“İqor Ponomaryovun tövsiyələrinə baxmayaraq, penaltini onun kimi yerinə yetirməyi öyrənə bilmədim”

782

“Neftçi”nin heyətində çıxış etmiş futbolçular o zamanki SSRİ-nin əsas yığma komandasında da böyük uğurlara imza atıblar. Belə ki, əfsanəvi futbolçumuz Anatoli Banişevski 1966-ci ildə İngiltərədə keçirilmiş dünya çempionatında bürünc medal qazanmaqla yanaşı, Avropa (1972-ci il, Belçika) çempionatında gümüş mükafata yiyələnib. İqor Ponomaryov SSRİ yığmasının tərkibində Olimpiya oyunlarının qızıl medalını əldə edib.
“Neftçi”nin yetirmələri aşağı yaş qrupu üzrə komandalarda da böyük nailiyyətlərə imza atıblar. Belə ki, Nikolay Smolnikov U-21 yığmasının tərkibində (1967-ci il) Avropa çempionatının qalibi olub. (Yeri gəlmişkən, İqor Ponomaryov Olimpiya çempionu olmamışdan öncə 1978-ci ildə SSRİ-nin U-21 komandasının heyətində də fərqlənib). Vitali Şevçenko isə U-18 yığmasının heyətində (1969-cu il) Avropa çempionatının bürünc medalını qazanıb. Vəli Qasımov 1985-ci ildə U-16 komandasının tərkibində Avropa çempionatının qalibi olub.
Sovetlər Birliyinin U-16 komandası Kanadada keçirilmiş dünya çempionatının qalibi olub. Kuboku başı üzərinə qaldıranlar arasında “Neftçi”nin gənc futbolçuları Arif Əsədov, Vladislav Qədirov və Vyaçeslav Lemiş də yer alıb. 1988-ci ildə 18 yaşadək futbolçuların iştirakı ilə keçirilmiş Avropa çempionatında “Neftçi”nin üzvü Arif Əsədov növbəti dəfə SSRİ yığmasının tərkibində ali mükafata sahib çıxıb (“Neftçi”nin digər üzvüləri – Tərlan Əhmədov və Ruslan Lukin də SSRİ yığmasının formasında 1990-cı ildə keçirilmiş U-18 Avropa çempionatının qızıl medalını əldə ediblər).
Beləliklə, bu dəfəki həmsöhbətimiz dünya çempionu, “Neftçi”nin veteranı Vladislav Qədirovdur.

– Bu günün Azərbaycan futbolunu necə xarakterizə edərdiniz?
– Bəri başdan deyim ki, futbolumuzun ümumi vəziyyəti ürəkaçan deyil. Xüsusilə bu il ötən illərlə müqayisədə çempionat daha zəif keçir. Elə bu səbəbdən o qədər də maraq doğurmur. Son dönəmdə yaşanan maliyyə problemləri komandaları yeni problemlərlə üz-üzə qoyub. Məsələn, bu il 5 komanda, o cümlədən “Neftçi” təlim-məşq toplanışlarını xaricdə keçirə bilmədi. Halbuki hər il “Neftçi” bu məqsədlə xaricə gedərdi. Hələ bu, bir yana, “Xəzər Lənkəran” kimi komandanin nə gündə olduğunu hər kəs bilir.
– Bu gedişlə futbolumuz idman aləmimizin əzəl mübtədası nə vaxt olacaq?
– Ümid edirəm ki, nə vaxtsa hər şey yaxşılığa doğru gedəcək. Bunun üçün, təbii ki, lap çox işləmək lazımdır. Özü də sistemli şəkildə…
– Son illər futbolumuzun inkişafına kifayət qədər vəsait ayrılıb. Üstəlik, Məşqçilər Komitəsi, Müşahidə Şurası kimi qurumlar da təsis olunub. Bunlar öz effektini verəcəkmi?
