İnsanlarımız polisdən niyə çəkinirlər?

0
389

Adətən, xarici filmlərdə görürük vətəndaşların polisə olan güvənini. Sosial şəbəkələrdə yol polisləri ilə sürücülərin dava-dalaşlarını görəndən sonra adama elə gəlir ki, ölkədə olan bütün polislər belədirlər. Amma belə düşünmək doğru olmazdı. Ölkəmizdə vicdanlı adamlar az olmadığı kimi, vicdanlı polislərdə az deyillər. Məsələn, bəzən elə polislə qarşılaşırsan ki, adam bütün hallarda özünü yaxşı hiss eləyir. Çox təəssüf ki, bəzən də elə olur ki, adam maşın sürməyinə, yola çıxmağına peşman olur. Hətta əsəbiləşib özündən çıxanlar da olur. Mövcud qanunvericiliyə görə, polis olmaq üçün test imtahanlarından əlavə, müəyyən fiziki normalardan da keçməlisən. Bunlar zahiri olaraq polis olmaq üçün bəs eləyən şərtlərdir. Bəs, görəsən, psixoloji normativlər də varmı? Ümumiyyətlə, polis-vətəndaş münasibətlərinin yaxşı olması üçün hansı işlər görülür?

Mövzu ilə bağlı “Zaman-Azərbaycan”ın suallarını cavablandıran sabiq polis rəisi Mahmud Hacıyev məsələnin geniş olduğunu və bir neçə cümlə ilə izahının çətin olduğunu dedi: “Bu məsələyə bir neçə aspektdən yanaşmaq lazımdır. Beş barmağın beşi də bir ola bilməz – bu, birinci aspekt. İkincisi isə odur ki, polis böyük bir ordudur. Güc strukturları içərisində ən böyük şəxsi heyəti olan struktur polisdir. Bu boyda ordunun içərisində neqativ hallara yol verənlər, qanunu pozanlar, vətəndaşlara kobudluq eləyənlər olur. Bunlar var, bəli. Bu qədər polisi ideallaşdırmaq mümkün deyil. Çünki ortada sırf insan amili dayanır. İnsan çox mürəkkəb xarakterli məxluqdur. İnsanların psixoloji vəziyyətləri müxtəlifdir”.
Polis orqanlarına sovetlər dönəmində işə qəbul olunan müsahibimizin sözlərinə görə, o vaxtla indiki arasında fərqlər var: “O vaxt polisə milis deyirdilər. Milis orqanlarına Sovetlər birliyi dönəmində daxil olmuşam. Biz qəbul olunan vaxt xüsusi komissiya var idi. Həmin komissiyada psixoloji durumu yoxlayan mütəxəssislər də var idi. Məsələn, yadımdadır ki, 20-30 dəqiqə ərzində 40-50 sual verilirdi – sərbəst, həyəcanlanmadan, səlis cavab vermək tələb olunurdu. Yəni yoxlamalar o vaxtlarda da olurdu. Sonradan SSRİ dağıldı, müstəqillik əldə elədik. Müstəqillikdən sonra aydın məsələdir ki, SSRİ vaxtında verilən bəzi əmr və təlimatlar, “Polis haqqında qanun” dəyişdi”.

