İqlim dəyişmələri müasir dövrün əsas problemlərindən biridir

431

İqlim dəyişmələri müasir dövrün əsas problemlərindən biridir. BMT-nin baş katibi Antonio Quterreş bu barədə Davosda keçirilən Beynəlxalq İqtisadi Forumda çıxışı zamanı bildirib. O, növbəti dəfə xatırladıb ki, bu proses bəşəriyyət ölçü götürməzdən daha sürətlə baş verir. BMT-nin rəhbəri “reallığın alimlərin ən bədbin proqnozlarından daha ciddi olması” barədə xəbərdarlıq edib, lakin onun sözlərinə görə, bəzi liderlər istiləşməni dayandırmağa daha az cəhd göstərirlər.

Antonio Quterreş təəssüflə qeyd edib ki, dünyada elə ölkələr var ki, yerin altından çıxarılan yanacaq növlərinin hasilatına və təkrar emalı üçün subsidiyalar ayırırlar, lakin bəzi insanlar hələ də iqlim dəyişməsi faktını inkar edirlər. “Zəruri texnologiyaların, biznes və vətəndaş cəmiyyətinin artan dəstəyinin bizim tərəfimizdə olmasına baxmayaraq, bu, baş verir”, – deyə baş katib bildirib.

BMT-nin rolu barədə danışan baş katib, həmçinin “BMT-nin əhəmiyyətinin artması barədə” məsələyə də toxunub. Bu kontekstdə o, bu yaxınlarda dünya ölkələrinin iqlim üzrə Paris Sazişinin icra yolları barədə razılığa gəldiyi Katovitsedə keçirilən görüşü xatırladaraq deyib: “Hamı düşünürdü ki, bizi Katovitsedə iflas gözləyir, lakin bu, baş vermədi. Bəli, biz qarşıya daha yüksək vəzifələr qoymalıyıq. Lakin hər halda biz bundan sonra da irəliləməkdən ötrü tamamilə müxtəlif mövqelərə malik ölkələri ortaq məxrəcə gətirməyə nail olduq”.