– Bu sual mənim əhatə dairəmə daxil deyil.

“Atam o günə görə bilmədi”
– Atanız Əziz kişi İqor Ponomaryovun fanatı olub. Hətta sizə deyibmiş ki, ona oxşa. Atanızın arzusunu gerçəkləşdirə bildinizmi?
– Atam təkcə İqorun yox, bütövlükdə “Neftçi”nin fanatı idi. Onun arzusu məni “Neftçi”nin əsas heyətində görmək idi. Hətta deyərdi ki, o komandada oynasan, matçın başlanmasınaı 2-3 saat qalmış tribunada yerimi tutaram. Nə yazıq ki, atam o günə görə bilmədi. O, 50 yaşında birdən-birə dünyasını dəyişdi.
– Allah rəhmət eləsin…
– Allah ölənlərinizə rəhmət eləsin. Amma mən İqordan çox şey görüb-götürdüm. O həm də mənə, sözün həqiqi mənasında, dayaq oldu. Bu mənada deyədim ki, o mənim üçün, əgər belə demək mümkünsə, “Xaç atası” olub.
– “Neftçi”də ilk oyununuzu necə xatırlayırsınız?
– 1988-ci ildə əsas heyətdə Moskvanın “Dinamo”su ilə oyuna çıxdım. O da belə oldu: həmin oyun olan günü komandanın baş məşqçisi Ağasəlim Mircavadov dedi ki, bəs Mehman Allahverdiyev xəstədir, o gələ bilməyəcək, meydançaya sən çıxacaqsan.
– Bu komandadan ayrılmağınızın bir səbəbi oldumu?
– 1991-ci ilədək “Neftçi”də çıxış etdim. Amma o illərdəki məlum hadisələrlə əlaqədar demək olar ki, “Neftçi” tamam zəiflədi. O zaman könüllü şəkildə komandadan ayrıldım.

“O şəhərlərdə
çoxlu azarkeşim var”
– Ümumiyyətlə, futbolçu karyeranızı nə zaman başa vurmusunuz…
– Məlumat üçün bildirim ki, mən ondan sonra Rusiyanın müxtəlif komandalarında (“Saxalin” (Xolmsk), “Lokomotiv”, “Arsenal” (Tula), “Spartak” (Ryazan), “Lada Energiya” (Dimitrovqrad) çıxış etmişəm. 1998-ci ildə Rusiyada baş vermiş inflyasiya ilə bağlı problemlər yaşandı, elə bu səbəbdən Bakıya qayıtdım və Nadir Qasımovun təklifi ilə “Bakı fəhləsi” komandasında çıxış etdim. Elə həmin komandada futbolçu karyeramı başa vurdum. Onda mənim 28 yaşım vardı. Hə, bu məsələdə zədələr də öz sözünü dedi.
– Tula… Samovarı ilə tanınan şəhər. Yəqin oranın samovar çayını indi də xatırlayırsınız.
– Niyə ki, Tula həm də silahı ilə tanınır. O ki qaldı samovar məsələsinə… Mənə orada bir samovar bağışlamışdılar. İndi hərdən ondan istifadə edəndə o günləri xatırlayıram.
– Hansı şəhərin fəxri vətəndaşı olmusunuz?
– Heç birinin. Amma o şəhərlərdə çoxlu azarkeşim var. Bu gün də onların bəziləri ilə əlaqə saxlayıram.

“Mənə nəsib olmadı”
– İndi də 30 il əvvələ qayıdaq. 1987-ci il… Kanada… Pele… Bu adlıq cümlə sizə nələri xatırladır?
