“İnsanlar xəstəlikdən qorxur, amma onun əlamətlərinə məhəl qoymurlar”

524

Bildiyimiz kimi, yaz fəslinin gəlməsi təbiətin canlanması, eyni zamanda bütövlükdə canlılar aləminin yenilənməsi deməkdir. Mövsüm dəyişikliyi orqanizmin dəyişməsi, bədənin yeni temperatura adaptasiyası zamanı insan səhhətində müəyyən narahatlıqların ortaya çıxmasına yol açır. Bəs mövsüm dəyişikliyi hansı xəstəliklərə səbəb olur? Bu zaman insanlar özlərini necə qorumalıdırlar? “Zaman-Azərbaycan” qəzetinə müsahibə verən terapevt-kardioloq Aygün Əhmədli fəsil dəyişikliyinin orqanizmdə hansı dəyişikliklərə səbəb olması, sağlam qidalanma və həyat tərzi ilə bağlı suallarımızı cavablandırdı.

– Fəsil dəyişikliyi orqanizmdə hansı xəstəliklərin üzə çıxmasına səbəb olur?
– İstər yaza, istərsə də, qışa doğru fəsil dəyişikliyi zamanı orqanizmdə bir sıra problemlər müşahidə olunur. Əsasən yaz dövründə hipovitaminozlar, A vitaminozlara rast gəlinir. Çünki bu dövrdə hələ meyvələr tam yetişməyib və payızdan olan meyvə balansımız artıq bitib. Bu zaman baş verən dəyişikliklər orqanizmin zəifliyi ilə əlaqəlidir. Bunun qarşısını almaq və yarana biləcək hər hansı xəstəliyi dəf etmək üçün vaxtında müayinədən keçmək, qanda vitamin və mineralların miqdarını yoxlatmaq və buna uyğun hansı çatışmazlıq varsa, aradan qaldırmaq lazımdır. Eyni zamanda bu dövrdə insanda xüsusi tənbəlləşmə halları özünü göstərir. Davamlı olaraq yatmaq istəyi, yuxudan oyanmaqda çətinlik çəkmə kimi əlamətləri olan hipodinamiya, yəni hərəkət zəifliyi də geniş rast gəlinən haldır. Bu da, öz növbəsində, ürək-damar xəstəliklərinin birinci səbəbidir. Qanda xolesterinin çox olması da ürək xəstəliklərinə yol açan hallardan biridir. Bu, qidalanma ilə əlaqələndirilsə də, əsas məsələ hərəkətsizlikdir. Əlbəttə ki, burada qidalanmanın da təsiri var. Lakin təcrübə göstərir ki, hərəkəti artırmaq 1 ay müddətində qanda xolesterinin miqdarını normaya salır. Xüsusilə, ürək xəstəliyindən əziyyət çəkənlər gün ərzində 10-15 dəqiqədən başlayıb, daha sonra 3-4 dəqiqə bunu artıraraq piyada gəzməlidirlər. Əslində hər insan gün ərzində 2 kilometr yol qət etməlidir. Lakin aktiv həyat tərzi olmayan bir insan birdən-birə 2 kilometr yol getsə, onun ürəyində narahatlıqlar ola bilər. Ona görə də yaxşı olar ki, bunu tədricən etsinlər.
– Mütəxəssislər qidalanmada, xüsusən bitki yağlarından istifadə etməyi tövsiyə edirlər. Heyvan yağlarının orqanizmə nə kimi təsirləri var?
