“İnteqrasiyasız inkişaf mümkün deyil”

492

Noyabrın 7-8-də Bakıda “Teatr və multikulturalizm” mövzusunda IV Bakı Beynəlxalq Teatr Konfransı keçiriləcək. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə həyata keçiriləcək konfransda dünyanın tanınmış teatr tənqidçiləri, aktyorlar, rejissorlar, rəssamlar, Beynəlxalq teatr qurumlarının prezidentləri iştirak edəcək. Onların arasında “Sankt-Peterburq Opera” Dövlət Kamera Musiqisi Teatrının bədii rəhbəri, Rusiyanın Xalq artisti Yuri Aleksandrov, İngiltərədə aktyorluq təhsili almış, beynəlxalq teatr layihələrinə rəhbərlik etmiş Hakan Silahsızoğlu, Saloniki Universitetinin ingilis dili fakültəsinin professoru, həm də Şimali Yunanıstan Milli Teatrının teatr məktəbində çalışan Savvas Patsalidis, yetmişədək film və tamaşada rol almış, son illər ictimai-siyasi fəaliyyətlə məşğul olan, ASSİTEJ – Uşaq və Gənclər Teatrları Beynəlxalq Assosiasiyasının Litva bölməsinin sədri Violeta Podolskayte da olacaq. Bu fakt özlüyündə Bakı teatr forumunun beynəlxalq nüfuzunun və əhəmiyyətinin artdığına sübutdur.
Konfransla bağlı fikirlərini qəzetimizlə bölüşən AMEA Memarlıq və İncəsənət İnstitutu “Teatr, kino və televiziya” şöbəsinin müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Vidadi Qafarovun sözlərinə görə, bu gün Azərbaycan nəinki MDB və Avropada, bütövlükdə dünya məkanında ən fəal ölkələrdən birinə çevrilib: “Bu fəallıq təkcə siyasi-iqtisadi sferada deyil, mədəniyyət sahəsində də özünü göstərir. Son illər ölkəmizdə keçirilən müxtəlif forumlar da bunu təsdiqləyir. Noyabrın 7-8-i keçiriləcək IV Bakı Beynəlxalq Teatr Konfransı da belə miqyaslı tədbirlərdən biridir. Ənənəvi statusu almış bu konfransın hər iki ildən bir keçirildiyini nəzərə alsaq, bu o deməkdir ki, biz artıq 8 ildir sözügedən festivala ev sahibliyi edirik. Təkcə builki tədbirdə 40-a yaxın ölkədən 150 teatr mütəxəssisinin iştirakı gözlənilir. Ötən konfransların hər birində də təqribən bu qədər qonaq iştirak edib. Bu gün informasiya şəraitində yaşayan dünyada inteqrasiyasız inkişaf mümkün deyil. Həmin mənada, konfransda 40 ölkədən gəlmiş nümayəndələr iştirak edəcəksə, deməli, biz bütün qitələrdən gəlmiş, 40 ölkənin mədəniyyətinin daşıyıcısı, təmsilçisi ilə tanış olmuş olacağıq. Qeyd edim ki, konfransın iştirakçı coğrafiyası ilə yanaşı, zəngin mövzu dairəsi və tədbirlər proqramı var. Tədbirin rəsmi açılışı noyabrın 7-də olsa da, artıq ayın 6-da konfransın xarici qonaqlarının iştirakı ilə bir neçə seminar və təqdimat mərasimlərinin keçirilməsi nəzərdə tutulub. Builki konfrans multikulturalizmə həsr olunsa da, mövzu dairəsi çox geniş spektri əhatə edir. Konfrans ərzində 6-sı azərbaycanlı teatr mütəxəssisinə məxsus olmaqla, 40-dan atrıq məruzə dinlənəcək. Buraya müxtəlif, görüş, seminar və treninqləri də əlavə etsək, onda konfransın necə zəngin proqrama malik olduğunun bir daha şahidi olarıq. Konfrans günlərində qonaqların ayrı-ayrı teatrların tamaşalarına baxışı, sənət adamları ilə görüşü də nəzərdə tutulub. Göründüyü kimi konfrans çox zəngin proqrama malikdir və belə tədbirlər həm ölkəmizin bütövlükdə, həm Azərbaycan teatrının ayrılıqda tanıdılması üçün, eləcə də teatr sənətçilərimizin, mütəxəssislərimizin dünya teatr prosesi ilə daha yaxından tanış olması üçün geniş imkanlar açan tədbir kimi çox faydalıdır”.
Qvami Məhəbbətoğlu