– 1987-ci ilin iyul ayının 25-də Kanadada yeniyetmələr arasında dünya çempionatının finalı keçirilib və finalda SSRİ-nin U-16 komandası Nigeriyanı məğlub edib. FİFA prezidenti Joao Avelanj da həmin oyuna baxmağa gəlmişdi. Əfsanəvi futbolçu Pele isə (sözün düzü, Pelenin həmin oyuna gələcəyinə inanmırdım) fəxri qonaq kimi dəvət olunmuşdu. Oyundan qabaq Pele hər bir oyunçu ilə əlbəəl görüşəndən sonra xatirə şəkli çəkdirdi. Təəssüf ki, start heyətdə olmadığıma görə (həmin oyunun 31-ci dəqiqəsinə Vısokosu əvəz etdim) bu xoşbəxtlik mənə nəsib olmadı. Yeri gəlmişkən, bizim məşqçi Aleksandr Piskaryov da meydana çıxıb şəkil çəkdirənlərə qoşulmaq istədi. Amma ona meydana çıxmağa imkan verilmədi.
– Buna qaçırılmış şans demək olar?
– Olar. Amma o zaman Peleni yaxından görmək mənə nəsib olub.
– Həmin il yeniyetmələr arasında keçirilmiş dünya çempionatında qol vurmağa nail oldunuzmu?
– Hə, Meksika ilə oyunda komandamız rəqibi 7 dəfə pərt etdi. 64-cü dəqiqədə vurulan altıncı qolun müəllifi olmaq isə mənə nəsib oldu.
– Həmin qolla digər oyunlarda vurduğunuz qollar arasında bir fərq hiss etdinizmi?
– Mənə görə qol elə qoldur. Amma belə bir mötəbər yarışda fərqlənməyin alayı bir ləzzəti olur.
– Yeri gəlmişkən, Moskva belə bir uğuru gözləyirdimi?
– Moskvada dedilər ki, səkkizliyə düşsək böyük işdir. Amma komandamız çempion oldu.
– İndi qaliblərə mükafatlar, üstəlik pul da verirlər. Bəs o illərdə necə? O illərdə futboldan sizə daha nələr qaldı?
– Dünya çempionu olanda bizə bir qərənfil, bir də xrustal vaza verdilər. Vəssalam-şüdtamam. Amma o yaşda bizdə idman ustası adı verdilər. O zaman hər idmançıya belə bir ad verilməzdi.
– Yəqin özünüzdən razı idiniz?..
– Yox, əvvəla, bizə dönə-dönə tapşırırdılar ki, ağır oturun, batman gəlin. Ulduz xəstəliyinə tutulmayın. Hətta deyirdilər ki, özünüzü pis aparsanız sizi futboldan siləcəyik. Odur ki, özümüzü çox sadə aparardıq.

“Qarabağ”ı seçərdim
– Sizin dövrünüzdə bir arzu olunan komanda vardı: “Neftçi”. Cavan olsaydınız, indi hansı komandanı seçərdiniz?
– “Neftçi” mənim canım-ciyərimdir, o nömrə birdir, bu, öz yerində, amma “Qarabağ”ı seçərdim (O da götürsəydilər…) Çünki bu komandanın oyun tərzi mənə daha yaxındır.
– Sizə elə gəlmirmi, bizim gənclər sanki üzərlərində işləmirlər? Heç yerləri üstündə belə əsmirlər. Bəzən də görürsən, bu gün, bu və ya digər oyunçunun sorağı, məsələn, “Xəzər Lənkəran”dan gəlir, sabah da “Rəvan”dan… Bu sərbəstlikdir, yoxsa?..
– Bu sərbəstlik deyil, məsuliyyətsizlikdir. Bəli, elə oyunçu var ki, 9 il futboldadır, amma 10 komanda dəyişib. Bunu başa düşə bilmirəm… Belələri də məsələn, “Neftçi”də olanda deyirlər ki, bu komanda mənə doğmadır. Sabah sorağı “İnter”dən gələndə deyirlər ki, bəs bura yurdum, yuvam, məskənimdir.
– Özləri də kənara çıxmaq, yəni legioner həyatı yaşamaq istəmirlər.
