İnternet istifadəçilərinin sayına görə regionda ikinciyik

433
Azərbaycan internet istifadəçilərinin sayına görə Müstəqil Dövlətlər Birliyinə (MDB) daxil olan ölkələr və eyni zamanda da region ölkələri arasında Rusiyadan sonra ikinci sırada qərarlaşıb.
 Azərbaycanda ümumi əhalinin 59,2%-i internetdən istifadə edir. Bu barədə məlumat İnternetdən İstifadə üzrə Beynəlxalq Statistika Təşkilatının (İnternet World Stats – İWS) açıqladığı sonuncu hesabatda yer alıb. İWS-nin hesabatında göstərilir ki, 9 milyon 686,2 min əhalisi olan Azərbaycanda 5 milyon 737,2 min internet istifadəçisi var. İWS-nin son hesabatında qeyd olunur ki, internetdən istifadə edənlərin sayı Rusiyada ümumi əhalinin 61,4%-ə, Ermənistanda 58,8%-ə, İranda 55,7%-ə, Belarusda 54,2%-ə, Qazaxıstanda 54,9%-ə, Türkiyədə 56,7%-ə, Gürcüstanda 44,3%, Ukraynada 41,8%-ə, Qırğızıstanda 39,2%, Özbəkistanda 41,2%-ə, Tacikistanda 16,9%-ə, Türkmənistanda isə cəmi 9,6%-ə bərabər olub. Eyni zamanda onu da qeyd edək ki, Azərbaycanın bu göstəricisi Latın Amerikası və Karib bölgəsi, həmçinin Yaxın Şərq, Asiya və Afrika ölkələrindəki orta göstəricidən yüksəkdir. Azərbaycan internet istifadəçilərinin ümumi əhaliyə nisbətinə görə bəzi Avropa ölkələrindən də öndədir. İtaliya, Bolqarıstan, Rumıniya kimi Avropa ölkələri bu sahədə Azərbaycandan geri qalırlar. İWS-nin hesabatında göstərilir ki, 61,8 milyon əhalisi olan İtaliyada 36 milyon və ya ümumi əhalinin 58,5%-i həddində internet istifadəçisi var.

Son 15 ildə internet istifadəçilərinin sayındakı artıma görə də Azərbaycan region ölkələrindən öndədir. 2000-ci ildə Azərbaycanda cəmi 12 min internet istifadəçisi olduğu halda bu ilin əvvəlində bu göstərici 478 dəfə artaraq 5 milyon 737,2 minə çatıb. Müqayisə üçün qeyd edək ki, Ermənistanda internet istifadəçilərinin sayı son 15 ildə 60 dəfə, Gürcüstanda 109 dəfə, Qazaxıstanda 140 dəfə, Qırğızıstanda 42 dəfə, İranda isə 180 dəfə artıb.

İnternetdən ən çox istifadə edənlər Bəhreyn vətəndaşlarıdır

Ümumlikdə isə dünyada 3 milyard 35 milyon 749 mindən çox insan internetdən istifadə edir. Bu dünya əhalisinin 42,3%-nə bərabərdir. Son 15 ildə dünyada internet istifadəçilərinin sayı 8,4 dəfə artıb. İWS-nin məlumatına görə, ən çox internet istifadəçisi Cənubi Amerika ilə Avstraliya və Okeaniyanın payına düşür. Cənubi Amerikada yaşayan insanların 87,7%-i (310,3 milyon nəfər), Avstraliya və Okeaniyada yaşayan insanların isə 72,9%-i (26,8 milyon nəfər) internet istifadəçisidir. Avropada internetdən istifadə edənlər ümumi əhalinin 70,5%-nə (582,4 milyon nəfər), Latın Amerikası və Karib bölgəsində 52,3%-nə (320,3 milyon nəfər), Yaxın Şərq ölkələrində 48,3%-nə (111,8 milyon nəfər),  Asiyada 34,7%-nə (1 milyard 386 milyon nəfər), Afrikada isə 26,5%-nə (297,9 milyon nəfər) bərabərdir. Dünya ölkələri arasında isə internetdən ən çox istifadə edənlər Bəhreyn (98,7%), Lüksemburq (98%), Finlandiya (97,1%), Danimarka (97,3%), İslandiya (96,5%) əhalisidir. İnternetdən ən az Şərqi Timor və Myammar əhalisi istifadə edir. Asiya qitəsində yerləşən bu ölkələrdə ümumi əhalinin müvafiq olaraq 1,1% və 1,2%-i internet istifadəçisidir. Bundan başqa Somalidə internet istifadəçiləri ümumi əhalinin cəmi 1,6%-ni təşkil edir. İWS-nin hesabatında yer alan maraqlı məqamardan da biri odur ki, 11,5 milyon nəfər əhalisi olan Cənubi Sudanda cəmi 100 nəfər internet istifadəçisi var.

Allahverdi Cəfərov