“İnter” qalib gəldi, “Qəbələ” isə…

435

İyulun 3-də futbol üzrə UEFA Avropa Liqası yarışlarının birinci təsnifat mərhələsinin ilk oyunları keçirilib.
Azərbaycanı bu turnirdə təmsil edən paytaxtın “İnter” komandası ilk oyununa çıxıb.
“İnter” komandası Moldovada yerli “Tiraspol” kollektivi ilə qarşılaşıb. “Şerif” stadionunda təşkil olunmuş oyunda “İnter” komandası 3:2 hesabı ilə qalib gəlib.
Xorvatiyalı baş hakim Ante Vuçemiloviçin idarə etdiyi oyunda “İnter”in heyətində Baçana Sxadadze, Elvin Məmmədov və Andrey Novikov, rəqib komandadan isə Georgi Karaneyçev fərqləniblər. “İnter”in futbolçusu Andrey Novikov oyunda avtoqolla da yadda qalıb.
Komandalar arasında cavab oyunu iyulun 10-da Bakıda, “Şəfa” stadionunda keçiriləcək.

Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində Topaz Premyer Liqasının bürünc mükafatçısı “Qəbələ” komandası Bosniya və Herseqovinanın “Şiroki Briyeq” klubu ilə qarşılaşıb..
“Qəbələ” komandası oyunun birinci hissəsində bir neçə dəfə hesabı açmaq imkanını əldən verib.
Əvəzində oyunun 73-cü dəqiqəsində “Şiroki Briyeq” hesabda irəli çıxıbr. Oyunun 88-ci dəqiqəsində qonaqlar ikinci topu “Qəbələ”nin qapısından keçiriblər. Beləliklə, oyun 2:0 hesabı ilə Bosniya və Herseqovina komandasının xeyrinə başa çatıb.
Bu komandaların növbəti oyunu iyulun 10-da Bosniya və Herseqovinada keçiriləcəkdir.