– Ona görə ki, qarşılarına məqsəd qoymurlar. Bir də… burada onlar üçün hər cür şərait yaradılıb… Mənə elə gəlir ki, bu məsələdə problem onlarda deyil. Problem onlara yüksək maaş verənlərdədir. Doğrudur, futbolçu qazanmalıdır, amma layiqli qazanmalıdır da… Daha belə yox ki…
– Siz Vəli Qasımovla birgə İspaniyanın “Almeriya” klubunda təcrübə keçmisiniz. Ümumiyyətlə, o ölkədə süni meydançalar varmı?
– Orada süni meydança yoxdur. Bİzdə isə 4-5 belə meydança var. Niyə? Çünki belə meydançalara qulluq etmək çox asandır. Onu da deyim ki, süni meydança uşaqlar üçün problemdir. O meydançalar uşağın fiziki quruluşunda problemər yaradır. O meydanlarda uşaq şikəst də ola bilər. Amma Qəbələdə olanda çox sevindim. Sevindim ki, bizdə belə bir meydança var.

“Hamı… can yandırardı”
– “Neftçi”də çıxış edəndə ən dəyərli futbolçu kimi hesab edirsiniz?
– O zaman hər oyunda “Neftçi”nin hər üzvü bir nəfər kimi can yandırardı. Odur ki, kimi isə fərqləndirməyə çətinlik çəkirəm. Amma onu deyə bilərəm ki, o zaman hər mövqeyin lideri olurdu. Məsələn, Jidkov qapıçı kimi, Mustafa Bilalov, Əsgər Abdullayev, Valeri Pançik müdafiəçi kimi, Ponomaryov, Nazim Süleymanov yarımüdafiəçi kimi. Yunis Hüseynov da, Vidadi Rzayev da öz mövqelərinin aparıcı oyunçuları idi.
– Ronaldo Messi ilə bağlı bir maraqlı açıqlama verib. Belə ki, portuqaliyalının “Messinin hansı özəlliyinə sahib olmaq istərdiniz?” sualına cavabı olduqca maraqlı alınıb: “Messinin çox yaxşı sol ayağı var. Onun sol ayağına sahib olmaq istərdim”. Bəs siz nə arzu etmisiniz?
– “Neftçi”nin oyunlarında 11 metrlik təyin olunanda, hamı kənara çəkilərdi. Çünki penaltini yerinə yetirmək Azərbaycan futbolunun yetişdirdiyi nadir şəxsiyyətlərdən biri sayılan İqor Ponomaryovun işi idi. Yəni demək istəyirəm ki, onun mahir penalti ustası olması hamıya məlumdur. İqordan onun kimi penalti vurmağı öyrənməyə çox cəhd etdim. Amma İqorun bütün cəhdlərinə, tövsiyələrinə baxmayaraq, penaltini onun kimi yerinə yetirməyi öyrənə bilmədim ki, bilmədim.
– Azərbaycan futbolçusuna abidə qoyulsa postamentin üzərində kimin heykəlini görmək istərdiniz?
– Anatoli Banişevskinin. Doğrudur, mən onun oyununu canlı izləməmişəm. Amma Banişevski barəsində kiminlə söhbət etmişəmsə, həmişə bu sözləri eşitmişəm: “O, yüz ildə bir dəfə dünyaya gələn nadir futbolçu olub”.
– Sizə elə gəlmirmi o, yetərincə dəyərləndirilməyib?
– Mən də elə düşünürəm.
– Elə siz özünüz də bu gün kifayət qədər təbliğ olunmursunuz…
– Elədir, bu barədə söz düşəndə deyirlər ki, SSRİ-nin tərkibində çıxış etmisiniz. Belələrinə demək lazımdır ki, əvvəla, o vaxt Azərbaycan həmin dövlətin tərkibində idi. Buna rəğmən, bizi hər yerdə Bakının “Neftçi”sinin oyunçuları kimi təqdim edirdilər. Digər bir məsələ, o zaman həmin komandanın tərkibinə düşmək heç də asan deyildi… Hətta iş o yerə çatıb ki, ölkəmizdə keçirilən beynəlxalq yarışlarda belə bizi yada salmırlar. Halbuki bu, bizim gənclərdə məsuliyyət hissini artırmaqda bir stimul ola bilər.
