“İnter” “Fola”nı qəbul edəcək

533

Bu gün Avropa Liqasında II təsnifat mərhələsinin oyunlari keçiriləcək. apasport.az saytının məlumatına görə, ilk oyunlar çərçivəsində baş tutacaq matçlardan birincisi Bakıda keçiriləcək.

 

Günün yeganə qarşılaşmasında “İnter” meydana çıxacaq. Paytaxt təmsilçisi Lüksemburqun “Fola” komandasını qəbul edəcək. Qarşılaşma “Dalğa Arena”da oynanılacaq.

 

“İnter” başladığı uğurlu mövsümü davam etdirməyə iddialıdı. İlk mərhələdə iki qələbə qazanan Zaur Svanadzenin yetirmələri qol buraxmadan irəliləmək niyyətindədi.

 

Kifayət qədər məhsuldar olan bakılılar üçün rəqib də yetərində münasib sayılır. Lüksemburq futbol ölkəsi kimi tanınmadığından onların təmsilçisi də “İnter”in “dişinə” görə rəqibdi. “Zirə”nin Lüksemburq “Differdanj”ını inamla keçməsi də belə deməyə əsas verir ki, iki ölkə klubları arasında diqqətçəkən fərq var.

 

Düzdü, “Fola” həmyerlilərindən fərqli olaraq, mərhələni keçməyi bacarıb. Amma Eş təmsilçisi güclü olmayan Moldova “Milsami”ni çətinliklə keçib. “İnter” gələn həftə keçiriləcək səfər oyununda özünü çətinə salmamaq üçün cütün taleyini böyük ölçüdə Bakıda həll etməlidi. Svanadzenin komandasının qol buraxmadan və inamlı qələbəsi bunun üçün kifayət qədər münasib nəticə sayılır.

 

Son 3 avrokubok görüşündə qapısını toxunulmaz saxlayan bakılıların quru seriyasını davam etdirməsi inandırıcıdı. 2 il öncə başlayan bu seriya davam edərsə, paytaxt təmsilçisi tarixinin rekordunu müəyyənləşdirəcək.

 

Qeyd edək ki, “İnter” – “Fola” görüşü saat 20:00-da başlayacaq.

 

Avropa Liqası

II təsnifat mərhələsi, ilk oyun

12 iyul

20:00. “İnter” (Azərbaycan) – “Fola” (Lüksemburq)

Baş hakim: Eytan Şmuelevits

Baş hakimin köməkçiləri: Saqi Metzamber, Nissan Davidi

Dördüncü hakim: Daniel Bar Natan (hamısı İsrail)

UEFA nümayəndəsi: Vladislav Xodeyev (Rusiya)
UEFA hakim-inspektor: Oguz Sarvan (Türkiyə)

Bakı. “Dalğa Arena” stadionu