“İnsanlar idmana 15 dəqiqə vaxt ayırmağa əziyyət çəkirlər”

635

 

Daha bir yay fəsli geridə qaldı. Bu yay mövsümü hər kəs üçün nə iləsə yaddaqalan oldu; istər müsbət, istərsə də mənfi cəhətdən. Yay aylarında havaların çox isti keçməsi ilə insanlar daha çox soyuq içkilərə, qidalara və kondisionerli otaqlara üstünlük veriblər. Artıq havalar soyuyan kimi, belə demək mümkünsə, yayda bədənimizə “oturan” bu soyuqluqlar üzə çıxmağa başlayır. Adi bir misal: hava soyuyan kimi bəzi insanlar qrip virusuna yoluxurlar. Xəstələnəndə isə sağlamlığımızın keşiyində duran həkimlərimiz yada düşür. Bəs bu dövrdə nələrə diqqət etməliyik? Nə etməliyik ki, səhhətimizdə yaşanan problemlər ağırlaşmasın? Bu və digər suallarımızı Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Poliklinika şöbəsinin müdiri Sara xanım Abdullayevaya ünvanladıq.

 

“Fiziki işlə məşğuliyyət

çox azalıb”

S. Abdullayeva son vaxtlar onkoloji xəstəliklərdən əziyyət çəkənlərin sayının artdığını deyir: “Bir çox yerlərdə, o cümlədən Mingəçevirdə də ən çox onkoloji xəstəliklər artıb. Bu xəstəlik, demək olar ki, birinci yerdədir. Lakin hələlik bu xəstəliyin etimologiyası məlum deyil. Daha sonra nevroloji xəstəliklər, insult, hipertoniya, ürək-damar sistemi xəstəlikləri ilə bağlı müraciətlərin sayı kəskin artıb. Mən universiteti 1985-86-cı illərdə bitirib, Mingəçevirdə terapevt-həkim kimi fəaliyyətə başlamışam. İnandırım sizi, o dövrdə bu xəstəliklərin heç biri bu qədər müşahidə edilmirdi. Biz həkimlər belə hesab edirdik ki, ürək-damar xəstəliyi 65-70 yaşlarından başlayr. İndi bu xəstəlik o qədər cavanlaşıb ki…”

Şöbə müdiri xəstəliklərin cavanlaşmasında insanların özlərinə biganəliyinin önəmli rol oynadığını söylədi: “Hər kəsin sağlamlığı müəyyən mənada öz əlindədir. İnsanların əksəriyyəti bilirlər ki, düzgün qidalanma insanın sağlamlığının təməlidir. Lakin buna baxmayaraq, əksəriyyət düzgün qidalanmır, həyat tərzində boşluqlara yol verilir. Məsələn, oturaq həyat tərzi elə insanın birinci düşmənidir. Son zamanlar texnologiyanın sürətlə inkişafı hamını oturaq həyat tərzinə, belə desək, cəlb edib. Saatlarla sosial şəbəkədə vaxt itirənlər 15 dəqiqə vaxt ayırıb, idmanla məşğul olmağa əziyyət çəkirlər. Fiziki işlə məşğuliyyət çox azalıb. Bu kimi amillər xəstəliklərin başlanğıcına yol açır”.

 

“Sağlamlıq baxımından

geyimlərin də  çox böyük

əhəmiyyəti var”

“Sahəmizdə 25 terapevt-həkim fəaliyyət göstərir. Bütün həkim-mütəxəssislər çalışırlar ki, xəstələrin sağlamlığının keşiyində dursunlar”,-deyə qeyd edən müsahibimiz gənclərə nisbətən yaşlıların xəstələnən kimi həkimə müraciət etdiklərini söylədi: “Bu, çox düzgün bir addımdır. Çünki xəstəliyin vaxtında aşkar edilib, müayinə olunması daha effektli olur. Yaşlı insanlar daha çox ürək-damar sistemi xəstəlikləri ilə bağlı müraciət edirlər. İndi payız mövsümüdür, yaşlı təbəqəni narahat edən yuxarı tənəffüs yollarının kəskin respirator virus infeksiyasıdır. Yüksəkixtisaslı mütəxəssislərimiz xəstələrə vaxtında düzgün diaqnoz qoyur və xəstə bu diaqnoza əməl edərsə, vaxtında sağlamlığına qovuşur. Əgər şübhəli hallar baş verərsə, onda xəstəni paytaxt klinikalarından birinə göndəririk”.

Müsahibimizin sözlərinə görə, sağlamlıq baxımından geyimlərin də çox böyük əhəmiyyəti var: “İnsanlar geyimlərinə də diqqət yetirməlidirlər. Əsasən pambıq materiallardan olan geyimlərə üstünlük vermək məqsədəuyğun olar”.

 

“Əlillərin sayı tədricən azalır”

Yeri gəlmişkən, bu yerdə bir məqamı qeyd etmək istərdim. Söhbət ondan gedir ki, yaşlı insanlar bəzən apteklərdən dərman almaq üçün pensiya kartlarını girov qoymalı olurlar. Dəfələrlə şahidi olmuşam ki, pulları olmadığı üçün apteklərdən yaşlı insanlara dərman verməyiblər. Xəstə isə məcbur olub pensiya kartını girov qoyub, həkim yazan dərmanı alıb. Halbuki bəzi poliklinikalar dövlət müəyyən dərmanlarla təmin olunurlar…

Bununla bağlı sualımıza S. Abdullayevanın cavabı belə oldu: “Poliklinikamız dərman preparatları ilə demək olmaz ki, 100 faiz təmin olunur. Amma müəyyən kateqoriyadan olan insanlar dərmanla pulsuz təchiz olunurlar”.

Xəstəliklərlə mübarizədə əldə olunan uğurlardan danışan S. Abdullayeva: “İndi, demək olar ki, Azərbaycanda əksər infeksion xəstəliklərin qarşısı alınır. Mingəçevirdə isə sevindirici haldır ki, əlillərin sayı tədricən azalır. Çox qəribədir ki, getdikcə onkoloji xəstəliklər əlilliyə səbəb olan xəstəliklər içərisində əsas yeri tutur”.

Sonda həkim bildirdi ki, sağlamlıq insanın təkcə xəstə olmaması ilə ölçülmür, həm də onun fiziki, psixoloji və sosial rifahının öz qaydasında olması ilə müəyyən olunur.

ESMİRA HİDAYƏTOVA