İnternet vasitəsilə ailə qurmaq istəyib, köləyə çevrilənlər…

0
516

İnsan Alveri Qurbanlarına Yardım Mərkəzi 60 nəfərə müvafiq yardım göstərib.

“Cari ilin yanvar-iyun aylarında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Sosial Təminat Xidmətinin tabeliyindəki İnsan Alveri Qurbanlarına Yardım Mərkəzi 60 nəfərə müvafiq yardımlar göstərib. Onlardan 43 nəfəri Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi tərəfindən yönləndirilmiş insan alveri qurbanı, qalan 17 nəfəri isə insan alverinin qurbanına çevrilmək təhlükəsi olan şəxslər olublar”. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən “Zaman-Azərbaycan”a verilən məlumata görə, həmin insanlardan 9 nəfərinə hüquqi, 6 nəfərinə tibbi, 10 nəfərinə psixoloji yardımların göstərilməsi, 1 nəfərinin sığınacaqda yerləşdirilməsi təmin edilib. 12 nəfərin məşğulluğunun təminatına, daha 12 nəfərin peşə reabilitasiyasına cəlb edilməsinə köməklik göstərilib, 1 nəfərinin ailəsinin ünvanlı dövlət sosial yardımı almaq hüququna baxılması üçün müvafiq rayon ƏSMM-ə müraciət olunub. Digər şəxslərin də zəruri yardımlarla təminatı istiqamətində işlər aparılıb və ayrı-ayrı şəxslər ehtiyaclarına uyğun olaraq eyni vaxtda bir neçə yardım növləri ilə təmin ediliblər.

Bəs insan alveri nədir və kimlər bu sahədən pul qazananların fırıldağına düşə bilərlər? İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin məlumatında qeyd olunur ki, insan alverçiləri yalnız qadınları deyil, kişiləri və uşaqları da qul vəziyyətinə salırlar: “İnsan alveri ilə məşğul olan cinayətkarlar, əsasən, 19 yaşından 55 yaşınadək kişiləri əməyin istismarına cəlb edirlər. Kişilər bəzən mövsümi işlərlə əlaqədar ölkəni qısamüddətli tərk edirlər. Başqasının əməyinin istismarı bahasına gəlir əldə etmək istəyən cinayətkarlar belə insanların etibarından sui-istifədə edərək, onları toplayaraq xarici ölkələrə aparır və qul vəziyyətinə salırlar. Həmin şəxslər uzun müddət kölə vəziyyətində çalışdıqdan sonra xəstə, yarımcan halda ölkəyə, öz ailələrinin yanına qayıdırlar. Bəzən belə kişilər özlərini günahkar saydıqları üçün ailələrinin yanına dönməkdən çəkinirlər”.

“Ailə qurmaq təklif edilən şəxsin sənədləri ilə tanış olun”

Qəribədir, son vaxtlar internet vasitəsilə ailə qurmaq istəyənlərin sayı çoxalıb. Amma bu, heç də həmişə uğurlu olmur. İnsan Alverinə Qarşı Mübarizə İdarəsi bildirir ki, internet vasitəsilə ailə qurmaq təklifi bəzən insanları köləyə çevirə bilər: “Odur ki, hər bir təklifi öncə dəqiqləşdirin. Əgər xarici ölkə vətəndaşı ilə ailə qurmaq istəyinizi reallaşdırmaq məqsədi ilə nikah firmalarına müraciət etməli olsanız, öncə həmin firmanın lisenziyasının olmasına diqqət yetirin. Ailə qurmaq təklif edilən şəxslə və onun sənədləri ilə tanış olun. Ailə qurmaq istədiyiniz xarici vətəndaş barədə onun vətəndaşı olduğu ölkənin nümayəndiliyinə müraciət edərək, rəsmi məlumat alın. Bu, həmin şəxsi rəsmi şəkildə tanımağınız üçün ən yaxşı yollardan biridir”.

Öyrədilmiş adamlar şahid göstərilirlər

İdarə xaricə gedənlərə aşağıdakı tövsiyələri verir: “Pasportunuzu başqa şəxsə verməyin. Əgər vacibdirsə, sənədlərinizin yalnız surətini tələb olunan yerə təqdim edin. Xarici ölkədə olarkən sənədləriniz itərsə, dərhal həmin ölkənin polisinə və Azərbaycan Respublikasının həmin ölkədəki səfirliyinə və ya konsulluğuna müraciət edin. Mütəmadi olaraq qohumlarınız və ailənizlə əlaqə saxlayın. Bunun üçün vətəndə qalan yaxın adamlarınızla necə əlaqə saxlayacağınızı qabaqcadan razılaşdırmalısınız. Heç vaxt dövlət sərhədini, qeyri-qanuni və ya saxta sənədlərlə keçməyə çalışmayın.

Xaricə getməzdən əvvəl, Azərbaycan səfirliklərinin və konsulluqlarının xarici ölkələrdəki telefonlarını öyrənin. Lazımi anda təcili onlara müraciət edin.

Sonda qeyd edək ki, insan alverçiləri vətəndaşları daha çox aşağıdakı vədlərlə cəlb edirlər:

– Maliyyə problemlərinizə son qoyulacağı ilə bağlı vədlər verilir.

– Yüksək əməkhaqqı ilə bağlı təkliflər olunur.

– Əldə edilən nailiyyətlər barədə məlumatlar verilir və daha da inandırıcı olsun deyə öyrədilmiş adamlar şahid göstərilirlər.

Nicat İntiqam

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here