İqtisadiyyatda son 13 ayın ən yüksək artım tempi qeydə alındı

637

Ötən ilin yanvar-aprel ayları ilə müqayisədə bu ilin ilk 4 ayı ərzində ölkə iqtisadiyyatında ümumi daxili məhsul (ÜDM) istehsalı 5,5% artıb. Bu, 2013-cü ilin dekabr ayından sonra, yəni 13 aydan sonra qeydə alınan ən yüksək iqtisadi artım hesab olunur.

Ötən ilin yanvar-aprel ayları ilə müqayisədə ümumi daxili məhsul (ÜDM) istehsalı 5,5% artaraq 16,6 milyard manat təşkil edib. Əlavə dəyərin 36,2%-i sənayedə, 13,5%-i tikinti kompleksində, 13,5%-i ticarət, turistlərin yerləşdirilməsi və ictimai iaşə xidmətləri sahələrində, 6%-i nəqliyyatda, 2%-i rabitə müəssisələrində, 3%-i kənd təsərrüfatında, 15,2%-i digər sahələrn payına düşüb. Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib. Açıqlanan statistik göstəricilərə istinadən apardığımız hesablama göstərir ki, ötən ay ÜDM-dəki artım tempi 2013-cü ilin dekabr ayından sonra, yəni 13 aydan sonra qeydə alınan ən yüksək artım tempi hesab olunur. Ötən ilin eyni dövrü ilə müqayisədə əlavə dəyər qeyri-neft sektorunda 6,8%, neft-qaz sektorunda isə 4% artıb. Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fiziki şəxslər tərəfindən 2015-ci ilin yanvar-aprel aylarında 8,5 milyard manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,7% çox sənaye məhsulu istehsal edilıb. Mədənçıxarma bölməsində məhsul istehsalı 3,9%, o cümlədən neft hasilatı 0,8%, əmtəəlik qaz hasilatı isə 12,4% artıb.

Sənaye məhsulunun 62,3%-i mədənçıxarmada, 28,5%-i emal bölməsində, 8,3%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatında, 0,9%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində istehsal olunub. Emal bölməsində qida məhsullarının istehsalı 3,9%, neft məhsullarının istehsalı 10%, kimya sənayesi 84,2%, rezin və plastmas məmulatların istehsalı 17,3%, tikinti materialları istehsalı 14,7%, metallurgiya sənayesi 3,3%, hazır metal məmulatların istehsalı 76,9%, elektrik avadanlıqlarının istehsalı 72,1% artıb.

Kartof istehsal 15,8% artıb

Kənd təsərrüfatında yaz-tarla işləri davam etdirilıb və may ayının 1-nə kimi 253,2 min hektar sahədə yazlıq bitkilər, o cümlədən 21,4 min hektar sahədə dənli və dənli paxlalı bitkilər (qarğıdalısız), 18,2 min hektar sahədə dən üçün qarğıdalı, 54 min hektar sahədə kartof, 51,2 min hektar sahədə tərəvəz, 11,7 min hektar sahədə pambıq çiyidi, 16,7 min hektar sahədə bostan bitkiləri, 4 min hektar sahədə şəkər çuğunduru, 6 min hektar sahədə dən üçün günəbaxan, 857 hektar sahədə tütün əkilib.

Sahənin heyvandarlıq bölməsində ilin əvvəlindən keçən dörd ay ərzində diri çəkidə ət istehsalı 2,4% artaraq 148 min tona, süd istehsalı 5,1% artaraq 599 min tona, yumurta istehsalı 3,9% artaraq 515,8 milyon ədədə çatıb, ötən ildəkindən 3,1% çox və ya 2,8 min ton yun qırxılıb.

Bitkiçilik məhsullarından 51,2 min ton və ya 9,8% çox tərəvəz, 6,9 min ton və ya 15,8% çox kartof istehsal edilıb. 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə bitkiçilik məhsulları istehsalı 8,4%, heyvandarlıq məhsulları istehsalı 3,5%, kənd təsərrüfatının ümumi məhsulu isə 3,7% artıb.