– Bəlkə bir qısqanclıq var…
– Nə bilim, vallah.
– Bizdə istedadlı gənc futbolçular var?
– Niyə yoxdur? Məsələn, Lənkərandan Elnur Cəfərov. Ona sadəcə istiqamət lazımdır ki, “ulduz xəstəliyinə” tutulmasın. Yeri gəlmişkən, ümumiyyətlə, bizdə futbolun strukturu düz qurulmayıb. Yəni biz sistemsiz işləyirik. Adi bir fakt: bu gün çempion olan komanda sabah dağılıb gedir. Halbuki dünyanın heç yerində belə bir şey yoxdur. Klubun nə istədiyi bəlli olmalıdır. Məsələn, Avropada ən güclü klub sistemi Portuqaliyadadır. Onlar futbolçuları transfer etməklə, İspaniya isə oyunçu gətirməklə pul qazanır.

“Belə getsə… çətin olacaq…”
– Deyəsən, “Rəvan”da işləriniz heç də uğurlu alınmayıb? Bu komandada iki dəfə baş məşqçi, bir dəfə də texniki direktor kimi fəaliyyət göstərmisiniz.
– Niyə ki, birinci dəfə “Rəvan”da olanda onu yüksək liqaya çıxardım. O ki qaldı digər məsələlərə… Vallah, orada bəzən elə şeylər baş verirdi ki, işləmək qeyri-mümkün olurdu. Məsələn, rəhbərliyə sağdan-soldan məlumatlar ötürürdülər… Rəhbərlik də mənimlə danışmadan, məsləhətləşmədən qərarlar qəbul edirdi. Bir də sizə bir məsələdən söz açım: onlar istəyirdilər ki, 75 ilin “Neftçi”sini udaq. Halbuki bir normal komanda yaratmaq üçün ən azı 3 il vaxt lazımdır. Bu mənim fikrim deyil, tanınmış futbolçu, məşqçi Lobanovskinin fikridir. Yeri gəlmişkən, onu da deyim ki, “Standart”ı yüksək liqaya çıxarmağı bacarmışam.
– Belə getsə, “Rəvan”ın işi nə vaxt rəvan gedəcək?
– Belə getsə… çətin olacaq…
– Amma mənim araşdırmalarıma görə, bu və ya digər komandada məşqçi kimi, əgər belə demək mümkünsə, atüstü olmusunuz…
– Bu məndən asılı olmayıb. Bir də baxın da… son illər bizim hansı klubda məşqçi 3-5 il fəaliyyət göstərə bilib? Yəqin deyəcəksiniz: Qurban Qurbanov. Unutmayın ki, Qurbanın çalışdığı klubun strukturu düzgün qurulub… Bəli, bu komandada məşqçiyə şans verilir, üstəlik, onu dəstəkləyirlər də…
– İncik ayrıldığınız komanda olub?
– Elə bir komanda yoxdur.

“Kömək edən olsa…”
– Siz bir futbol məktəbi təşkil etmişdiniz – “Arsenal”. Onun taleyi necə oldu?
– Sonradan onun əsasında “Standart” yarandı.
– İndi belə bir məktəb açmaq fikriniz yoxmu?
– Bilirsinizmi, futbol boks deyil ki, kiçik bir otağa sıxılıb, məşğul olasan… Futbol üçün geniş ərazi lazımdır. Bu məsələdə kömək edən olsa, məmuniyyətlə yenidən belə bir işə girişərəm.
