İqtisadi azadlığın səviyyəsinə görə MDB-də 4-cü olduq

556
Dünyanın aparıcı analitik mərkəzlərindən hesab olunan “Heritage Foundation” institutu və “The Wall Street Journal” nəşri tərəfindən hazırlanan ənənəvi illik hesabatda göstərilir ki, Azərbaycan ötən il iqtisadi azadlığın səviyyəsinə görə 178 ölkə arasında 85-ci sırada qərarlaşıb.
 “İqtisadi Azadlıq İndeksi-2014” adlandırılan bu hesabatda əmlak hüquqları, korrupsiya səviyyəsi, dövlət xərcləri, vergi, biznes, əmək, valyuta, ticarət, investisiya və maliyyə azadlığı sahələr üzrə ayrı-ayrı ölkələrdə iqtisadi azadlıqların səviyyəsi göstərilib. Qeyd edək ki, Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun açıqladığı statistik rəqəmlər əsasında aparılan araşdırmalarda ölkələrin göstəriciləri faizlə ifadə olunub. Hesabatda Azərbaycanın 2014-cü ildə 2013-ci illə müqayisədə 4 pillə gerilədiyi göstərilib. Belə ki, 2013-cü ilin hesabatında Azərbaycan 178 ölkə arsasında 85-ci sırada qərarlaşıb. Xatırladaq ki, 2012-ci ilin hesabatında Azərbaycan 177 ölkə arsasında 88-ci, 2011-ci ilin hesabatında isə Azərbaycan 179 ölkə arsasında 91-cı sırada yer alıb.

Azərbaycan iqtisadi azadlığın səviyyəsinə görə “orta azad” ölkələr arasında qərarlaşıb

2013-cü illə müqayisədə 2014-cü ildə ölkəmizdə iqtisadi azadlığın səviyyəsi 0,3% pisləşərək 61%-ə düşüb. Məlumat üçün onu da bildirək ki, 80-100% iqtisadiyyatın tam azad, 70-79,9% – əsasən azad, 60-69,9% – orta azad, 50-59,9% – əsasən azad olmayan, 1-49,9% isə iqtisadiyyatın təzyiq altında olduğunu göstərir.

Əlavə edək ki, iqtisadi azadlığın səviyyəsinə görə Azərbaycan Müstəqil Dövlətlər Birliyinə (MDB) daxil olan ölkələr arasında 4-cü sırada yer alır. Gürcüstan (22-ci yer-73%), Ermənistan (52-ci yer-67,1%), Qazaxıstan (69-cu yer-63,3%) və Qırğızıstan (82-ci yer-61,3%) iqtisadi azadlığın səviyyəsinə görə Azərbaycandan öndə yer alıblar. Azərbaycan iqtisadi azadlığın səviyyəsinə görə region ölkələrindən yalnız Türkiyədən (70-ci yer-63,2%) geri qalıb. Digər MDB və region ölkələrinə gəldikdə isə onların mövqeyi belə olub: Tacikistan (140-cı yer-52,7%), Rusiya (143-cü yer-52,1%), Belarus (153-cü yer-49,8%), Özbəkistan (160-cı yer-47%), Ukrayna (162-ci yer-46,9%), İran (171-ci yer-41,8%) və Türkmənistan (172-ci yer-41,4%).