Büdcədən tikintiyə ayrılması nəzərdə tutulan 5 milyard 654,7 milyon manat vəsaitin 962,5 milyon manatından istifadə edilib

Cari ilin yanvar-aprel aylarında inşaat işlərinə 4 milyard 868,6 milyon manat məbləğində, yaxud ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,5% çox vəsait yönəldilib. İstifadə olunan vəsaitin 3 milyard 333,8 milyon manatı və ya 68,5%-i məhsul istehsalı obyektlərinin tikintisinə sərf olunub. Əsas kapitala yönəldilən vəsaitin 2 milyard 821,5 milyon manatını daxili vəsaitlər təşkil edib. Bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunan vəsait ötən ilin eyni dövrü ilə müqayisədə 9,9% artaraq 3 milyard 771,8 milyon manat təşkil edib. Cari ildə tikintisinin davam etdirilməsi məqsədəuyğun hesab edilən obyektlərdə inşaat işlərinin aparılması üçün dövlət büdcəsindən 5 milyard 654,7 milyon manat məbləğində vəsait ayrılması nəzərdə tutulub və ilin əvvəlindən ötən dörd ay ərzində həmin vəsaitin 962,5 milyon manatından istifadə edilib.

Müxtəlif mənbələrdən ayrılan vəsaitlər hesabına yanvar-aprel aylarında 589,5 min kvadrat metr yaşayış evləri, növbədə 135 nəfəri qəbul etmək imkanına malik ambulatoriya-poliklinika müəssisələri, 3068 şagird yerlik ümumtəhsil məktəbləri, 200 yerlik məktəbəqədər təhsil müəssisələri, 280 yerlik klub və mədəniyyət evləri, Bakı şəhərində 110 kilovoltluq “Ağ şəhər-1”, “Həzi Aslanov”, “Kürdəxanı” və 35 kilovoltluq 7 elektrik yarımstansiyası, Bakı Olimpiya Stadionu, Su İdman Sarayı, Atıcılıq Mərkəzi, Bakı Konqres Mərkəzi, Sumqayıt şəhərində Beton məmulatı zavodu və “Alyans Tekstil” tikiş fabriki, Astara rayonunda Deqədi-Pəlikəş avtomobil yolu, Bərdə rayonunda Mollaisalar-Vəliuşağı-Mollaəhmədli-Sərkarlar avtomobil yolu, Qusar rayonunda “Park Chalet Shahdag” oteli və s. obyektlər istifadəyə verilib.

Ərzaq məhsullarının qiymətləri muzdla işləyənlərin orta aylıq əmək haqqlarından daha çox artıb

Pərakəndə ticarət şəbəkəsindən əhaliyə 7 milyard 496,7 milyon manatlıq istehlak malları satılıb və xidmət müəssisələri tərəfindən 2 milyard 111,9 milyon manatlıq pullu xidmət göstərilib. 2014-cü ilin yanvar-aprel ayları ilə müqayisədə əmtəə dövriyyəsi 9,6%, pullu xidmətlərin həcmi isə 5,2% artıb, ölkə sakinləri ticarət şəbəkəsindən 3 milyard 753,4 milyon manatlıq qida məhsulları, içkilər və tütün məmulatı, 3 milyard 743,3 milyon manatlıq qeyri-ərzaq malları alıblar.

Aprel ayında mart ayı ilə müqayisədə istehlak mallarının qiymətləri və xidmət tarifləri 0,2%, o cümlədən qeyri-ərzaq mallarının qiymətləri 0,5%, xidmət tarifləri 0,9% ucuzlaşıb, ərzaq məhsullarının qiymətləri isə 0,5% bahalaşıb. 2014-cü ilin müvafiq dövrünə nisbətən cari ilin yanvar-aprel aylarında istehlak mallarının qiymətləri və xidmət tarifləri 3,1%, o cümlədən ərzaq məhsullarının qiymətləri 4,6%, qeyri-ərzaq mallarının qiymətləri 2,6%, xidmət tarifləri isə 1,5% artıb. Məlumat üçün xatırladaq ki, cari ilin yanvar-aprel aylarında qeydə alınan 3,1%-lik qiymət artımı sonuncu dəfə 2012-ci ilin mart ayında baş verib. Həmin dövürdən ötən 37 ay ərzində istehlak mallarının qiymətləri və xidmət tarifləri heç vaxt bu qədər artmayıb.

Yanvar-mart aylarında muzdla işləyənlərin orta aylıq əmək haqqı 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 3,5% artaraq 449,5 manat təşkil edib. 2015-ci ilin dörd ayında ölkə əhalisinin gəlirləri 5,7% artaraq 12,6 milyard manata çatıb. Gəlirlərin 74,4%-i son istehlaka, 9,8%-i vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının ödənilməsinə, 13,7%-i isə əmanətlərin və kapitalın artırılmasına sərf edilib.

Allahverdi Cəfərov