– Son vaxtlar AFFA-da tez-tez görünürsünüz?
– Artıq 7 aydır ki, mənə AFFA-da Kütləvi futbolun koordinatoru vəzifəsində çalışıram (Özü də məni bu işə AFFA-nın baş katibi Elxan Məmmədov cəlb edib). Bildiyiniz kimi, AFFA rəsmən UEFA-nın Kütləvi Futbol Proqramına qoşulub. Kütləvi Futbol Proqramının əsas məqsədi “idman şahı”nı daha da kütləviləşdirməkdən, məhəlli və uşaq futbolunu inkişaf etdirməkdən ibarətdir. Biz də respublikamızın bütün bölgələrində futbolun inkişafı, bu idman növü ilə məşğul olan uşaqlarda, yeniyetmələrdə, gənclərdə və daha böyük yaş qrupuna daxil olan şəxslərdə futbola maraq oyatmaq üçün müxtəlif tədbirlər, festivallar və turnirlər təşkil edirik. Bununla bağlı neçə-neçə layihəmiz var.
– Çətin deyil ki?
– Mən çətinlikdən qorxmuram.

“Amma ağıl olmasa”
– İndi də sizə bir neçə sual ünvanlayacağam, onlara qısa şəkildə cavab verməyə çalışın.
– Çalışaram.
– Elə isə başladıq: Əlinə top götürən uşağa daha çox baxırsınız, yoxsa kitab götürənə?
– İkisinə də… Necə deyərlər, o da lazımdır, bu da…
– Tanınmış yazıçı, “Neftçi”nin Müşahidə Şurasının sədri Çingiz Abdullevin əsərlərini mütaliə edirsiniz?
– Yox.
– O sizi tanıyır?
– Məncə, üz-üzə gəlsək, bir kimsə deməsə ki, bu, Vladislav Qədirovdur, məni tanımaz.
– Sonuncu dəfə “Neftçi”nin bazasında nə vaxt olmusunuz?
– Xatırlamıram.
– Niyə, incimisiniz?
– Rəhbərlik özü deməlidri ki, bizdə belə futbolçu olub.
– Sizə elə gəlmirmi “Neftçi”nin çatışmayan cəhətlərindən bir elə veteranlarından uzaq düşməyindədir?
– Ola bilər.
– “Devyatka” deyəndə ağlınızıdan nə keçir?
– Qol, qol, yenə qol.
– Komandanın sükanı arxasına keçmək çətindir, yoxsa maşının sükanı arxasına keçmək?
– Mənim üçün onların heç biri çətin deyil. Amma fərq burasındadır ki, maşını sən idarə edirsən, komanda isə hərdən səni idarə etməyə çalışır. Amma mən buna imkan vermirəm.
– Ləqəbiniz olub?
– Yox…
– Orta məktəbdə necə oxumusunuz?
– Elə orta.
– İdmanın daha hansı növləri ilə məşğul olursunuz?
– Bir zamanlar stolüstü tennis, voleybol oynayardım. İndi isə yalnız futbol oynayıram.
– Sevginiz yalnız futbola olub?
– Xokkeyi də sevirdim. Mən yaxşı xokkeyçi də ola bilərdim.
– Prosineçki millimizə nə gətirdi, ondan nələr gözləyirsiniz?
– Nəsə eləməlidr.
– Sevdiyiniz şərhçi kimdir?
– Nikolay Ozerov olub. İndi cavanlar çoxdur…
– Sevdiyiniz film hansıdır?
– “Qafqaz əsiri”.
– Bozbaş müğənnilərimiz var, bozbaş futbolçularımız necə, varmı?
– Var…
– Futbolda əldən başqa, bədənin bütün üzvləri topla təmasda ola bilər. Bəs həyatda əllə nəyə toxunmağa qadağa qoyardınız…
– Rüşvətə, oğurluğa…
– Hansı sənət adamı ilə əlaqələriniz var?
