“İran ilə danışıqlarda prinsipial anlaşma əldə edilib”

576
“İranın nüvə proqramı ilə bağlı nazirlər səviyyəsində keçirilən danışıqlarda prinsipial anlaşma əldə edilib”.
 Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib. Onun sözlərinə görə, anlaşma Beynəlxalq Atom Enerjisi Agentliyinin xətti ilə dinc nüvə proqramının verifikasiyası, o cümlədən sanksiyaların aradan qaldırılmasını nəzərdə tutur. Nazir qeyd edib ki, ötən ilin noyabr ayında bütün aspektlərin həllinin siyasi çərçivələrinin formalaşdırılması üzrə öhdəliklər yerinə yetirilib. S. Lavrov bildirib ki, İran və “altılıq” ölkələrinin ekspertləri texniki detallar üzrə danışıqları iyun ayının sonunadək davam etdirəcəklər.

 

İranın nüvə proqramına dair

danışıqların müddəti uzadılıb

Bir neçə gündən bəri İsveçrənin Lozanna şəhərində İranın mübahisəli nüvə proqramının dinc məqsədlər üçün istifadəsinə dair “altılıq” və İran arasında aparılan danışıqların müddəti uzadılıb. ABŞ Xarici İşlər Nazirliyinin sözçüsü Meri Harf mətbuat üçün açıqlamasında bildirib ki, tərəflər arasında danışıqların uzadılmasına haqq qazandıracaq kifayət qədər tərəqqi əldə oluna bilib. Bununla belə “bir sıra çətin mövzuların” hələ də danışıqlar masası üzərində olduğu da qeyd edilib.

İran və Rusiya nümayəndələri danışıqların gedişini optimist qiymətləndirərək, əsas məsələlər üzrə razılığın “əl çatacaq qədər” yaxınlıqda olduğunu bildiriblər.

Qeyd edək ki, “altılıq” ölkələri və İranla bu ölkənin nüvə proqramının dinc məqsədlər üçün istifadəsini tənzimləyən Yekun Sazişin razılaşdırılması üçün son müddət martın 31-nə təyin edilmişdi. Tərəflər arasında fikir ayrılıqları mövcud olmasına baxmayaraq, onlar əsas məsələlərdə mövqelərin yaxınlaşmasını və münbit danışıqlar mühitini nəzərə alaraq müzakirələrin aprelin 1-də də davam etdirilməsini qərara alıblar.