 Korrupsiya sahəsində vəziyyət 2013-cü illə müqayisədə yaxşılaşıb

”Heritage Foundation” və “The Wall Street Journal”ın hazırladığı hesabatda göstərilir ki, 2014-cü ildə Azərbaycan iqtisadi azadlığın səviyyəsinə görə ən yaxşı nəticəni vergi azadlığı sahəsində göstərib -88,1%. Qeyd edək ki, son bir il ərzində bu sahədəki vəziyyət dəyişməyib. Ən yüksək artım isə korrupsiya səviyyəsi sahəsində qeydə alınıb. Korrupsiya sahəsində vəziyyət 2013-cü illə müqayisədə 5,3% artaraq 28%-ə çatıb. Bunlardan başqa biznes azadlığı sahəsində vəziyyət 1% həddində müsbətə doğru dəyişərək 74,5%-ə yüksəlib. Əmək azadlığı sahəsində 1,2%, valyuta azadlığı sahəsində isə 1% artım qeydə alınıb. Nəticədə bu sahələrdə müvafiq olaraq 79,1% və 79,8% nəticə əldə olunub. Əmlak azadlığı sahəsində isə vəziyyət dəyişməz olaraq qalıb. Bu sahədə iqtisadi azadlıq indeksi cəmi 20% səviyyəsində göstərilib. Digər sahələrdə isə iqtisadi azadlıq səviyyəsi aşağı düşüb. 2013-cü ildə 64,8% səviyyəsində göstərilən dövlət xərclərinin vəziyyəti ötən il 59,7%-ə enib. Bir məsələni də qeyd edək ki, bu sahədə vəziyyət ildən-ilə pisləşir. Belə ki, 2012-ci ildə bu sahədə 67,8% nəticə əldə olunub. “İqtisadi Azadlıq İndeksi” hesabatına görə, son bir ildə Azərbaycanda investisiya və ticarət azadlığı sahələrində də geriləmə baş verib. Belə ki, 2014-cü ildə investisiya azadlığı sahəsində vəziyyət 5% pisləşərək 55%-ə enib. Ticarət azadlığı sahəsində isə 1,2% geriləmə qeydə alınıb. Nəticədə bu sahədə azadlığın səviyyəsi 76% səviyyəsinə düşüb.

 Azad iqtisadiyyatlar arasında “liderlik” yenə Şimali Koreyaya məxsus olub

”İqtisadi Azadlıq İndeksi – 2015” adlı hesabat görə, ümumilikdə dünya iqtisadiyyatı nisbətən azad sayıla bilər. Son 21 ildə olduğu kimi, yenə də ən azad iqtisadiyyata Honkonq və Sinqapur malik olub. Ötən illə müqayisədə vəziyyətini 1 xal yaxşılaşdıran Yeni Zelandiya iki pillə irəliləyərək 3-cü olub. Siyahıda Avstraliya 4-cü, İsveçrə isə 5-cidir. Dünya üzrə orta göstərici 60,4%-dir. Bu da 2014-cü ilin analoji göstəricisindən 0,1%, bu hesablamanın aparılmağa başlanıldığı 1995-ci ilin göstəricisindən isə 2,8% çoxdur. Hesabata əsasən, bu il 37 ölkə, o cümlədən Tayvan, İsrail, Polşa və Kolumbiya öz tarixləri ərzində ən yüksək göstəricini əldə ediblər. Ümumiyyətlə, qiymətləndirilən 178 ölkədən 101-i öz mövqeyini ötən illə müqayisədə yaxşılaşdırıb, 73-ü isə əksinə iqtisadi azadlığa görə 2014-cü il hesabatından daha aşağı qiymət alıb. 90 ölkə, yəni qiymətləndirilən ölkələrin təqribən yarısı öz vətəndaşları üçün nisbətən azad iqtisadi mühit təmin edir. Ancaq hələ də 4,5 milyard insan, yəni dünya əhalisinin 65%-i iqtisadi cəhətdən qeyri-azad ölkələrdə yaşayır. Bu əhalinin yarıdan çoxu 2 ölkənin – Çin və Hindistanın payına düşür. 26 ölkədə iqtisadiyyat boğulur (50%-dən aşağı olan ölkələr), tam azad iqtisadiyyata malik ölkələrin sayı isə (80%-dən çox olan ölkələr) cəmi 5-dir. Ümumiyyətlə bu sahədə “liderliyk” hər ildə olduğu kimi ötən ildə də Şimali Koreyaya məxsus olub. Reytinq cədvəlinin sonuncu pilləsində qərar tutan bu ölkədə iqtisadi azadlığın səviyyəsi cəmi 1,3% həddində göstərilib. Onu da qeyd edək ki, Şimali Koreyada iqtisadi azadlığın səviyyəsi son bir ildə 0,3% həddində müsbətə doğru dəyişib. Bu ölkədən sonra Kuba, Venesuela və Zimbabve də iqtisadi azadlıqların ən pis təmin olunduğu ölkələr olub.

Allahverdi Cəfərov