“Etibarı formalaşdırarlarsa,
insanlar polisdən çəkinməyəcəklər”
İnsanların polisdən qorxması haqqında danışan Mahmud Hacıyev bildirdi ki, bunu hamıya şamil eləmək olmaz: “Hamı polisdən qorxur desək, bu səhv olar. Amma çəkinmələr var. Bunu inkar eləmək olmaz. Sovetlər Birliyi dönəmində inam daha yaxşı idi. Ərazi üzrə bölmələrin polis rəislərindən çox şey asılıdır. Bu inamı, hörməti bərpa eləmək lazımdır. Yenə deyirəm, bunu hamıya aid eləmək olmaz. Sovetlər dönəmində bağlı qalmış cinayətlərin açılmasında vətəndaşların rolu çox böyük idi. Peşəkarlıqla açılan hər 3 cinayətdən 2-si vətəndaşların milisə köməyi ilə açılırdı. İndi bir az o da çətinləşib. İnsanlar polisdən çəkinirlər. Amma onu da deyim ki, o vaxt bizə elə gəlirdi ki dünyada ən yaxşı dövlət SSRİ-dir. İndiki Şimali Koreya kimi idi SSRİ, dünyaya çıxışı yox idi deyə, çox şeydən xəbərimiz yox idi. Sonradan bizə çatdı ki, sən demə, elə geridə qalmışı SSRİ imiş. Bunları da nəzərə almaq lazımdır, bağlı bir ölkə dağıldı, biz müstəqillik əldə elədik. Müstəqilliyimiz də çox böyük tarix deyil, hələ cavan ölkəyik. İstəyirik hər şey qaydasında olsun. Biz indi Mərkəzi Avropa ölkəsi ola bilmərik, müharibədən əvvəlki illərdə də onlarda sivilizasiya var. Hüquq-mühafizə orqanları illərin peşəkarlarıdır. Əgər insanlar polisdən çəkinirlərsə, bunu hüquq-mühafizə orqanlarının rəhbərliyinin üstünə yıxmaq doğru deyil. Ərazi polis bölmələrinin rəisləri öz ərazilərində öz imiclərini, hörmətlərini, insanlar arasında inamlarını, etimadı, etibarı formalaşdırarlarsa, insanlar polisdən çəkinməyəcəklər”.
“Problemi təkcə polislərlə həll
eləmək mümkün deyil”
“Digesta” firmasının direktoru, hüquqşünas Ərşad Hüseynov da mövzu ilə bağlı qəzetimizə açıqlama verdi. Hüquqşünasın sözlərinə görə, bu mövzuda saatlarla danışmaq olar: “Qısaca onu deyim ki, polislərin peşəyə yanaşmaları və cəmiyyətin də polisə münasibətində yüksək səviyyədə peşəkarlıq olmalıdır. İnsanlarla polislər arasında qarşılıqlı anlaşma, etimad olmalıdır. Başlıca məsələ qanunların aliliyi nəzərə alınmalıdır. Elementar münasibətlərdən birindən kənara çıxdıqda xoşagəlməz hallar baş verir. Məsələn, polisin peşəkarlıq səviyyəsi zəifdirsə, qarşısına çıxan vətəndaşda da psixoloji çatışmazlıq varsa, polis səhv eləyib ona qoşulursa, aləm dəyir bir-birinə. Bu problemlər qarşılıqlı həll olunmalıdır. Problemi təkcə polislərlə həll eləmək mümkün deyil. Gərək insanlar da bunları nəzərə alsın. Çünki polis də insandır”.
Sonda onu da qeyd edək ki, Daxili İşlər Nazirliyinin məlumatına əsasən, ümumilikdə insan hüquq və azadlıqlarının pozulması ilə bağlı nazirliyə daxil olan və təsdiq olunan 284 fakt üzrə 369 əməkdaş intizam məsuliyyətinə cəlb edilib. Onlardan 126-sı vətəndaşlarla kobud rəftar, 56-sı polisə əsassız gətirmə və saxlama, 68-i sürücülərin hüquqlarının pozulması, 6-sı əsassız cinayət məsuliyyətinə cəlb etmə, 3-ü əcnəbilərin və vətəndaşlığı olmayanların hüquqlarının pozulması, 26-sı isə digər faktlarla bağlıdır. Onlardan 46 nəfəri daxili işlər orqanlarında xidmətdən xaric edilib, 32 əməkdaş tutduğu vəzifədən azad edilib, 291 əməkdaş barəsində isə digər intizam tədbirləri görülüb.

Rasim Məmmədli