“İnsanlar canlı qidaları “öldürüb” yeyirlər”

0
492

Fəsil dəyişkənliyi ilə əlaqədar olaraq son vaxtlar qripə yoluxanların sayı xeyli artıb. Bundan başqa, mövsümlə əlaqədar qan təzyiqi olanların da işi çətinləşib. Belə ki, qan təzyiqinin stabil qalmaması – gah düşməsi, gah qalxması bir çoxlarının işini çətinləşdirib. Kardioloq Abdulla Abdullayev artıq bunun da bir həyat tərzi olduğunu deyir. Onun sözlərinə görə, hər il mövsüm dəyişən zaman eyni şey yaşandığı üçün ehtiyatlı adamlar tədbirli davranırlar: “Müasir dövrümüzdə təzyiq xəstəliyi gənclərdə də müşahidə olunur. Mənim fikrimcə, indi elə bir dövrdür ki, hər bir evdə təzyiq ölçən aparatın olmasına ehtiyac var. Çünki təzyiq xəstəliyi elədir ki, onun daim nəzarətdə saxlanılması vacibdir. Təzyiqin qəfil qalxması çox ciddi faciələrə yol aça bilər. Daimi həkim məsləhətlərindən faydalanmaq, ev və ya iş şəraitində narahatlıq hiss olunan zaman təzyiqi ölçdürüb tədbir görmək vacibdir”.

 Üstünlük verilməsi lazım olan vitaminlər

Fəsil dəyişikliyinin ikinci bir problemi dediyimiz kimi, insanların qripə yoluxması və sairədir. Həkim Fərasət Məmmədovanın sözlərinə görə, bu aylarda immunitet sistemini gücləndirmək üçün sistemli və təbii qidalarla qidalanmaq vacibdir: “Bir çox insanlar təəssüf ki, bunları nəzərə almır və fəsil dəyişikliyi zamanı səhhətlərində problem yaranır. Halbuki, immunitet sistemimizi gücləndirmək üçün yediyimiz qidalara diqqət etməliyik”.

Həkimlərin fikrincə, A, C, E ən çox üstünlük verilməsi lazım olan vitaminlərdir. A vitamini ən çox yerkökü və yaşıl yarpaqlı tərəvəzlərin tərkibində olur. Limon, portağal, qırmızı bibər və cəfərinin tərkibi isə C vitamini ilə zəngindir. E vitamini isə ən çox soya yağında vardır. Bundan başqa, maqnezium baxımından zəngin olan badam, qoz, fındıq, sinklə zəngin olan yumurta, süd, balıq kimi qidaların qəbulu da önəmlidir. Həmçinin bir çox mikroblar hava yolu və əl təması ilə yayıldığından tez-tez əl yumaq da olduqca faydalıdır.

Nəzərə alınası digər önəmli məqam isə baldan istifadədir. Balın qabaqlayıcı müalicəvi xüsusiyyətindən daha önəmlisi qoruyucu xüsusiyyətidir. Bu səbəbdən təmiz bal alıb qidalanmaq vacibdir. Xüsusən, səhər süfrəsində bal öz yerini almalıdır. Uşaq orqanizminin inkişafında da balın müsbət təsiri hər kəsə məlumdur. Xəstəlikdən sonra isə balın üzərinə limon sıxılmaqla istifadə edilməsi çox böyük fayda verir. Lakin bütün hallarda bazarlarda satılan saxta ballara qarşı diqqətli olmaq lazımdır. Bunun üçün tanıdığınız şəxslərdən bal almalısınız.

 “Otyeyən canlılar necə yaşayırlarsa, bəni-insan da o cür qidalanmalıdır”

“Ana Təbiət” Natural Gigiyena Mərkəzinin rəhbəri Ərşad Əzimzadə isə qidalanma qaydalarını dərindən öyrəndiyini və maraqlı nəticələr üzə çıxardığını deyir: “Gəldiyim qənaət belədir: Ali Varlıq (Allah) insan üçün 4 qida növü yaradıb – günəş enerjisi, hava, su və bitki səltənəti (meyvə və tərəvəz). Biz enerjini bu 4 mənbədən alırıq və yaşayırıq. Əksər mənbələrdə və alimlərin əsərlərində meyvə əsas qida sayılır. Məsələn, Pol Breqq yazır ki, əgər insan meyvələrlə qidalansa – düz 900 il yaşaya bilər. Lakin Breqq özü də tərəvəzin əleyhinə deyil. İnsan orqanizminə 600 adda inqrediyent (mürəkkəb birləşmənin və ya qarışığın tərkib hissəsi) lazımdır. Az olanda fəsad törəyir. Bunlar isə məhz bitki səltənətində mövcuddur, özü də təbii tənasübdə, təbii düzlüşüdə mövcuddur”.

Onun sözlərinə görə, sağlamlıq üçün təmiz hava və su vacib olsa da kifayət etmir: “Fil, ceyran, maral və digər otyeyən canlılar necə yaşayırlarsa, bəni-insan da o cür qidalanmalıdır. Heç şübhəsiz, səmavi enerji əsasdır. Yəni, qidada kifayət qədər günəş enerjisi olmasa, qida fayda yox, zərər verəcək. Özünü ali şüurlu, bütün yaranmışların əşrəfi sayan insanlar isə məhz, şəfa mənbəyi olan canlı qidaları “öldürüb” yeyirlər və bu əməllərinin bəlasını çəkirlər”.

“Ana Təbiət” Natural Gigiyena Mərkəzinin rəhbərinin sözlərinə görə, təkcə ağır xəstəliklər deyil – bütün münaqişələr, müharibələr, təbii fəlakətlər də “ölü” qidanın labüd və qaçılmaz nəticəsidir: “İnsan orqanizmini zəhərləyən və dəhşətli xəstəliklər törədən çörəyi, əti, yağı, duzlu pendiri, şirniyyatı, kofeni, çayı, kakaonu, spirtli içkiləri, papirosu, duzu və digər “ölü qidaları” tərgitməyi təqdir edirəm”. O, bunların əvəzində çiy suyu, meyvəni və tərəvəzi ikiəlli müdafiə etdiyini bildirir: “Bunlar mənə tükənmək bilməyən güc, sağlam düşüncə, saf əqidə və təmiz əxlaq bəxş edən zəngin mənbədir”. Qeyd edək ki, Ərşad Əzimzadə uzun illər bir neçə xəstəlikdən əziyyət çəkib, lakin dərmanla müalicə ona heç bir yardım etməyib, dediyinə görə, yalnız həyat tərzini dəyişəndən və düzgün qidalanmaya keçəndən sonra şəfa tapıb.

Nicat İntiqam

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here