İnsanlar gəlirlərinin yarısı qədər kredit götürə biləcəklər

391
Azərbaycanın Mərkəzi Bankı kommersiya banklarında istehlak kreditlərinin artım dinamikasını bir qədər də aşağı salmağı nəzərdə tutur. 
Bunu jurnalistlərə Mərkəzi Bankın Baş direktoru Rəşad Orucov bildirib. “Bildiyimiz kimi, Mərkəzi Bank bu ilin əvvəlindən istehlak kreditləşməsi ilə bağlı müəyyən tənzimləyici addımlar atıb. Nəticə də bundan ibarətdir ki, artıq istehlak kreditlərinin artım dinamikası iki dəfə aşağı düşüb. İpoteka kreditlərini istisna etsək, istehlak kreditləri ilin əvvəlindən təxminən 10% artıb. Yəqin ki, biz ilin sonuna qədər əlavə tənzimləyici addımlar atacağıq. Biz bu addımların banklarda istehlak kreditləşməsinin dinamikasına bir qədər də azaldıcı təsir göstərəcəyini gözləyirik”.

Rəşad Orucov qeyd edib ki, əsas tədbirlərdən biri insanların gəlirlərinin borc yükünə uyğun olması tələbinin tətbiq edilməsi olacaqdır: “Bu tələbdən sonra hər bir şəxs sənəd ilə təsdiq olunacaq cəmi gəlirinin maksimum yarısı qədər bankdan borc götürə biləcəkdir. Yəni, insanların gəlirləri onların borc yükünə uyğun olmalıdır. Gəlirlər imkan verməlidir ki, insanlar öz borclarını konfortlu şəkildə ödəsinlər. Əsas tələb bu istiqamətdədir. Hər bir şəxs kredit götürərkən aylıq gəlirlərinə və  onun hər ay borcların ödənilməsinə  nə qədər yönəldə biləcəyinə baxılacaqdır. Məsələn, vətəndaşlar aylıq gəlirinin 50%-dək hissəsini bütün borclarının ödənilməsinə yönəldə biləcəklər. Mərkəzi Bankda hazırda müxtəlif variantlara baxılır. Ən normal göstərici 40-50 fazidir”.

 

Avtomobil kreditlərinə tətbiq

edilən ilkin ödəniş tələbi dəyişməyəcək

Rəşad Orucov həmçinin bildirib ki, Mərkəzi Bankı avtomobil kreditlərinə tətbiq edilən yüksək ilkin ödəniş tələbini dəyişməyi nəzərdə tutmur: “Hal-hazırda biz bu tələblərin dəyişdirilməsi ilə bağlı bir məsələni nəzərdən keçirmirik. Hesab edirik ki, bazar yeni tələblərə adapdasiya olub və fəaliyət göstərir”. Qeyd edək ki, yeni tətbiq olunan avtomobil kreditləri qaydalarına əsasən, yeni avtomobillərdə ilkin ödəniş 40-50%, istehsal tarixindən bir il keçmiş avtomobillərdə isə ilkin ödənişin məbləği 80% təşkil edir.

 

Bank sektorunda aktivlər 14%,

kredit qoyuluşu 15%, əmanətlər 9% artıb

”Son iki il yarımda Azərbaycanın bank sektorunun kredit-investisiya potensialı ikiqat artıb”, -deyən Rəşad Orucovun sözlərinə görə, 2012-ci ilin iyul ayında ölkədəki bankların minimum kapitalına tələbin artırılması qərarından sonra bank sektorunun kredit-investisiya potensialı 2 dəfədən çox artıb: “Bankların minimum kapitalının 5 dəfəyədək – 10 milyon manatdan 50 milyon manatadək artırılması tələbi təkcə kapitalın miqdar baxımından artması ilə yanaşı, sektorun keyfiyyətcə yeni səviyyəyə çıxmasını təmin etdi. Kapitalın artırılması isə banklara təqdim olunan xidmətlərin keyfiyyətinin yaxşılaşmasına və bazarda rəqabətin artmasına gətirib çıxartdı. Kapitalın artırılması ilə yanaşı, Mərkəzi Bank banklarda korporativ idarəetmə və risk-menecmentlə bağlı da tələbini sərtləşdirdi”. Baş direktor əlavə edib ki, hazırda bank sektorunda aktivlərin 99%-ni formalaşdıran banklar Mərkəzi Bankın məcmu kapitala olan tələbinə cavab verir. Mərkəzi Bank rəsmisinin sözlərinə görə, bu ilin əvvəlindən bank sektorunda aktivlər 14%, kredit qoyuluşu 15%, əmanətlər 9% artıb, kredit portfelində vaxtı keçmiş kreditlərin həcmi 5,6% təşkil edib.