“İqtisadi yeniliklər üçün birinci növbədə kadr islahatları aparılmalıdır”

0
407

Son vaxtlar dünyanı bürüyən iqtisadi böhran Azərbaycandan da yan keçməyib. Neftin qiymətinin ucuzlaşması və 2015-ci ilin dekabr ayında baş verən devalvasiya Azərbaycan iqtisadiyyatına mənfi təsir etdi. Böhrandan çıxış yolu tapmaq üçün ekspertlər 2016-cı ildə Azərbaycan iqtisadiyyatının dirçəlməsi, sosial-iqtisadi vəziyyətin yaxşılaşdırılması və əhalinin sosial rifahının təmin edilməsi ilə bağlı bir sıra təkliflər, islahatlar irəli sürüblər. Bu çətin vaxtda ölkəni böhrandan çıxarmağa çalışan ekspertlər iqtisadi sahədə aparılan islahatlarla bağlı fərqli təkliflər ortaya qoyublar. Belə iqtisadçılardan biri də Nazim Məmmədovdur. Mövzu ilə bağlı “Zaman-Azərbaycan”a müsahibə verən Nazim Məmmədov bildirdi ki, dövlət böhrandan xilas olmaq üçün ilk olaraq, dövlət və idarəetmə xərclərini azaltmaq yolunu tutub: “Cənab Prezident İlham Əliyev çıxışı zamanı bir neçə dəfə struktur islahatlarının aparılması barədə mesajlar verib. Bununla bağlı bir neçə rəsmi qurumun birləşdirilməsi, funksiyalarının dəqiqləşdirilməsi istiqamətində addımlar atılır. Mən bu addımların davamını görmək istəyərdim. Düşünürəm ki, Nazirlər Kabinetinin çevikliyini təmin etmək üçün bir neçə struktur ləğv olunmalı və effektiv hökumət modeli qurulmalıdır. Bu mənim düşüncəmdir. Effektiv hökumət modeli Ukraynada, Gürcüstanda, Polşada və bir çox Qərbi Avropa ölkələrində artıq mövcuddur. Yəni onlarda Nazirlər Kabineti dedikdə, əsasən bir Baş Nazir və onun 2 müavini nəzərdə tutulur. Həmin müavinlər eyni zamanda nazirlər hesab olunurlar və bir çox sahəyə cavabdehdirlər. Yəni bu o deməkdir ki, təxminən 20 nəfərdən ibarət olan çevik bir komanda bir çox problemi həll edə bilir”.

“Gömrük Komitəsinin ləğvini təklif etmişəm”

“Bundan başqa, mən idxal və ixrac monopoliyasını aradan qaldırmaq üçün Gömrük Komitəsinin ləğvini təklif etmişəm”,-deyən iqtisadçı N. Məmmədov əlavə etdi ki, bu qurumun funksiyalarının müvəqqəti olaraq, Vergilər Nazirliyinə verilməsinin tərəfdarıdır: “Eyni zamanda Dövlət Sosial Müdafiə Fondunun və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Səhiyyə Nazirliyinə birləşdirilməsinin tərəfdarıyam. Bildiyimiz kimi, bu, qonşu ölkə Gürcüstanda da belədir. Dövlətin büdcə gəlirlərini tam şəffaf etmək üçün vergi rüsumu olan qurumların bir qurumda cəmləşdirilməsi daha məqsədəuyğundur. Bütün bu islahatların aparılması, daimi olması üçün birinci növbədə kadr islahatları aparılmalıdır. Sadaladığım liberal bazar iqtisadiyyatında köhnə kadrlarla iqtisadiyyatı stimullaşdırmaq qeyri-mümkündür. Çünki islahat həm də etibar tələb edir. Yəni islahatı aparan insanlara gərək cəmiyyətin etibarı olsun. Ona görə də düşünürəm ki, pensiya yaşını çoxdan keçmiş və kommunizmdən qalmış köhnə kadrlarla bu islahatları aparmaq mümkün deyil. Çünki iqtisadi böhranlar zamanı köhnə kadrlar böhrandan çıxmaq üçün heç bir tədbir görə bilmirlər. Bu, sübut olunmuş bir faktdır. Düşünürəm ki, kadr dəyişikliyinə Nazirlər Kabinetindən başlamaq lazımdır. Hesab edirəm ki, Nazirlər Kabinetinin ən azı 80 faizi dəyişdirilməlidir. Yəni texnokrat hökumət qurulmalıdır. Bu təcrübə dünyada var, həmişə də olub. Ümumiyyətlə, bizdə Nazirlər Kabinetinin tərkibi çox sadələşdirilməlidir. Mənim fikrimcə, onların biznesə müdaxiləsi tam olaraq aradan qaldırılmalıdır. İndiki dövrdə böyük vəzifə sahibləri həm də bizneslə məşğul olurlar. Məmur biznesdən uzaqlaşdırılmalıdır. Məmurun maaşı yüksək səviyyədə olmalıdır ki, o, biznesə müdaxilə etməsin. Onların məsuliyyəti də artırılmalıdır. Nazirlər Kabinetinin tərkibinə baxdığımız zaman Baş Nazirin 6 müavininin olduğunu görürük. Dünyanın heç bir yerində belə bir şey yoxdur. Azərbaycanda təkcə Nazirlər Kabineti 40-dan çox qurumu özündə birləşdirir”.

