İntihar heç bir borcu bağlamır

541

14_yasinda_ki_kiz_intahar_etti_h18581Son vaxtlar kredit borcuna görə bəzilərinin intihar yolu seçməsi barədə məlumatlar yayılır. Sonuncu belə hadisə avqustun 10-u, günorta saatlarında Dənizkənarı Milli Park ərazisində baş verdi. Belə ki, əslən Lənkəran rayonunun Şirinsu kəndindən olan 25 yaşlı Ağayev Pərvin Elşən oğlu özünü dənizə ataraq intihar etdi. Ailənin yeganə oğlu olan Pərvin Lənkəran Dövlət Humanitar Kollecinin Kompyuter mühəndisliyi fakültəsini bitirib. Mətbuatda yayılan məlumata görə, maddi durumları yaxşı olmadığına görə ata və anasını rayonda qoyan gənc Bakıya işləməyə gəlib. Bir neçə il əvvəl mərhumun danışma qüsuru olan qardaşı da vəfat edibmiş. Buna görə də ailədə işləyən tək adam məhz Pərvin olub. Bildirilir ki, intihar edən gəncin 5 müxtəlif banka kredit borcu olub. İntiharın da bu səbəbdən baş verdiyi ehtimal edilir. Ev tikdirən subay gənc kreditə elə tikinti xərclərini qarşılamaq üçün müraciət edib.

 Qanun bankın xeyrinədir

Məsələ ilə bağlı bizimlə danışan Bakı Hüquq Mərkəzinin hüquqşünası Dünyamin Novruzov kredit götürən şəxs intihar etdikdə kreditin bağlanmadığını dedi. Onun sözlərinə görə, bu məsələ Mülki Məcəllənin müvafiq maddələri ilə tənzimlənir və intihar etmək istəyən şəxs bu yolla kreditinin bağlanacağını düşünürsə yanılır: “Bəli, mətbuatda bəzən bu cür xəbərlərə rast gəlirik ki, hansısa vətəndaş bankdan götürdüyü krediti ödəyə bilmədiyi üçün intihar yolunu seçib. Burada iki məqam var: əgər intihar etmək istəyən şəxs, ümumiyyətlə, intihar edib “qurtulmaq” istəyirsə, yəni bu yolla məsuliyyəti öz yaxınlarının, doğmalarının üzərinə atırsa, bu başqa məsələ. Yox, əgər həmin adam krediti ödəyə bilmədiyi üçün intihar edəcəyini və bununla kreditinin bağlanacağını, o öləndən sonra isə yaxınlarının həmin borcu ödəməyəcəyini, bankın bu pulu qanunun tələbi ilə bağışlayacağını düşünürsə yanılır. Çünki bu məsələdə qanun bankın xeyrinədir, yəni vətəndaş vəfat edərsə, intihar edərsə, bank o borcu bağlamaq məcburiyyətində deyil”.

 “Kredit götürənin vərəsələri onun borcunu ödəyirlər”

D. Novruzovun dediyinə görə, kredit götürən şəxs intihar yolunu seçəndə borcu vərəsəlik qaydasında onun vərəsələrinə keçir: “Mülki Məcəllənin 1151-ci və 1159-cu maddələrində bu öz əksini tapıb. Həm zamin duran şəxs, həm də kredit götürənin vərəsələri onun borcunu ödəyirlər. Hə, ola bilər ki, məsələ ictimailəşər və bank ailənin vəziyyətini nəzərə alıb, özü könüllü olaraq faizləri azaldar və s. Amma dediyim kimi, bunu etmək qanunla bankın borcu deyil”.

Hüquqşünasın dediyinə görə, krediti ödəyə bilmədiyi üçün intihar edən şəxsin neçə vərəsəsi varsa, borc onların arasında bölünür.

“Kredit götürən şəxs birmənalı şəkildə qəbul etməlidir ki…”

Vətəndaşlara kredit götürmə məsələsində ehtiyatlı olmağı tövsiyə edən İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri, iqtisadçı alim Vüqar Bayramov “Zaman-Azərbaycan”a açıqlamasında dedi ki, kredit götürüb istirahətə gedən vətəndaşlar da var: “Bəzi hallarda vətəndaşlar kredit götürüb toy edirlər, bəzi hallarda istirahətə gedirlər. Yəni məcburi olmayan hallarda da kredit götürənlər var. Bu isə sonradan çətinlik yaradır. Kredit götürən şəxs birmənalı şəkildə qəbul etməlidir ki, həmin krediti o, mütləq şəkildə qaytaracaq. Hətta həmin krediti qaytara bilməsə də, problemi olsa da belə bu, həmin krediti götürən şəxsi məsuliyyətdən azad etmir. Əksinə, ödəməyəcəyi təqdirdə, müəyyən problemlər yaşayacaq. Məsələn, belə şəxslərin ölkədən çıxışına qadağa qoyulur, daimi olaraq bank əməkdaşları onlara zəng vurur, evlərinə gəlir və ödəniş etməsini tələb edirlər”.

 Vətəndaş o pulu ödəmək imkanında olacaqmı?

Vüqar Bayramovun sözlərinə görə, həm vətəndaş özü, həm də ona kredit verən təşkilat ödəmə qabiliyyətini nəzərə almalıdır, yoxlamalıdır: “Baxmalıdır ki, nə qədər gəliri var, nə qədər kredit borcu olacaq, ayda nə qədər ödəniş etməli olacaq, nə qədər üstünə məbləğ gələcək və s. Ona uyğun olaraq qərar verməlidir ki, götürür, yoxsa götürmür, verilə bilər, ya verilə bilməz. Vətəndaş o pulu ödəmək imkanında olacaqmı? Vətəndaş yalnız məcburi vəziyyət daşıdığı halda kreditə müraciət etməlidir. Amma müxtəlif məqsədlər üçün – paltar almaq, hansısa məhsulu almaq, istirahətə getmək, bahalı maşın almaq, yəni bu məqsədlə kredit götürülməsi arzu olunan deyil. Bankdan götürülən kredit xərclənir və sonradan onu geri qaytarmaq mümkün olmur. Ona görə də ilk növbədə, vətəndaşlar öz ödəmə qabiliyyətlərinə, öz aylıq gəlirlərinə baxıb kreditin görütürülməsi ilə bağlı qərar verməlidirlər. Sonda qeyd edim ki, problemli kreditlərin yaranma səbəbini ümumiləşdirsək, əsas səbəb banklardır. Banklar yüksək faizlə gəlir əldə etməyə çalışırlar. Bütün siyasətin daha çox gəlir əldə etmək və yüksək faiz üzərində qurulması nəticə etibarı ilə verilən kreditlərin bir qisminin geri qaytarılmasında çətinliklərin yaşanmasına səbəb olur”.

 Nicat İntiqam