İpoteka şərtləri yüngülləşir

666

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev “Azərbaycan İpoteka Fondu” ASC-nin yaradılması haqqında fərman imzalayıb. Ekspertlərin fikrincə, fərmanın icrası ilə əlaqədar olaraq yaxın vaxtlarda Azərbaycanda ipoteka kreditlərinin şərtlərində ciddi yumşalmalar, xüsusən də güzəştli ipotekaya çıxış imkanlarının genişlənməsi müşahidə olunacaq. İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramovun sözlərinə görə, uzun müddət gündəmdə olan və Mərkəzi Bank tərəfindən dəfələrlə təkrarlanan, amma reallaşmayan ipoteka şərtlərinin sadələşdirilməsi həyata keçiriləcək: “Fərmana əsasən, cəmiyyətin fəaliyyətinə Prezident nəzarət edəcək. Fərman ipoteka şərtlərinin yüngülləşdirilməsinə, faizlərin aşağı salınması, tələb olunan sənədlərin sayının azaldılması, həmçinin proseduranın sadələşdirilməsi, xüsusən gənc ailələrin ipoteka kreditlərinə əlçatanlığını təmin edəcək. Bu baxımdan fərman birmənalı şəkildə imkan verəcək ki, vətəndaş daha az faiz və daha az sənədlə ev sahibi ola bilsin. Yeni qaydalar tətbiq edildikdən sonra əməkhaqqı nisbətən az olanlar da kreditlərdən yararlana biləcəklər”.

Vüqar Bayramovun dediyinə görə, bu fərmanla tikinti üçün mövcud olan mürəkkəb prosedura çox sadələşdiriləcək: “Eyni zamanda, fərman inşa edilən, istifadəyə verilmiş, amma istismara götürülməyən binaların istismara götürülməsini təmin edəcək. Məlum olduğu kimi, Bakıda olan yeni tikililərin 80 faizindən çoxu istismara götürülməyib. Baxmayaraq ki, həmin binalar kommunal xidmətlərlə təmin olunub. İstismara götürülmədiyi üçün həmin binalardakı mənzil sahiblərinin kupçi almaq imkanı yoxdur. Bu da kupçi əldə edilməsinə problem yaradırdı. Fərman həm də kupçisiz mənzillərdə yaşayan sakinlər üçün şad xəbər kimi qiymətləndirilə bilər. İnsanlar “ASAN xidmət”ə müraciət etməklə qısa zamanda uzun-uzadı proseduradan keçmədən kupçi əldə edə biləcəklər”.

İqtisadçı ekspert Natiq Cəfərli isə bildirib ki, Prezidentin fərmanı ilə struktur dəyişikliyindən sonra “Azərbaycan İpoteka Fondu”nun daha əlçatan olması, daha çox insanların Fond vasitəsilə mənzil sahibi olması imkanı artacaq. Lakin N. Cəfərli bu fikirdədir ki, burada daha bir neçə həll olunmalı məsələ qalıb: “İpoteka faizlərinin yenidən gözdən keçirilməsinə, daha çox kateqoriyalı şəxslərə sosial ipotekanın verilməsi üçün qanunvericilik bazasında bəzi dəyişikliklərə ehtiyac var”.

İqtisadçı Oqtay Haqverdiyev isə bildirib ki, fərmanda nəzərdə tutulan məsələlər icra olunandan sonra kredit faizlərində də müəyyən azalma olacaq.