“İpək yolu” Çinin Orta Asiyada möhkəmlənməsinə yol açacaq

Son illərdə tədricən Orta Asiyada möhkəmlənməyə başlayan Çin bu məqsədlə tarixi İpək Yolunun dirçəldilməsi istiqamətində mühüm tədbirlər həyata keçirməkdədir.
 Xüsusilə 2012-ci ildə Si Tszinpinin ölkə rəhbərliyinə gəlməsindən sonra tarixi İpək Yolunun dirçəldilməsi ideyası yenidən gündəmə gəldi. 2013-cü ildə Si Tszinpin tərəfindən təklif edilən “İpək Yolu İqtisadi Kəməri” layihəsinin həyata keçirilməsi Çinin nəinki iqtisadi, həm də siyasi və hərbi baxımdan Orta Asiyada möhkəmlənməsinə yol açaraq, onun Xəzər dənizi vasitəsilə Azərbaycana və oradan da Aralıq dənizi hövzəsinə çıxış əldə etməsinə imkan verəcək. Bu baxımdan Çinin də böyük maraq göstərdiyi  Bakı-Tbilisi-Qars dəmir yolunun işə düşməsindən sonra Çin Orta Asiya ərazisindən istifadə etməklə ildə milyonlarla ton Qərbə mal göndərə biləcək. Bu dəmir yolunun işə düşməsi Çinin “İpək Yolu İqtisadi Kəməri” layihəsinin reallaşdırılmasına təkan verəcək. Çin hazırda Bakı-Tbilisi-Qars dəmir yoluna qoşula bilmək üçün Orta Asiyada Xəzər dənizini Azərbaycan-Gürcüstan-Türkiyə və Balkanlarla birləşdirəcək yeni dəmir yolları inşa etməkdədir. Ümumi uzunluğu 1100 kilometr olacaq yeni dəmir yolu  Çinin üzünə Avropanın qapılarının açılması demək olacaq. “İpək Yolu İqtisadi Kəməri” layihəsinin reallaşdırılması həm də Çinin Avropa ilə ticari əlaqələrinin dəfələrlə artmasına yol açaraq, onun iqtisadi inkişafına yeni təkan verəcək. Bu həm də Çinin iqtisadi baxımdan ABŞ, Rusiya və İranı Orta Asiyadan sıxışdırıb çıxarması demək olacaq. “İpək Yolu İqtisadi Kəməri” layihəsinin reallaşdırılması çərçivəsində həyata keçirilən tədbirlər Çinə türk kökənli uyğurlardan gələn separatçılıq problemini də aradan qaldırmağa, onların bölgədəki türk dövlətləri ilə münasibətlərinin daha da genişləndirilməsinə və bölgənin iqtisadi baxımdan çiçəklənməsinə gətirib çıxararaq, separatçılıq meyillərini zəiflətməyə imkan verə bilər. Təsadüfi deyil ki, məsələyə münasibət bildirən tanınmiş politoloq, ABŞ-ın Asiya Tədqiqatları Bürosunun təhlükəsizlik məsələləri üzrə siyasi eksperti Nadi Rolland “Çinin yeni ipək yolu” adlı məqaləsində yazır: “Bu layihənin Çinin ABŞ-ı bölgədən sıxışdırıb çıxarmasına və bölgəni iqtisadi, siyasi və hərbi təsiri altına almasına xidmət edir. Bu məqsədlə də Çin Qərbi və bölgəyə qonşu olan ölkələri qıcıqlandırmamaq üçün olduqca ehtiyatlı iş aparır. Yəni bu məsələdə Çin birdən-birə deyil, tədricən bölgədə möhkəmlənmək siyasəti yeridir”.

Buna paralel olaraq, Çin Rusiya ilə də  daha isti münasibətlər qurmaq, ona özünü bölgədə rəqib göstərməməyə cəhd edir. Çinin Orta Asiyaya ən böyük ekspansiyası isə, şübhəsiz ki, Türkmənistan qazının nəqlini reallaşdıra bilməsidir. Bu çərçivədə  də türkmən qazının Çinə ixracını nəzərdə tutan yeni qaz kəmərinin çəkilməsi Çinin regionda marağı olan dövlətlərə vurduğu tərs şillə kimi dəyərləndirilə bilər. Çünki bu kəmər tam gücü ilə işə düşəndən sonra Çin ildə 70 milyard kubmetr türkmən qazı ala biləcək. İqtisadi və siyasi baxımdan isə bu, Çinin bölgədə möhkəmlənməsi və burada yeganə supergüc rolunu oynaması demək olacaq. Nəhayət, Çin Orta Asiyanın yalnız yanacaq-energetika sahəsində deyil, digər təbii ehtiyatları üzərində nəzarəti ələ almaq niyyətində olduğunu  nümayiş  etdirir. Məsələn, Çin Qazaxıstan və Özbəkistanın strateji məhsulu hesab edilən uran yataqlarının işlədilməsinə də milyardlarla dollar sərmayə qoymaqdadır. Çin həvəslə Orta Asiya respublikalarına, o cümlədən regionun ən kasıb ölkələri olan Qırğızıstan və Tacikistana da həvəslə, güzəştli şərtlərlə uzunmüddətli kreditlər verir. Bu kreditlərdən əlavə, Çin iş adamları Qırğızıstan və Tacikistana iqtisadi baxımdan gəlir gətirən sahələr hesab edilməyən strukturlara həvəslə sərmayə qoyurlar. Əslində bundan əsas məqsəd bölgədə möhkəmlənmək və müəyyən  müddətdən sonra  bunun əvəzini siyasi və ya hərbi strateji sahədə birə-beş çıxarmaqdır. Bir sözlə, Çin tədricən Orta Asiyada möhkəmlənməklə buradan ABŞ-ı sıxışdırıb çıxarmaq planını uğurla həyata keçirməkdədir. Çinin “İpək yYlu İqtisadi Kəməri” layihəsinin reallaşdırılmasının arxasında da yuxarıda dediyimiz kimi, belə bir  uzaqgedən siyasət dayanır. Rusiyanın bölgədəki maraqlarına gəlincə, Pekin bu məsələdə Moskva ilə rəqib kimi deyil, dost kimi davranır. Amma əlverişli vəziyyət əmələ gələndə, Çinin Rusiyanı da bölgədən sıxışdırıb çıxarmaq üçün hərəkətə keçəcəyi və Moskva üçün böyük bir təhlükəyə çevriləcəyi istisna edilmir.

Əziz Mustafa