Nazim Məmmədov həmçinin hesab edir ki, xaricdə saxlanılan vəsaitlərin bir hissəsi real sektora gətirilib, ölkədə yerləşdirilməlidir: “Azı 2, 3, maksimum 5 faizlə uzun müddətə sahibkarlığın real sektoruna vəsait qoymaq lazımdır ki, sahibkarlar daha çox məhsul bolluğu yaratsınlar və daha çox iqtisadi sərmayələr artsın. Bunların hamısı kompleks şəklində edilməlidir. Bir problemi həll etməyib, digərinə keçməklə heç bir nəticə əldə etmək mümkün deyil. Onu da qeyd edim ki, kadr dəyişikliyi dedikdə, sadəcə, gəncləşməni nəzərdə tutmuram. Köhnə kadrlar cəmiyyətdə nüfuzu olan, hər hansı bir sahə üzrə peşəkar olan əsl mütəxəssislərlə dəyişdirilməlidir”.

“İlk növbədə, əhalinin kredit borclarının ödənilməsi istiqamətində addımlar atılmalıdır”

Millət vəkili Fazil Mustafa isə hesab edir ki, aparılacaq ən birinci islahatlar əhalinin kreditlərinin ödənilməsi istiqamətində olmalıdır. Deputat qəzetimizə müsahibəsində fikrini belə əsaslandırdı: “Mənim fikrimcə, böhrandan çıxmaq üçün, ilk növbədə, əhalinin kredit borclarının ödənilməsi istiqamətində addımlar atılmalıdır. Bundan sonra Prezidentin də qeyd etdiyi kimi, bir-birinə oxşar strukturlar ləğv edilməli və ya birləşdirilməlidir. İcra hakimiyyətlərinin səlahiyyətləri azaldılmalı, bələdiyyələrə verilməlidir. Çünki yerli problemlərin həlli üçün bələdiyyələrin dirçəlməsinə ehtiyac var. Sahibkarlara subsidiyalar, güzəştli kreditlər verilməlidir ki, ölkəyə kapital gəlsin. Bütün qapıları xarici investisiya layihələrinə açmaq lazımdır. Ölkədə monopoliya tam yığışdırılmalıdır, idxal-ixrac əməliyyatları, statistika şəffaflaşmalıdır. Mən inanıram ki, bütün bu islahatlar həyata keçərsə, ölkə böhrandan qısa zamanda çıxa bilər. Bunların əksi olarsa, böhran daha da dərinləşə bilər. Mənim fikrimcə, kadrlarla bağlı islahatlar da aparılmalıdır. Ölkəni böhrana gətirən elə köhnə kadrlardır. Onların çoxu istefa verməlidir. Onların yerinə savadlı iqtisadçılar gəlməlidirlər ki, ölkədəki vəziyyət düzəlsin. Çıxış yolu düzgün tapılarsa, böhrandan çıxmaq mümkündür”.

Nərmin Haqverdiyeva