– Balerina Təranə Muradova ilə ailəvi dostluğumuz var.
– Ağsaqqal söhbətinə ehtiyac duyanda kimin yanına üz tutursunuz?
– İqorla söhbət edirik.
– İndiki uşaqlara baxanda nə düşünürsünüz?
– Biz məhəllə futbolundan axşam qayıdardıq. O zaman uşaqlar, əgər belə demək mümkünsə, “sportivni” idi… İndikiləri isə komyuter caynağına elə alıb ki…
– Bu bəlkə cəmiyyətin günahıdır?
– Elədir…
– Əslən Qusardansınız… Bu məkanın “Şahdağ”ına kömək etməyi düşünmüsünüzm?
– Dəfələrlə, amma nədənsə dediklərimi qulaqardına vurulub. Hətta atamgilin kəndində bir stadion inşa etdirmək istədim. Di gəl, yaxın gələn olmadı.
– Övladlarınız ardıcılınızdır?
– Xeyr, bir oğlum var, o da başqa bir sahənin adamıdır.
– Bu və ya digər uşağı futbola kökləmək üçün lazım olan əsas amil nədir?
– Mən deyərdim ki, ağıl. Futbolda fiziki, həmçinin digər çatışmayan cəhətləri aradan qaldırmaq olar. Amma ağıl olmasa, onları aradan qaldırmaq müşkül məsələdir.
– Bəlkə söhbətimizi başınıza gəlmiş bir maraqlı əhvalatla yekunlaşdıraq?
– Hər il müxtəlif yaş qrupları üzrə “Yunost” (”Gənclik”) turniri keçirilərdi. 1985-ci ildə bizim 15 yaşlılardan ibarət Azərbaycan yığması Böyükağa Ağayevin rəhbərliyi altında Nalçikdə o yarışa qatılmışdı. Elə həmin il mən, Arif Əsədov və Ruslan Lukin (daha sonra Lemiş) SSRİ-nin U-16-milli komandasına seçildik. Elə bu səbəbdən biz komandamızla Bakıya qayıtmadıq, orada məşqləri davam etdirməli olduq. Nə isə, bir həftəlik təlim-məşq toplanışı başa çatdı və biz evə qayıtmalı olduq. Bir taksiyə əyləşib dedik ki, sür aeroporta. Gözünə döndüyüm sürücü də daha bizdən heç nə soruşmadan motoru işə saldı. Yol boyu mən və Arif deyib-gülürük. Nalçikin aeroportuna yaxınlaşana yaxın ətrafdakı bir neçə “kukuriznik” (o zaman kənd təsərrüfatı sahəsində istifadə olunan təyyarələr belə adlandırılırdı) diqqətimi cəlb etdi. Odur ki, Arifə dedim: “Arif, burada sərnişin təyyarəsi gözümə dəymir axı?” Söhbətimizdən hali olan sürücü birdən dedi ki, ay bala, biletinizə baxmaq olar? Baxan kimi də dilləndi: “Siz Nalçikdən yox e… Minvoddan uçmalısınız”. Yalandan dedik ki, nə qədər istəyirsən verək, təki sən bizi həmin reysə çatdır. Sürücü dedi ki, ora iki saatlıq yoldur, heçə təyyarə ilə də sizi ora çatdıra bilmərəm, çünki bir saatdan sonra həmin təyyarə havaya qalxacaq. Uzun sözün qısası, qayıtıq məşq keçirilən yerə. Orada da kimsə yox, üz tutduq Nalçik İdman Komitəsinə. Bizə qatarla getməyi məsləhət gördülər. Tərslikdən qatarda da babat yer olmadı. Naəlac qalıb mənə və Arifə vaqonun üçüncü “polkası”nda yer etdilər. Beləcə, biz ac-susuz bir sutkadan sonra Bakıya yetişdik.
Qvami Məhəbbətoğlu