– Qidalanmada əvvəllər heyvan yağlarından istifadə etməyin zərərli olduğu deyilsə də, indi bu fikir dəyişib. Bilirsiniz, tibdə nöqtə yoxdur. Duru yağla yanaşı, 50 qram kərə yağı da qəbul etmək daha məqsədəuyğun olar. Kərə yağının tərkibində “E” vitamini var ki, beyni qidalandıran vitaminlərdən hesab olunur. Eyni zamanda qadında süd vəzilərinin inkişafını təmin edir və dərinin sağlamlığı üçün vacibdir. Omeqa 3 yağı üçün mütləq həftədə bir dəfə konserv olunmamış balıq qəbul etmək lazımdır. Tərkibində protein olan ət orqanizmin zülala olan ehtiyacını təmin edir. Lakin ət gün ərzində 200 qramdan artıq qəbul edilməməlidir. Əgər ət yeməyi yeyiriksə, bağırsaqların fəaliyyətini yaxşılaşdırmaq üçün göyərti məhsulu qəbul etməliyik. Ətin tərkibində həm də insana lazım olan dəmir mövcuddur. Lakin yeməyin üstündən dərhal çay içiriksə, çaydakı nikotin dəmiri məhv edir. Dəmir əskikliyindən yaranan anemiyaya ən çox yaz aylarında rast gəlinir. Qanda dəmir əskikliyinin qarşısını almaq üçün qarabaşaq, ispanaq kimi qidalara üstünlük vermək lazımdır. Yaz aylarında yeni mövsümün meyvəsi yetişmədiyi və qışdan qalan ehtiyat bitdiyi üçün vitamin depomuz, belə demək mümkünsə, zəifləyir. Bunu da banan, ananas, kivi, portağal kimi qış meyvələri ilə kompensasiya etmək mümkündür.
– Ürək-damar xəstəlikləri əlilliyə səbəb ola bilirmi?
– Bəli. Xüsusilə, damar xəstəlikləri. Miakard infarktı, genişsahəli infarktdan sonra həmin şəxslərdə axsaqlıqla nəticələnə bilir.
– Qəfil ölümlər hansı hallarda baş verir?
– Qəfil ölümlər ürək nahiyəsində şikayətlərin başlanmasından 6 saat ərzində baş verir. Bu insanlarda ölümə dair heç bir əlamət olmur. Hətta bu insanlarda əvvəllər ürəklə bağlı heç bir şikayətləri olmur. Ən çox son zamanlarda tromb emboliyalar müşahidə olunur. Aşağı ətraflarda trombun əmələ gəlməsi, yayılması, qan dövranında dövr edir və ürəkdə hər hansı bir damarı tutur və ölümlə nəticələnir. Buna görə də insanlar səhhətində problem olub-olmamasından asılı olmayaraq, hər 6 aydan bir müayinə olunmalıdırlar. Bunun üçün poliklinikalar var. Hər bir insan qeydiyyatda olduğu poliklinikalarda pulsuz müayinə oluna bilər. Amma bizdə heç kəs həkimə getmir. Sanki insanlar həkimə getməkdən qorxurlar.
– Sizcə, bu qorxu nədən qaynaqlanır?
– Bilirsiniz, insanlar həkimə o vaxt gedirlər ki, onlar üçün artıq gec olur. Ağrıdan qorxurlar, amma xəstəliyin əlamətlərinə məhəl qoymurlar. Ürəyində ağrı olan kimi gəlirlər həkimin yanına. Halbuki ağrıya qədər həmin insanda təngnəfəslik, aritmiya, ayağında şişkinlik olub və bunların heç biri nəzərə alınmayıb. Həkimə son anda gəlirlər və müayinə zamanı gözlədiklərindən daha çox problem ortaya çıxır; buna görə də insanlarda fobiya yaranır həkimə qarşı.
– Son zamanlarda xəstəliklərin cavanlaşması halları artıb. Bəzən 25-30 yaşı olan insanların infarkt keçirdiyini eşidirik. Gənc yaşda bu cür xəstəliklərin səbəbi nədir?
– Bəli. 30-35 yaş arası xəstələrin 60-70 faizində ürək xəstəlikləri ilə bağlı şikayətlər olur. Bunun da əsas səbəbi stresdir. Ümumiyyətlə, ürək xəstəliklərinin əsas səbəbi əsəb-streslə bağlıdır. Eyni zamanda hərəkətsizlik də xəstəliklərin əsas səbəblərindən biridir.

Xəyalə Sadıqova