“İpoteka alan vətəndaşların əksəriyyətinin maaşı 1000 manatdan çoxdur”

495

Ölkədə aztəminatlı ailələrin vəziyyətinin yaxşılaşdırılması məqsədi ilə ipoteka kreditinin verilməsi nəzərdə tutulsa da, hələ də bu imkandan yararlana bilməyən vətəndaşlarımız kifayət qədərdir. Məsələ burasındadır ki, əksər vətəndaşlar ipoteka kreditinin şərtlərinin ağır olmasından narazıdırlar. Mövzu ilə bağlı iqtisadçı ekspertlərin fikrini öyrəndik.

“Daşınmaz əmlak bazarında mövcud qiymət səviyyəsi, ipoteka kreditlərindən istifadə etməni azaldır”

İqtisadçı ekspert Rəşad Həsənov bu mövzunun son illərdə əsas müzakirə mövzularından biri olduğunu dedi. Onun sözlərinə görə, ipoteka kreditləri – aztəminatlı, əhalinin mənzilə ehtiyacı olan qisminin probleminin həll edilməsi üçün nəzərdə tutulmalı idi: “Məsələ ondan ibarətdir ki, Azərbaycanda bir sıra şərtlər, o cümlədən daşınmaz əmlak bazarında mövcud qiymət səviyyəsi, ipoteka kreditlərindən istifadə etməni azaldır, yəni, əlçatanlığı azaldır. Burada əhalinin gəlirləri, leqal gəlirlər əslində əhəmiyyətli məqamlardan biridir. Bir sıra hallarda vətəndaşlar gəlirlərinin əhəmiyyətli bir hissəsini leqallaşdıra bilmirlər. Ümümiyyətlə, bu istiqamətdə bizim hazırlayıb dövlətə təqdim etdiyimiz tövsiyələr var idi. Bildiyiniz kimi, ipoteka kreditinin məbləği 50 min manat idi. Biz təklif etdik ki, bu məbləğ qaldırılsın. Yəni, bu məbləğlə daha keyfiyyətli mənzil almaq mümkün olmurdu. Bu məbləğ yüz min manata qədər artırıldı”.

“Bir sıra sənədlər tələb olunmayacaq”

Ekspert R. Həsənov ipoteka krediti zamanı tələb olunan sənədlər haqqında da fikir bildirdi: “Əsas məslələrdən biri də, tələb olunan sənədlərin çoxluğudur. Bu haldan daha çox da kredit işçilərinin istifadəsinə – leqal ödənişlər tələb olunmasına imkan yaradır. Ancaq bununla da bağlı yeni addımlar atıldı deyə bilərik. Bir sıra sənədlərin – ipoteka təklif edən tərəfindən birbaşa olaraq aidiyyəti qurumlar tərəfindən elektron qaydada tələb olunması məsələsi bu kimi çətinliyi müəyyən qədər sadələşdirdi. Eyni zamanda bir sıra sənədlər tələb olunmayacaq”.

“Şərtlərin ağır olması aztəminatlı ailələrin daha az ipoteka krediti götürməsi deməkdir”

“Əməkhaqqı nə qədər olsa vətəndaş bu kreditdən yararlana bilər?” sualına ekspert belə cavab verdi: “İpoteka kreditləri almaq istəyən vətəndaşın yüksək məvacibli olması tələb olunur. Bu isə, kreditin alınmasında məhdudiyyət yaradır. Bizim təklif etdiyimiz məslələrdən biri də bu idi ki, maksimum məbləğ səksən min manata qədər artırılsın, əvəzində ipoteka kreditlərinə tətbiq olunan faizilər güzəştli ipoteka üçün iki, adi ipoteka üçün isə dörd faizə qədər azaldılsın. Nəticədə aylıq ödənişlərdə çox da dəyişiklik baş verməyəcəkdi, amma kreditin ümümi məbləğini artırmaq olacaqdı. Amma devalvasiyalar baş verdi. Hökumət beş il üçün yeni kredit strategiyaları hazırlayırıq deyib xeyli yubatdı. Devalvasiyalardan sonra faizlərin azaldılması məsələsini gündəmdən çıxardı. Yəni, hökumət faizləri azaltmadı. Məsələn, 100 minlik ipotekada aylıq ödənişin 700 manatdan yuxarı olmasına gətirib çıxardı. 700 manat əməkhaqqı alan vətəndaş Azərbaycan şərtləri daxilində yüksək gəlirli hesab edilir. Bu kimi halların nəticəsidir ki, Azərbaycanda ipoteka alan vətəndaşların əksəriyyətinin maaşı 1000 manatdan çoxdur. Daşınmaz əmlak bazarında qiymətlərin absurd olması, həddindən artıq yuxarı olması, real bazar şərtləri daxilində formalaşmaması anormallıq yaradır. Hazırda güzəştli mənzillər layihəsi tətbiq olunur. Bunu yüksək tendensiya kimi qiymətləndirmək olar. Güzəştli mənzillərin daha aşağı qiymətlərlə təklif olunması aztəminatlı ailənin daha az ipoteka krediti götürməsi deməkdir. Bu da aylıq ödənişi aşağı salır. Məsələn, iki yüz manatdırsa aylıq ödəniş və beş yüz manatlıq gəlirli bir ailə müəyyən qədər bu şəraitdən yaralana bilir. Hər il Azərbaycanda yetmiş-səksən min ailə qurulur. Ehtimalla bu ailələrin yetmiş faizi aztəminatlı ailələrdir. Təklif olunan mənzillərin sayı məlumdur – 1850 mənzil var, tələb isə kifayət qədər yüksəkdir. Bu məsələ üzrə yeni işlər aparılmalı – həm şərtlər sadələşməli, biznesin bu istiqamətdə aktivliyinin artırılması (biznes kreditlərinin sərfəli qaydalarla verilməsi) lazımdır”.

“Azərbaycanda bank faizləri yüksək, bank şərtləri ağırdır”

İqtisadçı ekspert Akif Nəsirli isə “Yeniavaz.com” açıqlamasında dedi ki, ipoteka dedikdə – dövlətin verdiyi ipoteka kreditlərindən söhbət gedir, bunun şərtlərinin yüngüləşdirlməsi isə hökumətin qərarlarından asılıdır: “Hökumət hansısa kommersiya bankları vasitəsi ilə bu ipoteka kreditlərini verməlidir. Bu məsələdə kommersiya banklarının rolu çox da əhəmiyyət kəsb eləmir. Təbii ki, müəyyən mənada təsirləri var. Azərbaycanda bank faizləri, bank şərtləri bahadır. İpoteka şərtlərini dövlət diktə edir. Bu artıq bazar ipotekası deyil, özəl ipoteka deyil. Dövlət istəsə konkret şərtlər daxilində şərtləri yüngülləşdirə bilər. Bu yüngülləşməyə ilkin ödənişin aşağı edilməsi, faiz güzəştləri, ilin uzadılması kimi məsələlər daxildir. Ancaq bunun üçün dövlətin imkanları olmalıdır. Vətəndaşlardan yüngülləşdirilən yük harasa yüklənməlidir. Yəni dövlət bu yükü vətəndaşdan alırsa, öz üzərinə götürməlidir. Bunun üçün də dövlətin imkanları geniş olmalıdır. Bu indiyə qədər var idi. Yəni, 2015-ci ilə kimi hökumətin bu imkanları var idi. Amma bunu etmədilər. Artıq indiki şəraitdə yeni yüngülləşdirilmiş şərtlər etmək gücü qalmayıb. Yəni, Azərbaycan hökumətinin imkanları məhduddur”.