən həftə Çinlə də böyük həcmdə anlaşmalar imzalayıb. Belə ki, Çin Prezidenti Si Tszinpinin İrana rəsmi səfəri çərçivəsində iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlıq barədə 17 protokol imzalanıb, ticarət əlaqələrini 600 milyard dollara çatdırmaq barədə razılıq əldə olunub.

Hazırda ABŞ-la İran arasında ticarət əlaqələrinin yenidən bərpası üçün danışıqlar aparılır. Bütün bunlar isə dünyanın tanınmış siyasətçiləri tərəfindən İranın dünya iqtisadi arenasına qayıdışı kimi dəyərləndirilir.

İran Qərbin strateji

tərəfdaşına çevriləcək

Əlbəttə, İrana qarşı sanksiyaların aradan qaldırılmasının arxasında, şübhəsiz ki, Rusiya amili də önəmli rol oynadı. Avropaya satdığı neft və qaz hesabına hərbi baxımdan yenidən güclənərək Qərbə meydan oxumağa başlayan və real təhlükə mənbəyinə çevrilən Rusiyaya qarşı yalnız İranı çıxarmaq olardı. Ona görə də Qərbə qarşı barışmaz mövqeyi ilə seçilən Əhmədinejadın yerinə Həsən Ruhaninin prezident seçilməsindən sonra Qərb dərhal hərəkətə keçərək Tehranla yaxınlaşmaq siyasətini işə saldı. İranın nüvə tədqiqatları məsələsində geri çəkilmək niyyətində olmadığını nümayiş etdirməsinə baxmayaraq, Qərb bütün vasitələrlə qarşı tərəflə ortaq məxrəcə gəlməyə çalışdı və sonda buna nail oldu. İranla yaxınlaşmaq Qərbə, ilk növbədə, Rusiyanın yanacaq-energetika asılılığından xilas olmağa imkan verəcək. Eyni zamanda İranla iqtisadi sahədə yaxınlaşma Qərbin Rusiyaya qarşı hərbi, siyasi sahədə də yeni cəbhə açması, Moskvanı daha bir müttəfiqindən təcrid etməsi demək olacaq.

Bütün bunların müqabilində isə Rusiyanın iqtisadi durumunun daha da ağırlaşacağı və maliyyə böhranına sürüklənməsi prosesinin baş verəcəyi ehtimal edilir. Necə deyərlər, Qərbin İrana tətbiq etdiyi sanksiyaların aradan götürməsinin arxasındakı əsas hədəfin Rusiya olduğu istisna edilmir. Qərb bu yolla Rusiyanı İrandan təcrid edə və onun regionda daha da təklənməsi niyyətlərini həyata keçirə bilər. Məsələnin bu tərəfinə diqqəti cəlb edən məşhur politoloq, Karnegi Fondunun Rusiya üzrə xüsusi nümayəndəsi Aleksey Malaşenko: “Qərbin İrana qarşı tətbiq etdiyi sanksiyaları aradan qaldırması Rusiyaya yaxşı heç nə vəd etmir. Qərblə İranın iqtisadi baxımdan yaxınlaşması siyasi, hərbi-strateji müttəfiqliyə yol aça bilər. Bu isə istər iqtisadi, istərsə də siyasi, hərbi baxımdan Rusiyanın təcrid olunması yolunda atılan daha bir addıma çevriləcək “,-deyib.

Nəhayət Qərb-İran yaxınlaşması Suriya, məsələsində İranın neytrallaşdırılması problemin həllində tərəflərin ortaq məxrəcə gəlməsində önəmli rol oynaya bilər. Bir sözlə, Qərb-İran yaxınlaşması yalnız Yaxın Şərqdə deyil, beynəlxalq aləmdə yeni siyasi vəziyyətin yaranması deməkdir. Bundan isə yenə də ən çox zərər çəkən ölkənin Rusiya olacağı gözlənilir.

ƏZIZ MUSTAFA